Prezident Zelenski isə Vaşinqtonda səfərdədir
Bu günlər Rusiya-Ukrayna cəbhəsinin bütün təmas xətti boyu ağır döyüşlər gedir. Döyüşlərin ən qaynar nöqtəsi Donetskdən 20 kilometr aralıda yerləşən Avdeyevka şəhəri və ətrafı hesab olunur. Son günlər burada Rusiya hərbçilərinin fəallaşdığı hiss olunur.
Ukrayna ordusunun sözçüsü bildirib ki, “Avdeyevka istiqamətində hücumlar zamanı ruslar “kamikadze” pilotsuz uçuş aparatlardan və təyyarələrdən geniş istifadə edirlər. Hər iki tərəfdən çox sayda itkilər var.
Qeyd etmək lazımdır ki, Rusiya tərəfi Avdeyevka uğrunda döyüşlərdə yeni taktikadan istifadə edir. Belə ki, qurudan zirehli maşınların və havadan aviasiyanın dəstəyilə döyüşə əsasən kiçik qruplar göndərilir. Məqsəd böyük əsgəri itkilərin qarşısını almaqdır.
Dünən Rusiya silahlı qüvvələri ərazidə yenidən hücum əməliyyatlarını bərpa ediblər. Belə ki, ruslar Avdeyevkada bir neçə yeni məhəlləni ələ keçiriblər. Bəzi təhlilçilər Ukraynanın hərbi ehtiyatlarının tezliklə tükənəcəyini iddia edirlər.
Fakt budur ki, Rusiya-Ukrayna müharibəsi artıq 20 aydır ki, davam edir. Qərbin bəzi dairələrində tərəflərə atəşkəslə bağlı çağırışlar artır. Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsi də gündəmdədir.
Qeyd edək ki, bu ilin noyabrında Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına üzvlük yolunda irəliləyiş əldə etməsinə dair hesabat yayıb. Sənəddə Kiyevlə üzvlüklə bağlı danışıqlara başlamaq tövsiyəsi yer alıb.
Belə bir qərar üçün Aİ-yə üzv olan bütün dövlətlərin razılığı lazımdır. Məsələ dekabrın 14-15-də bloka daxil olan ölkələrin liderlərinin sammitində müzakirə olunacaq. Üzv ölkələrin böyük əksəriyyəti Ukraynanı Aİ sıralarında görmək istəyir. Lakin bunun əleyhinə çıxan ölkələr də var.
Məsələn, Macarıstan Ukraynanın Aİ-yə daxil olması və yardım ayrılması ilə bağlı danışıqların əleyhinədir. İki gün əvvəl bu məsələni Ukrayna və Macarıstan liderləri telefonla yenidən müzakirə ediblər. Onların ümumi razılığa gəlib-gəlmədiyi bəlli deyil.
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Avropa İttifaqı (Aİ) liderlərinin Kiyevin quruma üzvlüyü ilə bağlı danışıqlara “yaşıl işıq” yandırmaqdan mümkün imtinasını həm Ukrayna, həm də Aİ-nin özü üçün dağıdıcı olacağını açıqlayıb. Nazir xatırladıb ki, Ukrayna xalqı təkcə özü üçün deyil, Avropa və bütün dünya üçün vuruşur.
Yeri gəlmişkən, dekabrın 11-də Ukrayna Prezidenti Volodimir Zelenski Ağ evin hazırkı sahibi Co Baydenin dəvətilə Vaşinqtona yola düşüb. Dünən Ukrayna lideri ABŞ müdafiə naziri Lloyd Ostin və Senatın bir çox üzvləri ilə görüşlər keçirib.
V.Zelenskinin Konqresin Nümayəndələr Palatasının sədri Mayk Consonla görüşü medianın diqqət mərkəzində olub. Belə ki, ABŞ parlamentinin aşağı palatasında üstünlük təşkil edən respublikaçı konqresmenlər Ukraynaya 61 milyard dollarlıq maliyyə yardımının müzakirəsi üçün Ağ ev qarşısında əlavə şərtlər irəli sürüblər. Bununla da faktiki olaraq qanun layihəsini bloklayıblar.
Birləşmiş Ştatların siyasi isteblişmenti yaxın günlərdə Milad tətillərinə çıxacaq. Ekspertlərin fikrincə, Ukraynaya yardım məsələsi qarşıdakı bir neçə gün ərzində həllini tapmasa, Ukrayna daha çətin vəziyyətə düşə bilər. Ağ evin Zelenskini tələsik ABŞ-a dəvət etməsi məhz bununla bağlıdır.
Yeri gəlmişkən, Moskvada Zelenskinin Vaşinqton görüşlərini böyük diqqətlə izləyirlər. Rusiya rəsmiləri ümid edirlər ki, Ukrayna lideri bu dəfə ABŞ-dan əliboş qayıdacaq. Bəzi mənbələr vurğulayır ki, Moskva status-kvonu saxlamaqla sülh danışıqlarına başlamaqda maraqlıdır. Rəsmi Kiyev isə ölkənin suverenliyi tam təmin olunmayınca, heç bir danışıqlara getməyəcəyini vurğulayır.
Dünən axşam bu yazı çapa hazırlanarkən ABŞ və Ukrayna prezidentləri Ağ evdə görüşüb bir çox aktual məsələləri, xüsusilə ABŞ-ın Ukraynaya növbəti maliyyə və hərbi yardımın verilməsi problemini müzakirə edəcəklər. Görüşdən sonra dövlət başçıları mətbuat konfransı keçirəcəklər.
Yeri gəlmişkən, fədakar Ukrayna xalqı bu ölkənin ərazi bütövlüyü uğrunda ağır mücadiləsini davam etdirmək əzmindədir. Bunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun iki gün əvvəl keçirdiyi sorğunun nəticələri də təsdiq edir.
Ölkə əhalisinin yarıdan çoxu hesab edir ki, Qərbin Ukraynaya yardımı azalsa belə, hətta yeni ərazilərin itirilməsi riskinə baxmayaraq, Rusiyaya qarşı azadlıq müharibəsini davam etdirmək lazımdır.
Eyni zamanda, hər üç ukraynalıdan biri əmindir ki, işğal olunmuş ərazilərin azad edilməsi qeyri-müəyyən müddətə təxirə salınsa, döyüşləri Qərbdən ciddi təhlükəsizlik zəmanəti alaraq bitirmək daha yaxşıdır.
Hər bir müharibənin taleyi, ilk növbədə, döyüş meydanlarında həll olunur. Rusiya ilə Ukrayna arasında savaşın nəticəsi, təbii ki, hansı tərəfin daha güclü və əzmli olmasından asılıdır. Ümid etmək istərdik ki, bu müharibə haqqın və ədalətin qələbəsi ilə bitsin.
Məsaim ABDULLAYEV
XQ

