Keçmiş Yuqoslaviyanın ən böyük respublikası olan Serbiyanın Avropa İttifaqının (Aİ) rəhbərliyi ilə münasibətlərində fikir ayrılıqları mövcuddur. Bu səbəbdən ölkədə son bazar günü keçirilən parlament və bələdiyyə seçkiləri qitənin diqqət mərkəzində idi.
Qeyd edək ki, 8 milyona yaxın əhalisi olan Serbiyada 6 milyondan çox insan səsvermə hüququna malikdir. Səsvermə günü əhalinin seçki fəallığı 51,93 faiz təşkil edib. Bu, “Köhnə qitə” üçün məqbul göstərici hesab olunur.
İlkin nəticələrə görə, “Aleksandar Vuçiç –Serbiya dayanmamalıdır” koalisiyası ümumi səslərin 47,21 faizini toplayıb. “Serbiya zorakılığa qarşı” müxalifət bloku 22,9 faiz səslə ikinci, “İvitsa Daçiç – Serbiyanın baş naziri” koalisiyası 6,67 faiz nəticə ilə üçüncü yeri tutub.
Seçicilər Xalq Məclisinin (birpalatalı parlament) 250 üzvünü dörd il müddətinə, habelə Belqrad və Voyvodina Muxtar Vilayəti də daxil olmaqla 65 şəhər bələdiyyəsinin üzvlərini seçiblər. Əvvəlki seçkilərdə iqtidar koalisiyası daha yüksək nəticə əldə etmişdi. Buna baxmayaraq, budəfəki seçkilərin nəticələri də hakim partiya üçün kifayət qədər uğurlu hesab edilə bilər.
Serbiya Seçki Komissiyasının (RSK) sədri Vladimir Dimitriyeviç dünən yerli və xarici media təmsilçilərinə açıqlamasında bildirib ki, seçkilərin son nəticələri dekabrın 21-də elan edilməlidir. Ekspertlər nəticələrdə yalnız cüzi dəyişikliklərin ola biləcəyini düşünürlər.
Beləliklə, Serbiyanın hazırkı Prezidenti Aleksandr Vuçiçin Serb Tərəqqi Partiyası son parlament seçkilərində növbəti dəfə parlaq qələbə qazanıb. Bu uğurda Avropada xarizmatik siyasətçilərdən sayılan A.Vuçiçin böyük əməyi olub. Belə ki, o, 44 günlük seçkiqabağı kampaniya ərzində ölkənin təkcə milli televiziya kanallarında 45 dəfə çıxış edib və əhalini iqtidarın siyasətini dəstəkləməyə çağırıb.
Vuçiçin partiyası ilə rəqabət aparan blok “Serbiya zorakılığa qarşı” adlanır. Bu, liberal, sosial-demokrat və ekoloji partiyaların koalisiyasıdır. Bu bloka daxil olan Miloş Yovanoviç və Boşko Obradoviç rəhbərlik etdiyi millətçi partiyalar anti-Qərb mövqeyi ilə seçilirlər. Lakin Miloş Yovanoviç seçkilərdən sonra liberal blokla əməkdaşlığa hazırdır, digər millətçi kəsim isə müxalif bloka qarşıdır.
Xatırladaq ki, Serbiyanın Aİ ilə münasibətləri kifayət qədər gərgindir. Aİ rəhbərliyi rəsmi Belqradı Kosovo ilə münasibətləri normallaşdırmağa (yəni bu dövləti tanımağa – M.H) çağırır. Brüsseldə açıq-aşkar bildirirlər ki, Serbiyanı yalnız bundan sonra Aİ üzvlüyünə qəbul etməyə hazırdırlar.
Aİ üzvlüyünə namizədlik məsələsi son seçkiqabağı kampaniya zamanı gündəmdə olub. Təsadüfi deyil ki, Prezident Vuçiç dünən parlament seçkilərindən sonra ölkənin Avropa Birliyinə gedən yolunu davam etdirəcəyini və Kosovo və Metohiya ilə bağlı güzəştlərlə danışıqlar aparacağını gözlədiyini bildirib. “Gazeta.ru” xəbər verir ki, o, bu barədə koalisiyanın qərargahında məlumat verib.
Vuçiçin dediyinə görə, Serbiya çətin dövrlə üzləşəcək, Belqrad Avropa yolunu davam etdirməli olacaq: “Priştina (Kosovo) ilə çətin danışıqlar və güzəştlər olacaq, lakin biz həmişə Serbiyanın ərazisinin bir hissəsi kimi Kosovonu və Metoxiyanı qoruyacağıq”.
Sonda bildirək ki, son bir il ərzində Serbiya ilə Kosovo arasında gərginlik xeyli artıb. Lakin tərəflər gərginliyi azaltmaqda maraqlı görünürlər. Belə ki, Serbiya və Kosovo rəsmiləri hazırda ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənən və Fransa–Almaniya Planı kimi tanınan konsepsiya üzrə danışıqlar aparır.
M.HACIXANLI
XQ