2024-cü il çox gərgin başladı. Dünyanın, demək olar ki, bütün regionlarında hərbi toqquşmalar baş verir, insanlar həlak olur, infrastruktur dağılır. İndi də İran ilə Pakistan arasında münasibətlərdə problem baş qaldırır.
İranın Pakistan ərazisinə endirdiyi hava zərbəsini İslamabad cavabsız qoymadı. Yanvarın 18-də səhər saatlarında Pakistanın adekvat addım atdığı bildirildi. İki İslam respublikası arasında münasibətlərin gərginləşməsi, əlbəttə ki, regional təhlükəsizliyə böyük təhdid kimi qiymətləndirilir.
Yanvarın 16-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu “Sepah” Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə zərbələr endirməsi günün əsas xəbərlərindən biri oldu. Rəsmi Tehran hədəfin oradakı “terror qruplaşmaları”nın olması ilə əlaqələndirdi. Həmin gün Pakistan Xarici İşlər Nazirliyi zərbələr nəticəsində iki uşağın həlak olduğunu, üç qız uşağının da yaralandığını təsdiqlədi. Bundan sonra rəsmi İslamabad İrandakı səfirini geri çağırmaq qərarını açıqladı. Pakistan XİN-nin bəyanatında, həmçinin qeyd olunurdu ki, yanvarın 16-da “İran tərəfindən Pakistanın suverenliyinin əsassız və açıq şəkildə pozulması beynəlxalq hüquq və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin pozulması anlamına gəlir”. Bəyanatda bildirilirdi ki, Pakistan bu qanunsuz hərəkətə cavab vermək hüququnu özündə saxlayır: “Nəticələrə görə, məsuliyyət tamamilə İranın üzərinə düşəcək”.
İslamabadın cavabı yanvarın 18-də gəldi. Dünən Pakistanın İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan vilayətinin Səravan rayonunun sərhəd kəndlərindən birinə bir neçə raket zərbəsi endirməsi məlum oldu. Pakistan İran ərazisinə zərbələr endirdiyini təsdiqlədi. Rəsmi İslamabad “terrorçuların sığınacaqlarına” hücum edildiyini bildirdi. Zərbələr nəticəsində həlak olanlar barədə Sistan və Bəlucistan vilayəti valisinin müavini Əlirza Mərhəməti məlumat verdi. O, üç qadının və dörd uşağın həlak olduğunu, zərbələrin raket və dronlardan istifadə edilməklə həyata keçirildiyini açıqladı.
Məsələ ondadır ki, İran–Pakistan sərhədinin hər iki tərəfində bəluc separatçıları fəaliyyət göstərir. Onlar həm Tehran, həm də İslamabad üçün başağrısıdır, belə olduğu təqdirdə, hər iki tərəf qarşılıqlı razılıq əsasında addım atmalıdır. Amma İranın zərbəsi hərbi əməliyyatın İslamabad ilə razılaşdırılmadığını göstərdi. Buna görə də, Pakistan adekvat cavab verməyə məcbur oldu. İndi iki ölkə arasında gərginliyin bununla yekunlaşacağına ümid etmək qalır. Gərginliyin davam etməi hər iki tərəfin marağına uyğun deyil. İslam dünyasında da İran–Pakistan və İran–İraq münasibətlərinin gərginləşməsindən narahatlıq ifadə olunur və gərginliyin qısa zamanda bitməsinin vacibliyi vurğulanır. Ərəb Liqasının baş katibi Əhməd Əbul-Qeyt İranın İraq ərazisinə endirdiyi son zərbələrini pislədi, həmçinin digər ölkələri “İraqı hesablaşma meydanına çevirməməyə” çağırdı. İslam liderləri gözəl anlayırlar ki, müsəlman ölkələrinin bir-birilərinə hərbi hücumları Yaxın Şərqdə müharibənin genişlənməsinə gətirib çıxara bilər.
Hələlik, hərbi əməliyyatların davam etdirilməsini göstərən ciddi hərəkətlilik görünmür. Düzdür, Pakistan ordusunun hazırlıq vəziyyətinə gətirilməsi barədə məlumatlar yayılır. Bundan başqa, müvəqqəti hökumətin Baş naziri Ənvar-ul-Haq Kakarın Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakını yarımçıq qoyaraq İslamabada qayıtması bildirilir. Amma bütün bu hərəkətliyin İranla Pakistan arasında hərbi toqquşmaların baş verəcəyinə olan ehtimalı gücləndirmir. Mütəxəssislərin əksəriyyəti belə düşünürlər ki, indiki gərginlik nə İrana, nə də Pakistana lazımdır. Münaqişənin böyüməsi regionun digər ölkələrinin də, ilk növbədə, Çinin maraqlarına uyğun deyil. Buna görə də, gərginliyin diplomatik danışıqlar vasitəsilə aradan qaldırılacağına inam böyükdür. Artıq Çin öz vasitəçiliyini təklif edir. Türkiyənin xarici işər naziri Hakan Fidanın da iranlı və pakistanlı həmkarları ilə danışıqlar apardığı bildirilir.
S.ELAY,
Q.KAZIMOV
XQ