Burada aparılan nəhəng quruculuq dövlətin gücünü, insanların yurd sevgisini nümayiş etdirir
II YAZI
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq qələbə nəticəsində azadlığına qovuşan digər ərazilərimizdə olduğu kimi, Füzuliyə də yeni nəfəs gəlib. İllərdir düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu yerlər indi geniş tikinti meydançasına çevrilib. Böyük Qayıdış Proqramı çərçivəsində qısa müddətdə Füzuli şəhərində 333 ailə olmaqla, 1186 nəfərin daimi məskunlaşması təmin edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura davamlı səfərləri zamanı bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi bu istiqamətdə reallaşdırılan tədbirlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasını şərtləndirir.
Yeri gəlmişkən, ötən yazımızda bu məsələyə geniş yer vermiş, eyni zamanda, Füzuli şəhərində məskunlaşmanın hissə-hissə həyata keçirildiyini, növbəti köç karvanının isə dekabrın 7-də gerçəkləşdiyini, 25 ailənin dogma torpaqlarında qarşılanması və açarların təqdim olunması mərasimində iştirak etdiyimizi bildirmiş, habelə onların bir neçəsinin yurda dönüş təəssüratını diqqətə çatdırmışdıq. Bu qeydlərimizin əvvəlində də bir neçə keçmiş məcburi köçkün soydaşımızın Vətənlə bağlı duyğularını oxucularla bölüşməyi məqsədəuyğun bildik.
Rima İbrahimova:
– 30 yaşımda düşmənin didərgin saldığı dogma Füzuliyə bu gün 57 yaşımda qayıtmışam. Bu illər ərzində Binə qəsəbəsindəki yataqxanada yaşamışam. Amma indi burada, doğulub boya-başa çatdığım bu şəhərdə özümü xoşbəxt sanıram. Buna görə də çox sevinirəm, hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Ən ağır günlərdə keçmiş məcburi köçkünlərə diqqət və qayğısını əsirgəməyən dövlətimizə, bizə qələbə sevincini yaşadan Prezident İlham Əliyevə minnətdarlığımı bildirir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Xatın Şirinova:
– Mən bura gələndək Qaradağ rayonunun Sahil qəsəbəsindəki yataqxanada məskunlaşmışdım. Amma artıq məcburi köçkünlük həyatım sona çatıb, uzun illər ayrı düşdüyüm doğma yurduma qayıtmışam. 64 yaşımda doğulub boya-başa çatdığım Füzuli şəhərinə məni qovuşduran dövlətimizin başçısına, qəhrəman Azərbaycan Ordusuna ehtiramımı çatdırır, qazilərimizin, şəhidlərimizin qəhrəmanlığını isə heç zaman unutmayacağam.
Anar Hüseynov:
– Ev-eşiyim bir kənara, uşaqlıq və gəncliyimi burada qoyub getməyə məcbur qaldım. 25 il qarajda yaşadım, dövlət tərəfindən Bakıda məcburi kökünlər üçün salınan şəhərciklərdən ev verilsə də, qəbul etmədim. Füzuliyə qayıda bilməsəm, elə bu qarajda öləcəm deyə and içdim. Çünki hər çür şəraiti olan imarətdə yaşasam belə Füzulidəki evimin yerini verə bilməyəcəyini yaxşı bilirdim.
Füzulinin işğaldan azad olunması xəbərini mənə kim versə, qarşısında diz çöküb ayaqlarından öpəcəm demişdim. Bu şad xəbəri isə anamdan eşitmək qismətini yaşadım. Heç vaxt elə ağlamamışdım. Anamın qarşısında diz çöküb ayaqlarından öpdüm. Füzuliyə qayıdacaq ilk ailələrdən olacağımızı eşidəndə isə çox sevindim. Ali Baş Komandanımız başda olmaqla bizə bu sevinci yaşadan Azərbaycan Ordusuna, əsgərlərimizə minnətdaram. Allahdan şəhidlərimizə rəhmət diləyir, bu yolda sağlamlığından keçən qazilərimizə şəfa arzulayıram.
Eldəniz Mehraliyev:
– Ali Baş Komandan İlham Əliyevın rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından azad etdi və ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu. Məhz bu tarixi qələbənin nəticəsidir ki, bu gün biz doğma yerlərə qayıdırıq. Ailəmlə birlikdə bu gün çox sevincliyik.
Ötən illər ərzində torpaqlarımızın azad olunacağına, mütləq qələbə qazanacağımıza daim inanmışam, ümidli olmuşam. Şükürlər olun ki, 30 ildən sonra ailəmlə birgə zəfər sevincini yaşadım.
İndi bax, burada, bu yeni qurulan şəhərdən baxanda düşmənin vəhşiliyi–köhnə yurd yerinin xarabalıqları görünür. Bəli, bir tərəfdə xarabalığa çevrilən, digər tərəfdə isə yenidən qurulan və gözəlləşən Füzuli var. Həmin viran qalan yurd yerində indi acılı və dəhşət dolu günlər yaşadığımı xatırlayanda kövrəlirəm. Elə bilirəm ki, sanki 30 il əvvəlki vaxtdayam. Amma yeni inşa edilən binaları, tikinti meydançasını, həmçinin burada yaradılan şəraiti və gündən-günə canlanan şəhəri görəndə keçmişdən ayrılıb, ümid dolu gələcəyə baxıram. Ürəyim açılır və ölkəmlə, xalqımla, dövlətimlə qürur duyuram.
Müsahiblərimizin dediklərinə əlavə edək ki, işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, vacib infrastruktur layihələri həyata keçirilir. Eyni zamanda, keçmiş məcburi köçkünlərin Böyük Qayıdış Proqramı çərçivəsində dədə-baba yurdlarına qayıdışı da gerçəkləşdirilir. Xatırladaq ki, 2026-cı ilin sonunadək 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura geri dönməsi nəzərdə tutulur.
Düşməndən təmizlənən digər yaşayış sahələrində olduğu kimi, Füzuli şəhərində də də genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, rayonun kənd və qəsəbələrinin yenidən qurulması ilə bağlı müəyyən layihələr reallaşdırılır, avtomobil və dəmir yolları çəkilir.
Prezident İlham Əliyevin bu il oktyabrın 16-da Füzuli rayonuna səfəri zamanı ikinci və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, inzibati binanın, idman kompleksinin, Cuvarlı və Qoçəhmədli kəndlərinin təməlini atması, Ağdam–Füzuli avtomobil yolunun tikintisi ilə tanış olması bölgənin sürətlə dirçəldilməsi istiqamətində fasiləsiz işlərin görüldüyünü göstərir.
Yeri gəlmişkən, Füzuli şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Dövlətimizin başçısı tərəfindən təməli qoyulan ikinci yaşayış kompleksinin çoxfunksiyalı zonada yerləşən iki ərazidə qurulması planlaşdırılıb. Ümumilikdə, 2288 nəfər üçün nəzərdə tutulan kompleks üçün 9 hektardan çox ərazi ayrılıb.
İkinci yaşayış kompleksində, ümumilikdə, 653 mənzildən 13-ü birotaqlı, 209-u ikiotaqlı, 281-i üçotaqlı, 150-si dördotaqlı olacaq. Üçüncü yaşayış kompleksinin inşası isə 12 hektardan çox torpaq sahəsində aparılacaq. Burada tikiləcək 863 mənzildə isə 3022 nəfər yaşayacaq.
Hər iki yaşayış kompleksindəki binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək. Binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin olunacaq. İstilik və isti su təchizatı mərkəzləşdirilmiş qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq.
Prezident İlham Əliyevin iştirakı ilə bu il oktyabrın 16-da təməli qoyulan uşaq bağçası 2,4 hektar sahədə inşa ediləcək. Layihəyə əsasən, uşaq bağçası üçün əsas bina, oyun zonası, avtodayanacaq və texniki zona yaradılacaq. Məktəbəqədər təhsil müəssisəsinin ikimərtəbəli binasında qrup, inzibati, texniki və tibb otaqları, idman və musiqi zalları, mətbəx olacaq. Burada uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün hər cür şərait təmin ediləcək. Uşaq bağçasının həyətində oyun meydançaları salınacaq və digər zəruri infrastruktur yaradılacaq.
Füzuli şəhərində təməli qoyulan inzibati bina üçün isə 12 hektardan çox sahə ayrılıb. İnzibati binanın tikintisinin 4,4 hektardan çox ərazidə aparılması planlaşdırılıb. Eyni zamanda, burada parad meydanı və parkın da salınması qərara alınıb.
Rayonun kəndləri yenidən qurulur
Füzuli şəhərində yaşayış məhəllələrinin salınması ilə yanaşı, rayon ərazisində 10 kəndin bərpası da nəzərdə tutulur. Eyni zamanda, 2026-cı ilin sonuna qədər Füzulinin yaşayış sahələrində 22 min nəfərin yaşaması planlaşdırılır.
Rayonun kəndlərinin tarixi ənənələr yaşadılmaqla müasir üslubda inşa edilməsi qərara alınıb. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunan ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidovun bildirdiyinə görə, bu il oktyabrın 16-da təməli qoyulan Cuvarlı kəndinin yenidən bərpası 115 hektar sahədə layihələndirilib. Kəndə 1697 nəfərin köçürülməsi, 291 fərdi evin və 2-4 mərtəbəli 21 yaşayış binasının tikilməsi planlaşdırılıb.
Kəndin bərpasının birinci mərhələsində 28,1 hektarda 129 fərdi ev tikiləcək. Bu dövrdə yaşayış məntəqəsində 129 ailə–508 nəfər məskunlaşdırılacaq. Kənddə çoxfunksiyalı inzibati bina, Bayraq meydanı, kafe-restoran, mərasim evi, çörək sexi, aptek, idman klubu, ailə-sağlamlıq mərkəzi, 312 şagird yerlik orta məktəb, 50 yerlik uşaq bağçası və digər sosial obyektlər inşa olunacaq.
Prezident İlham Əliyevin iştirakı ilə bu il oktyabrın 16-da təməli qoyulan Qoçəhmədli kəndinin layihələndirilən ümumi ərazisi isə 94,62 hektardır. Bu yaşayış sahəsinə məskunlaşma zamanı 1364 nəfərin köçürülməsi nəzərdə tutulur. Kənddə 341 fərdi evin tikilməsi planlaşdırılır.
Qoçəhmədli kəndində birinci mərhələdə 204 fərdi evin inşası üçün 18,1 hektar torpaq sahəsi ayrılıb və bərpa layihələri yekunlaşandan sonra yaşayış məntəqəsinə 204 ailə olmaqla 710 nəfərin köçürülməsi planlaşdırılıb. Eyni zamanda, Qoçəhmədlidə müxtəlif inzibati binaların, 264 şagird yerlik məktəbin, 25 yerlik uşaq bağçasının, Bayraq meydanının, ticarət obyektlərinin tikintisinin də aparılması qərara alınıb.
Onu da qeyd edək ki, hər iki kəndin– Cuvarlı və Qoçəhmədlinin tarixi ənənələri qorunmaqla müasir üslubda layihələndirilib. Bu yaşayış sahələrində də enerjiyə qənaət məqsədilə alternativ enerjidən istifadə olunacağı və istilik tutumlu evlərin tikiləcəyi nəzərdə tutulub.
Prezident İlham Əliyevin cari il noyabrın 8-də rayonda Qarğabazar kəndinin təməlini qoyması ilə bu yaşayış sahəsində də bərpa-quruculuq işlərinə başlanılıb.
Füzuli Beynəlxalq Hava Limanından 10 kilometr məsafədə, rayonun cənub-qərbində yerləşən kəndin inzibati ərazisinə Yal-Pirəhmədi və Sərdarlı kəndləri də daxildir. Qarğabazar kəndinin layihələndirilən ümumi ərazisi 152,6 hektardır. 2 min nəfərin köçürülməsi nəzərdə tutulan kənddə, ümumilikdə, 527 fərdi evin tikilməsi planlaşdırılır.
Qarğabazarın inşasının birinci mərhələsində 181 fərdi evin tikilməsi üçün 35,5 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə yaşayış məntəqəsinə 181 ailənin – 629 nəfərin köçürülməsi planlaşdırılıb. Bundan başqa, kənddə inzibati binanın, 384 şagird yerlik orta məktəbin, 128 yerlik uşaq bağçasının, kitabxananın və digər sosial obyektlərin tikintisi də nəzərdə tutulub. Kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət etmək məqsədilə alternativ enerjidən istifadə və istilik tutumlu evlərin inşası nəzərdə tutulub.
Kənddə tarixi memarlıq abidələri – Şah Abbas karvansarası və Şah Abbas məscidi də bərpa olunacaq. Qarğabazar kəndi Şəki–Qarabağ–Hindistan ipək ticarəti yolu üzərində yerləşdiyindən bu yoldan istifadə edən tacirlər uzun yolun yorğunluğunu çıxarmaq üçün Qarğabazar karvansarasında gecələyirdilər. Qarabağın ən qədim məscidlərindən olan, 1684-cü ildə inşa edilən Şah Abbas məscidi el arasında Hacı Qiyasəddin məscidi kimi də tanınır.
Yol infrastrukturu da müasirləşdirilir
Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yolların yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur.
Ölkə rəhbərinin Qarabağ və Şərqi Zəngəzurla bağlı imzaladığı sərəncamlar da yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Təbii ki, avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır. Bu amil işğaldan azad edilən ərazilərdə istər magistral, istərsə də rayon, kənd və qəsəbələrarası avtomobil yolları layihələrinin icrası zamanı da diqqətdə saxlanılır.
Prezident İlham Əliyevin bu il Füzuli rayonuna sonuncu səfərin zamanı Ağdam–Füzuli avtomobil yolunun tikintisi ilə tanış olması da qeyd edilən fikrin bariz ifadəsidir.
Xatırladaq ki, 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam etdirilən adıçəkilən avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilən rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biridir. Bərdə-Ağdam avtomobil magistralının davamı olan bu yol Ağdam, Ağcabədi və Füzuli rayonlarının ərazisindən keçir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında bildirilir ki, uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək magistral 4 hərəkət zolaqlı olmaqla, birinci texniki dərəcəyə uyğun salınır. Yol üzərində tikilən 5 körpünün, 2 yolötürücünün tikintisi, yol əsasının inşası bitən hissələrdə isə asfalt-beton örtüyünün döşənməsi işləri sürətlə davam etdirilir.
Magistralın istifadəyə verilməsi ilə Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəliş təmin ediləcək, eyni zamanda, düşməndən təmizlənən rayon və kəndlərin sosial-iqtisadi inkişafına mühüm təsir göstərəcək.
***
Füzulinin bərpa-quruculuq layihələrindən danışarkən, onu da deyək ki, düşməndən təmizlənən ərazilərdə ilk idman kompleksinin də artıq bu rayonda tikilməsinə başlanılıb. Belə bir infrastrukturun inşa olunacağı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da nəzərdə tutulub. Ümumi sahəsi 17 hektar olan kompleksin baş planına əsasən, burada 200 yerlik tamaşaçı tribunası olan basketbol, voleybol, həndbol, badminton, minifutbol məşqlərinin və yarışların, eyni zamanda, idmanın müxtəlif növləri üzrə turnirlərin keçirilməsinə imkan verən universal zalın inşası planlaşdırılıb.
Məşğulluq probleminin həlli diqqətdə saxlanılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Füzuli şəhərində əmək yarmarkası keçirib.
Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbdə reallaşan məşğulluq tədbiri şəhərə köçürülən sakinlərin sosial şəraitinin yaxşılaşdırılması məqsədi daşıyıb. Dövlət və özəl sektordan olan və Füzulidə fəaliyyət göstərən 20 işəgötürənin iştirak etdiyi tədbirdə müxtəlif istiqamətlər üzrə 200-ə yaxın vakansiya təqdim edilib.
Yarmarkaya qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Həmçinin, iştirakçılara Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib.
Daha sonra yarmarkada iştirak edən işəgötürənlərlə işğaldan azad olunan ərazilərdə görülən işlər və birgə əməkdaşlıq məsələlərinin müzakirəsinə dair görüş keçirilib. İşəgötürənlərə Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti, məşğulluq tədbirləri, Füzuliyə köçürülən sakinlərin məşğulluqlarının təmini istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.
Bildirilib ki, artıq şəhərdə məskunlaşdırılan 258 ailənin üzvlərinin məlumatları təhlil olunub, əmək qabiliyyətli şəxslərin məşğulluq imkanları qiymətləndirilib və məşğulluq tədbirlərinin cəlbinə başlanılıb. Artıq 73 nəfər münasib işlə təmin edilib.
Beləliklə, Füzuliyə səfər zamanı müşahidə etdiklərimiz deməyə əsas verir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu və qətiyyətli siyasət, işğaldan azad olunan ərazilərdə fasiləsiz davam etdirilən quruculuq layihələri Qarabağ və Şərqi Zəngəzurun hər bir guşəsi kimi, Füzulini də tezliklə cənnətə çevirəcək.
Vaqif BAYRAMOV,
Səbuhi MƏMMƏDOV
XQ
Bakı – Füzuli – Bakı





