Uran bahalaşacaqmı?

post-img

ABŞ Rusiyadan idxala qadağa qoydu

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya mənşəli az səviyyədə zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun layihəsini təsdiqləyib. “The Hill” xəbər verir ki, məhdudiyyət həm demokratlar, həm də respublikaçılar tərəfindən dəstəklənib. Bəs bundan sonra ABŞ uransız nüvə texnologiyalarını necə inkişaf etdirəcək?

Sənəd qanunun qüvvəyə minmə­sindən 90 gün sonra az səviyyədə zən­ginləşdirilmiş uranın idxalına qadağanın tətbiqini nəzərdə tutur. Layihə ABŞ Se­natı və Prezident Co Bayden tərəfindən təsdiqlənməlidir. Qanun nüvə reaktorla­rının işini dəstəkləmək üçün başqa uran mənbələri olmadığı təqdirdə qadağanın ləğvinə icazə verir. ABŞ Energetika Na­zirliyi Dövlət Katibi və Xəzinədarlıq Kati­bi ilə məsləhətləşərək idxal icazəsi verə bilər. Qadağa 2040-cı ilin sonuna qədər davam edəcək.

ABŞ-da elektrik stansiyalarında isti­fadə olunan uranın böyük hissəsi xaric­dən gətirilir. ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının məlumatına görə, tədarükün, təxminən, 12 faizi Rusiyanın payına düşür. Dövlət katibinin nüvə enerjisi üzrə köməkçisi Ketrin Haff bildirib ki, ABŞ-ın Rusiya nüvə yanacağından asılılığı milli təhlükəsizliyə kritik təhlükə yaradır. Respublikaçıların nümayəndəsi Keti MakMorris-Rogers isə ABŞ-ın Rusiya uran tədarükündən asılılığını “təhlükəsizliyimiz üçün ən ak­tual təhdidlərdən biri” adlandırıb. Konq­resmen MakMorris-Rogersin sözlərinə görə, təkcə 2022-ci ildə Rusiyanın dövlət korporasiyası “Rosatom” və onun törəmə şirkətləri uran üçün ABŞ-dan 800 milyon dollardan çox vəsait alıb. 

Ağ Ev də qanunvericilərlə həmfikir ol­duğunu vurğulayır. Co Bayden hökuməti bəyan edib ki, uranın zənginləşdirilməsi imkanlarının artırılması milli təhlükəsiz­lik prioritetidir, çünki Rusiyadan “asılı­lıq” ABŞ iqtisadiyyatı üçün risk yaradır. ABŞ-ın uran idxalında Rusiyanın payı 30 faizdən çoxdur. Buna görə də, ABŞ prezidenti Co Bayden Konqresdən enerji təhlükəsizliyinin gücləndirilməsi üçün 6 milyard dollar, o cümlədən uranın zəngin­ləşdirilməsi potensialının artırılması üçün 2,2 milyard dollar ayırmağı xahiş edib. Ağ Evin məsələ ilə bağlı hələ avqust ayında açıqladığı məlumatda bildirilirdi ki, əgər tədbir görülməsə, Rusiya ABŞ-ın müttə­fiqləri və tərəfdaşlarının zərərinə uyğun olaraq qlobal uran bazarına nəzarəti da­vam etdirəcək: “Bu təşəbbüsün uğurlu olması üçün Rusiya Federasiyasından zənginləşdirilmiş uran məhsullarının ABŞ-a idxalına da uzunmüddətli qadağa tətbiq etmək lazımdır”. 

Rusiya-Ukrayna müharibəsinin baş­lanmasından sonra ABŞ Rusiya iqtisa­diyyatının əksər sektorlarına qarşı sank­siyalar tətbiq edib. Lakin uranın ixracı məhdudiyyətlərə məruz qalmayıb. 2023-cü ilin birinci yarısının sonunda ABŞ Ru­siyadan 696,5 milyon dollar məbləğində 416 ton uran alıb ki, bu da 2002-ci ildən bəri maksimum dəyərdir. İl ərzində təda­rükün dəyəri 2,5 dəfə artıb, Rusiyanın Amerika uran idxalında payı isə 32 faizə çatıb. Rusiyadan əlavə, ABŞ Böyük Bri­taniyadan uran alışını 28 faiz artıraraq radioaktiv məhsula 383,1 milyon dollar ödəyib. Birləşmiş Ştatlara ən çox uran satan ölkə fransa olub. 2022-ci ildə Paris ABŞ-a 319 milyon dollar dəyərində uran satıb. Ən böyük tədarükçülər beşliyinə Almaniya (277 milyon dollar) və Kanada (247,5 milyon dollar) daxildir. 

İyunun ortalarında “The New York Times” qəzeti ABŞ-ın Rusiya ilə iqtisadi əlaqələri kəsmək istəyinə baxmayaraq, Vaşinqtonun Moskvadan zənginləşdi­rilmiş uran almağa davam etdiyini yaz­mışdı. Nəşrin məlumatına görə, Amerika şirkətləri ABŞ-da emissiyasız enerjinin yarıdan çoxunu istehsal edən Rusiya yanacağı üçün təxminən 1 milyard dol­lar ödəyir. Qəzet qeyd edirdi ki, uran is­tehsalında Rusiyanın Rosatom şirkəti ilə rəqabətə başlamaq üçün ABŞ-a on ildən çox vaxt lazımdır. “Bloomberg” Rusiya uranına qoyulan qadağaya görə bu növ yanacağın qiymətinin 20 faiz arta biləcə­yini ehtimal edir. Bu da Vaşinqtona uran bazarında mövqelərinin gücləndirməyə mane ola bilər. Hazırda birjalarda təbii uranın fyuçers qiyməti 83 dollardır. “S&P Global Commodity Insights” şirkətinin məlumatına görə, qiymət artımının əsas səbəbi maliyyə fondları tərəfindən uranın alınmasıdır. Digər amillərə məhdud təc­hizat, həmçinin Rusiya və Nigerdən uran tədarükünə təsir edə biləcək geosiyasi risklər də daxildir.

Ancaq Rusiya ABŞ-dan fərqli olaraq uran idxalına məhdudiyyət qoymayacaq. Rusiya xarici işlər nazirinin müavini Ser­gey Ryabkov bildirib ki, Moskva ABŞ-a nüvə yanacağının ixracına qadağa qoy­mağı düşünmür. “Rosatom”un məluma­tına görə, 2022-ci ildə dünyada uran is­tehsalı 6 faiz artaraq 50,4 min tona çatıb. Eyni zamanda, UxC hesablamalarına görə, ötən il urana qlobal tələbat 63,5 min ton, kommersiya və strateji ehtiyat­ların formalaşması nəzərə alınmaqla isə 74,3 min ton təşkil edib.

S.ELAY
XQ

Dünya