Qiymətli oyuncaqlarını itirən “balaca şahzadə” – Makron

post-img

Fransa prezidenti Emmanuel Makronun təxribatları Şimali Atlantika Blokuna daxil olan ölkələr arasında əməlli-başlı parçalanmaya səbəb olub. Belə ki, bu ilin fevralında Makron Rusiya–Ukrayna silahlı münaqişəsində Qərbin bütün strategiyasının yenidən nəzərdən keçirilməsinə gətirib çıxaracaq Paris sammitinə yol açmaq üçün ABŞ prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şoltsla konfidensial danışıqlar aparıb. Makron həmsöhbətlərinə bildirib ki, Qərb müttəfiqləri Rusiya ilə bağlı “strateji qeyri-müəyyənlik” mövqeyini tutmalıdırlar, heç bir variantı, o cümlədən hərbi variantları istisna etməməlidirlər.

Bu, münaqişənin başlanğıcından bəri Bayden administrasiyasının tutdu­ğu mövqedən radikal dönüş demək idi. Vaşinqtonun balanslaşdırılmış və sına­nılmış yanaşması var. O, Moskvanı təx­ribata çəkə biləcək və hərbi əməliyyat­ların genişlənməsinə səbəb ola biləcək hərəkətlərdən qaçır. Makron isə əksinə, Qərbin qarşısında qoyulan “qırmızı xət­lər” adlanan sərhədləri ilə bağlı konkret­likdən imtina etmək və Kremli fərziyyələr və ehtimallar qurmağa məcbur etmək istəyirdi.

Bayden münaqişənin genişlənməsin­dən ehtiyat edərək, strategiyanın dəyiş­dirilməsinin zəruriliyini şübhə altına aldı. Şolts da həmçinin Makronun ideyasına qarşı çıxdı və bildirdi ki, bu müttəfiqlərin parçalanmasına səbəb olacaq və NA­TO-nu münaqişə tərəfinə çevirəcək. 

Fevral sammiti keçiriləndə, Fransa lideri Şolts və Ağ evin görüşə göndər­diyi dövlət katibinin Avropa və Avrasi­ya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen kimi digər rəsmilərdən yeni yanaşmaya etirazlar eşitdi. Lakin tədbirin sonunda keçirilən mətbuat konfransında Makron hərbi variantların, hətta NATO ölkələrindən qoşun göndərilməsinin də istisna edilməməsi lazım olduğunu söy­ləməklə müttəfiqlərini heyrətə saldı.

“The Wall Street Journal” nəşrinin müxbiri Fransa prezidentinin bu addımı­nı özünəməxsus şəkildə belə şərh edir: “Makron özünün nümayişkaranə itaətsiz­liyi ilə münaqişənin başlanğıcında olduğu göyərçindən, aparıcı qırğıya çevrilmə­sini tamamladı. Bundan əvvəl Fransa prezidenti Rusiya lideri Vladimir Putinlə dialoqun tərəfdarı kimi çıxış edir və xə­bərdarlıq edirdi ki, müttəfiqlər “Rusiyanı alçaltmasınlar”.

Politoloqlar qeyd edirlər ki, Makronun fikrincə, Ukraynadakı silahlı münaqişə Amerikanın təhlükəsizlik zəmanətlərinin etibarlılığının şübhə doğurduğu bir dün­yada Avropanın necə yaşaya biləcəyini göstərən lakmus kağızıdır. Fransa lide­rini artıq uzun müddətdir narahat edən əsas məsələ, guya Avropa ölkələri hərbi potensiallarını gücləndirməkdən imtina edəcəkləri təqdirdə, ABŞ və Çin kimi fövqəlgüclərin itaətkar vassalı olmaq ris­kini artırırlar. Müttəfiqlər tez-tez Makro­nun bu mövqe ilə özünü İkinci Dünya müharibəsindən sonra Fransaya rəhbər­lik edən və əfsanəvi müstəqil ruha malik olan Şarl de Qolla bənzətmək cəhdini ələ salırlar. 

Amma məsələ heç də Fransanın Uk­raynaya və özünün Avropa tərəfdaşlarına ürək yandırmasında, onların taleyi üçün narahat olmasında deyil. Əsas məsələ Rusiyanın Fransanı Afrikadakı koloni­yalarından məhrum etməsində əsas rol oynamasında və bununla da Makronun prezidenti olduğu dövlətin iqtisadi-siyasi elitasının illərlə soyub-taladığı ölkələrin əldən çıxmasındadır. Fransa indi əksər Avropa ölkələri ilə müqayisədə daha çə­tin iqtisadi durumdadır. “Daily Telegraph” nəşri yazır ki, Fransanın zəifləyən iqtisa­diyyatı bütün avrozonanı çökdürmək təh­lükəsi yaradır.

Ölkənin büdcə kəsirinə diqqət yetir­mək kifayətdir ki, prezident Makronun ölkə iqtisadiyyatının transformasiyası ilə bağlı irimiqyaslı layihəsinin iflasa uğra­dığı bəlli olsun. Üstəlik, Paris borcunu artırmağa davam edir və bununla da Avropada maliyyə böhranı ehtimalını ar­tırır. Makronun iqtisadiyyat sahəsindəki ambisiyalı layihələri kağız üzərində hey­rətamiz görünsə də, gerçəkdə tam iflasa uğradı. 

Fransanın 2023-cü ildə büdcə kəsiri ÜDM-in 5,5 faizini təşkil edib. Pande­miyadan sonrakı bərpaya, pensiya isla­hatlarının həyata keçirilməsinə və enerji sahəsinə subsidiyaların azaldılmasına baxmayaraq, ölkə balanslaşdırılmış nə­ticəyə hələ də yaxınlaşmayıb. BVF-nin proqnozlarına görə, Fransa iqtisadiyyatı bu il cəmi 0,9 faiz artacaq. Eyni zaman­da, dövlət xərclərinin səviyyəsi davam­lı şəkildə yüksək olaraq qalır. Üstəlik, Makronun müdafiəyə daha çox pul xərc­ləmək və doğum nisbətini artırmaq plan­larını nəzərə alsaq, xərclərin daha da böyüməsi ehtimal olunur. 

Paris nəinki vergiləri qaldırır, öz vətəndaşlarının sıxıb suyunu çıxarır, həm də dünyanın qalan hissəsindən aktiv şə­kildə borc alır. Artan borclar isə gec-tez qlobal investorları Fransa hökumətinin fiskal strategiyasının dayanıqlı olmadığı­na inandıra bilər. 

Bütün bunların bir kökü də məhz Fransanın Afrikada böyük gəlirlər gətirən koloniyalarından sürətlə məhrum olma­sındadır. “Redakted” “YouTube” kanalı­nın aparıcısı, tanınmış amerikalı jurnalist Kleyton Moris bunu öz şərhlərində ob­yektiv şəkildə belə qiymətləndirir: “Yox­sullaşan Fransa planeti Üçüncü Dünya müharibəsinə sürükləyir”.

Moris yazır: “Fransanın rifahı Afrika resurslarının “talanmasından” asılıdır və indi keçmiş müstəmləkələr Parisin əlal­tılarına qarşı üsyan ediblər. Makron Afri­kada Rusiyanın müqaviməti ilə qarşılaşıb və bu səbəbdən o, Moskvaya israrla Uk­raynaya qoşun göndərməklə hədə-qorxu gəlir. 

“Biz müharibə vəziyyətindəyik və təbii ki, bu, ən bariz şəkildə Qırmızı dənizdə - Rusiya ilə Fransa arasında özünü göstə­rir. Rusiya Fransanı hədələyir: “Əgər siz planlaşdırdığınız kimi Ukraynaya qoşun göndərsəniz, bu, Fransaya ölüm və da­ğıntı gətirəcək”. Bu onların sözləridir, mənim deyil”, – deyə jurnalist Makronun hiyləgər maskasını yırtır və onun siyasi demarşının əsl məramlarını üzə çıxarır. 

Həqiqət isə ondan ibarətdir ki, bu həftə Rusiya ilk dəfə olaraq Qırmızı də­nizə bir neçə iri hərbi gəmi göndərib. Bu, Fransaya və onun prezidenti Makrona birbaşa cavabdır.

Gəlin Qərbin siyasi hakimiyyətinin təzyiqi altında olan medianın işqılandır­madığı Afrikaya və onun tarixinə baxaq. Afrika bir çox nəsillər boyu Fransanın mülkiyyəti olub. Rəsmi Paris uzun onil­lər Afrika ölkələrinin zəngin təbii sərvət­lərini istismar edirdi. Fransanın müasir fövqəldövlət kimi mövcudluğu o zaman mümkündür ki, Afrikada uran, litium, qı­zıl, gümüş, qalay və qitənin digər qiymətli mineral ehtiyatlarını talaya bilsin. Əgər o, bu sərvətləri talaya bilmirsə, başını itirir, siyasi şizofreniya baş qaldırır. 

Reallıq ondan ibarətdir ki, Fransa urandan dünyanın hər hansı digər ölkə­sindən daha çox asılıdır, çünki bu, atom elektrik stansiyalarının yaganə yanacağı­dır. Fransanın elektrik enerjisinin demək olar ki, 70 faizi atom elektrik stansiyaları tərəfindən istehsal olunur və bu AES-lə­rin bütün uranı Afrikanın Niger əyalə­tindən oğurlanıb. Artıq bir neçə il əvvəl kolonial rejimin ilk çatları üzə çıxmağa başladı: keçmiş Fransa koloniyaların­da çevrilişlər oldu. Bu yaxınlarda Niger, Konqo və başqaları qəti şəkildə dedilər: “Biz Fransadan, ölkəmizi zorlamaq və Fransaya ucuz qiymətə minerallar gön­dərmək üçün qurduğunuz oyuncaq hö­kumətlərdən bezmişik. Ölkələrimizdən çıxın, mineral ehtiyatlarımızı bizə verin”.

Keçən il kolonial rejimdən bezən Afri­ka ölkələri demişdilər: “Fransanın uranı­mızı talamasını dayandırmaq üçün bizə hərbi yardım lazımdır”. Onlar əvvəllər Rusiya sahibkarı Priqojinin komandanlığı altında olan, “ÇVK Vaqner” kimi tanınan (Xüsusi Hərbi Kompaniya) Rusiyanın özəl hərbi şirkətini ödənişlə bu işə cəlb etdilər. Priqojin, əlbəttə ki, artıq ölüb. Amma “Vaqner”in minlərlə döyüşçüsü indi də Afrikada – Saheldəki Fransız qo­şunlarına birbaşa əks mövqedədirlər və onun kaloniyalarının yeni hökümətlərini təxribat və terrorlardan, hərbi çevrilişlər­dən müdafiə edirlər. 

Doğrudur, Fransa bəyan edir ki, on­lar “sərvətləri talamaq üçün deyil, sadə­cə olaraq terrorçuları dayandırmaq üçün buradadırlar!” Niger isə deyir: “Xeyr, bu, doğru deyil, siz bizim resurslarımızı tala­maq və oyuncaq hökumət qurmaq üçün buradasınız. Terrorçu dediyiniz adam­lar isə ölkəmizi qanunsuz işğal etməyin əleyhinədirlər”.

Bu günlərdə "Fransanın keçmiş müstəmləkə hakimiyyətindən ayrılacağı­nı" vəd edən namizəd Bassiru Diomau Fay Seneqalın yeni prezidenti seçildi. Seçkilər zamanı Fay ölkənin valyu­ta məzənnəsinin avroya bağlanması məsələsini öyrənəcəyini, Avropa firmala­rı ilə balıq istehsalı müqavilələrini, həmçi­nin Seneqalın ərazi sularında qaz hasilatı üzrə Aİ ilə müqavilələrə yenidən baxaca­ğını vəd edib.

Fransız və afrikalı şərhçilər Fayın se­çilməsinin “frankofoniyaya növbəti ölüm zərbəsi” olduğunu gizlətmirlər. Üstəlik, bu dəfə anti-Fransa əhvali-ruhiyyəsi hər­bi iğtişaşçılar tərəfindən deyil, demok­ratik yolla seçilmiş prezident tərəfindən nümayiş etdirilir. Bassiru Diomau Fay vurğulayır ki, o, Aİ və Fransa ilə "yeni tələbləri olan, münasibətlərdə daha çox bərabərlik və hörmət tələb edən" Afrika siyasətçilərinin yeni nəslini təmsil edir və əgər Paris bunu başa düşməsə, di­gər tərəfdaşların xeyrinə Afrikadan məc­buri şəkildə çıxarılacaq. “Neue Zürcher Zeitung” qeyd edir ki, Fay “təhlükəsizlik sahəsində Rusiya ilə əməkdaşlığı istisna etmədiyini” bildirib. 

Son 3 ildə Sudan, Çad, Burkina-Fa­so, Qvineya, Nigerdə baş verən inqilab­ların hamısı fransız müstəmləkəçiliyinin buxovlarını qırıb-atmaq istəyir. Bu region indi od içindədir və Fransa hər şeyini itir­mək üzrədir. Paris elə ona görə də özü­nü çox çılğın və qəzəbli aparır. Məhz bu üzdən son bir neçə həftə ərzində Makron Rusiyanı belə qəzəbli şəkildə təhdid edir, Fransa qoşunlarını Ukraynaya göndər­məklə hədələyir. 

“Redakted”in jurnalisti Kleyton Moris hadisələrin hansı sonluqla başa çataca­ğını da açıb göstərir: “Əgər Makron bu addımı atarsa, Rusiya prezidenti Putin Fransaya vəd etdiyi ölüm və dağıntını yaşatmaqdan zərrə qədər də çəkinməyə­cək”. Fransa, həqiqətən, itirdiklərindən o qədər qəzəblidir ki, bütün dünyanı müha­ribə alovuna bürüməkdən belə çəkinmir. 

Kleyton çıxışının sonunda ABŞ-a da üz tutur və deyir: “Yeri gəlmişkən, bunun Baltimordakı körpüyə kiberhücumla bitə­cəyini düşünürsünüz? Yox. Bu, ABŞ-a xəbərdarlıqdır: “Siz indicə Moskvada ter­ror aktının həyata keçirilməsinə kömək etdiniz...Əgər buna mane olmasaq, xaos yaranacaq”.

2007-2010-cu illərdə Nikola Sarkozi­nin dövründə Fransanın müdafiə naziri postunu tutan Herve Morin prezident Makronun hərəkətlərindən hiddətə gəl­diyini bildirib. O, respublika prezidentini təkəbbürdə ittiham edib və nüvə dövləti olan Rusiyaya qarşı təxribatların Fran­sanın təhlükəsizliyini riskə atdığını de­yib: “Niyə Aİ və NATO tərəfdaşlarımızı özümüzdən uzaqlaşdırmalıyıq, taktiki və strateji silahlara malik nüvə dövləti olan Rusiyaya meydan oxumalıyıq? – deyə Morin hiddətlə sual verir. Onun sözlərinə görə, Emmanuel Makron Avropa qoşun­larının Ukraynaya göndərilməsinin müm­künlüyü barədə danışanda özünü “uşaq kral” kimi aparıb və təkəbbürünü gizlədə bilməyib. Sanki bu “uşaq krala” “yeddi il ərzində saray əyanları ilə qaladan çıxma­ğa icazə verilməyib”. Fransa prezidenti Kremllə oyununda həddən artıq çoxlu kartlar üzə çıxarıb və bununla da “stra­teji qeyri-müəyyənlik” hərbi konsepsiyanı sarsıdıb”, – deyə Morin bildirib. 

Makron, həqiqətən, özünün son ad­dımları ilə “balaca şahzadə”yə daha çox bənzəyir, həm də daha çox qiymətli oyun­caqlarını itirən “prins”ə. Onun bu itkilər­dən sonrakı qəzəb, hiddət və təkəbbürü isə yaxşı bir nə vəd etmir. Azərbaycan­da gözəl bir zərb-məsələ var: “Sirkə çox tünd olsa, öz qabını çatladar”. Makron da ən yaxşı halda “Parisi partlada bilər”, – başqa heç nəyi.

İlqar RÜSTƏMOV
XQ

Dünya