Husilər qlobal ticarətə qarşı

post-img

Aparıcı gəmiçilik şirkətləri Yəmən husilərinin hücumlarına görə Qırmızı dənizdə yük daşımaqdan imtina edirlər. Mütəxəssislərin fikrincə, proses belə davam edərsə, gələn il dünya ticarəti ciddi itkilərlə üzləşəcək.

Yəmən husilərinin hücumlarının artma­sı səbəbindən Süveyş kanalı ilə konteyner daşımalarını dayandıran gəmiçilik şirkət­lərinin sayı artır. Dekabrın 16-da Fransanın CMA CGM nəqliyyat qrupu da sözügedən dəniz yolundan istifadə etməyəcəyini açıq­layıb. Qrup kommersiya gəmilərinə edilən hücumlardan narahat olduğunu, bölgədəki vəziyyətin “pisləşməkdə davam etdiyini və təhlükəsizlik narahatlıqlarının artdığını” bil­dirib. Qərar “sonrakı bildirişə qədər” qüvvə­də qalacaq. 

Bundan əvvəl oxşar qərar dünyanın ən böyük konteyner gəmilərinə malik İsveçrənin “Mediterranean Shipping Company” tərə­findən də verilmişdi. Şirkət bəzi gəmilərini Afrikanın cənubundakı Ümid burnu (Cənu­bi Afrikanın cənubunda, Kap yarımadasının cənubunda burun, Afrika qitəsinin ən ucqar cənub qərb nöqtəsidir-red.) ətrafındakı marş­rutlara yönləndirəcəyini bildirmişdi. Bir gün əvvəl Süveyş kanalı ilə daşımanı Danimarka­nın gəmiçilik və logistika şirkəti Moller-Ma­ersk Group və Almaniyanın Hapag-Lloyd şirkətləri də dayandırmışdılar. 

Xatırladaq ki, dekabrın 15-də husi üs­yançıları MSC Palatium III yük gəmisini ballistik raket ilə vurmuşdular. Şirkət ekipaj üzvlərinin xəsarət almadığını, lakin gəminin yanğına məruz qaldığını bildirmişdi. Bundan əvvəl Liberiya bayrağı altında üzən Al Jas­rah konteyner gəmisinə də hücum edilmişdi. Husilər deyirlər ki, onların hücumları İsrailin Qəzza zolağındakı hərbi əməliyyatına son qoymaq məqsədi daşıyır. Onlar daha əvvəl HƏMAS-ın nəzarətində olan eksklavda “İs­rail-Amerika təcavüzünə” cavab olaraq Qır­mızı dənizdəki istənilən İsrail gəmisinə hü­cum etmək niyyətlərini açıqlamışdılar.

“Financial Times” yazır ki, husilərin hərəkətləri, eləcə də digər əsas gəmiçilik kanalı olan Panama kanalında suyun səviy­yəsinin aşağı düşməsinə səbəb olan quraqlıq səbəbindən Milad bayramından əvvəl bütün dünyaya malların çatdırılması dayandırıla bilər. İxrac və Beynəlxalq Ticarət İnstitutu­nun baş direktoru Marko Forgionenin söz­lərinə görə, tədarük zəncirinin davamlılığı təmin olunmazsa, gələn il ərzində problemlər yaranacaq. “Associated Press” qeyd edir ki, qlobal ticarətin təxminən 10 faizi Qırmızı dənizdən keçir. Analitiklər yük daşımalarının qiymətinin bahalaşacağını gözləyirlər, çünki şirkətlər husilərin fəaliyyət zonasında yer­ləşən marşrutları ləğv edir, dolama yollarla daşıma isə daha çox vaxt aparır. 

Analitiklər deyirlər ki, böyük dövlətlər vəziyyətə təcili müdaxilə etməlidirlər, əks təqdirdə, qlobal ticarətin itkiləri artacaq. Bri­taniya hakimiyyəti artıq ticarət gəmiçiliyini qorumaq üçün bölgəyə esmines göndərəcək­lərini açıqlayıb. Almaniyada da freqatın gön­dərilməsi imkanları araşdırılır. ABŞ-ın da hu­silərin hərbi hədəflərinə cavab verə biləcəyi vurğulanır.

S.ELAY
XQ

Dünya