Kiçik zəka ustasının hədəfi – böyük şahmat

post-img

Şahmat üzrə ilk dünya çempionu Vilhelm Steynitsin məşhur kəlamı var: Şahmat zəif ruhlu insanlar üçün deyil. Çünki şahmat oyundan çox zəka mü­barizəsidir. Bu yola isə ancaq güclülər davam edə bilər. Azərbaycanın 12 yaş­lı istedadlı şahmatçısı Xaqan Əhməd kimi... Dünya, Avropa çempionatları­nın mükafatçısı bu gün daha yüksək zirvələr fəth etmək üçün inamla irəlilə­yir.

Xaqan Əhməd şahmata böyük maraq olan ailədə doğulub. Atası uşaq yaşlarında şahmatla məşğul olub. Anası Kifayət xanımın dediyinə görə, şahmat həmişə stolun üstündə olub. İndi 15 yaşı olan böyük oğlu Ayxan ki­çik yaşlarından şahmatla məşğul olarkən, 4 yaşlı Xaqan öz “sözünü” deyib:

– Biz Ayxanla məşğul olarkən görürdük ki, Xaqan artıq kompüterdə şahmat oynama­ğa çalışır. Stolun üstündə kömpüterə boyu çatmadığından ayaqlarının ucunda min-bir əziyyətlə qalxaraq öz aləmində “vacib” ge­dişlər edir. Aylar keçdikcə başa düşdük ki, şahmat Xaqan üçün yalnız oyun deyil, həya­tın özüdür. 

Valideynləri 7 yaşlı uşağın şahmat ki­tablarını Azərbaycan dili ilə yanaşı, həm də rus dilində səbirlə oxuyaraq analiz etməsinə, saatlarla şahmat tapşırıqlarını yerinə yetirmə­sinə heyrətlə tamaşa ediblər. 

Kifayət xanım Xaqanın inadkar gediş­lərini xatırlayır: 

– Xaqanın çox möhkəm xarakteri var. Hələ 5-6 yaşda ikən uduzduğu oyunlara görə, 1 dəqiqə olsun belə peşmançılıq hiss etdirməzdi. Emosional olduğu qədər də, ina­dkardır. Saatlarla şahmat lövhəsi arxasında otururdu. Bir gediş üçün min-bir variant dü­şünürdü. 

Xaqanın çoxlu futbolçu dostları var. Məhəllədə tez-tez oynayırlar. Komandada oynamaq ona böyük zövq verir. Anasının de­diyinə görə, elə şahmat yarışlarında da, ko­manda oyunlarında qələbə onun üçün böyük motivasiyadır. Onu da öyrəndik ki, Xaqanın əkiz tayı da var. Amma bacısı Sona ilə tam fərqlidirlər. Birinin ürəyi fırtına qarışıq mü­barizə, digərininki isə həzin musiqi ilə döyü­nür. Sevimli bacısının pianoda ifalarını boş vaxtlarında dinləməyi çox sevir. 

Şəxsi məşqçiləri Rəsul İbrahimov və Orxan Abdulov Xaqanın gələcəyinə böyük ümidlər bəsləyirlər. O.Abdulov Xaqanın çox istedadlı və böyük perspektivləri olan şahmatçı olduğunu dedi: 

– Xaqan keçən il Avropa çempionu olub. Bacardığımız qədər onun şahmat biliklərini artırmağa çalışırıq. Azərbaycan Şahmat Fe­derasiyası da Xaqan Əhmədə dəstək verir. Bu, peşəkar idmandır. Şübhəsiz, əlavə spon­sor da lazımdır ki, daha yaxşı inkişaf edə bilsin. Xaqanın şahmat potensialı çox yük­səkdir. 

Rəsul İbrahimov Xaqanın indiyədək reytinqi 2400-dən yuxarı olan 10-dan çox beynəlxalq usta və qrossmeysterlər üzərində qələbə qazandığını dedi. O qeyd etdi ki, bu il üçün əsas hədəflərdən biri də beynəlxalq usta normasını yığmaqdır.

Haşiyə: Xaqan Əhməd Beynəlxalq Şah­mat Federasiyası Şahmat Akademiyasında dünya ölkələrindən seçilən istedadlı uşaq­lar üçün xüsusi təlimə cəlb olunub. Onlayn dərslərin yekununa əsasən, 450 yeniyetmə arasından xüsusi seçilən 13 yeniyetmə ilə əyani məşqlərdə iştirak üçün İspaniyanın Menorka şəhərinə dəvət olunan şahmatçımız Yudit Polqar və Artur Yusupov kimi tanınmış mütəxəssislərin təcrübələrindən yararlanır. 

Şahmatda olduğu kimi, həyatda da hər bir “gediş” vücibdir və bunun üçün mütləq hədəf olmalıdır. Kiçik zəka ustamız üçün isə əsas hədəf böyük şahmatdır. 

Leyla QURBANOVA
XQ















İdman