Qəzzada atəşkəsə “yaşıl işıq” yanmadı

post-img

Qəzza zolağı böyük humanitar fəlakətin astanasındadır. BMT Təhlükəsizlik Şurasının cümə günü keçirilən iclasının iştirakçıları bu barədə xəbərdarlıq ediblər. Müzakirələrdən sonra Təhlükəsizlik Şurasının üzvləri humanitar yardım sektoruna çıxışı təmin etmək üçün tezliklə atəşkəs tələb edən qətnamə layihəsinə səs veriblər. Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 13-ü sənədin lehinə səs verib, lakin ABŞ veto hüququndan istifadə edib. 

Atəşkəs qətnaməsi üzrə səsvermə BMT Təhlükəsizlik Şurasının BƏƏ, Rusiya və Çinin tələbi ilə keçirilən açıq iclasından az sonra baş tutub. Sənədi Təhlükəsizlik Şurasının üzvü olan 15 ölkədən 13-ü dəstəkləyib. Lakin ABŞ vetosundan istifadə etdiyi üçün layihə qəbul edilməyib. Böyük Britaniya isə səsvermədə bitərəf qalıb. Qətnamə layihəsində bildirilirdi ki, Təhlükəsizlik Şurası girovların ilkin şərt olmadan dərhal azad edilməsini, habelə humanitar yardım üçün Qəzza zolağına çıxış üçün atəşkəs tələb edir. Layihədə, həmçinin “Qəzza zolağındakı fəlakətli humanitar vəziyyət və Fələstin mülki əhalisinin əzabından dərin narahatlıq” barədə fikirlər öz əksini tapıb. 

Qətnamənin baxılmasının əsas təşəbbüskarı BMT-nin baş katibi Antonio Quterreş olub. Çərşənbə günü o, dünya təşkilatının rəhbəri olduğu müddətdə BMT Nizamnaməsinin 99-cu maddəsindən istifadə edərək ilk dəfə olaraq Təhlükəsizlik Şurasının sədrinə məktub göndərib. Onun mətnində deyilirdi: “Baş katib beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına təhlükə yarada biləcək istənilən məsələni Təhlükəsizlik Şurasının (məlumat - “Kommersant”) diqqətinə çatdırmaq hüququna malikdir”. Məktubda baş katib Qəzza və İsraildə səkkiz həftədən çox davam edən döyüşlərin “İsrail və işğal olunmuş Fələstin ərazilərində dəhşətli insan iztirabları, fiziki məhv və kollektiv travma ilə nəticələndiyini” vurğulayıb. “Mən Təhlükəsizlik Şurasının üzvlərini humanitar fəlakətin qarşısını almaq üçün hər cür səy göstərməyə çağırıram. Mən humanitar atəşkəs çağırışımı təkrar edirəm. Bu təcilidir. Mülki əhali daha böyük zərərdən xilas edilməlidir”, - baş katib yazıb.

O, cümə günü Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı fikirlərini təkrarlayıb. “Biz hamımız bilirik ki, İsrail HƏMAS və digər Fələstin qruplarının amansız terror hücumlarına cavab olaraq hərbi əməliyyata başlayıb. Mən birmənalı olaraq terror aktlarını pisləyirəm, 1,2 min insanın qəsdən öldürülməsinə, minlərlə insanın yaralanmasına, yüzlərlə insanın girov götürülməsinə heç bir əsas ola bilməz. 130-a yaxın girov hələ də əsirlikdədir və mən onları dərhal və qeyd-şərtsiz azad etməyə çağırıram. Eyni zamanda, HƏMAS-ın vəhşiliyi Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına haqq qazandıra bilməz”, – deyə o, bildirib.

Xatırladaq ki, İsraillə Fələstinin HƏMAS hərəkatı arasında müharibə oktyabrın 7-də silahlıların yəhudi dövlətinə hücumu ilə başlayıb. Qəzza zolağında bir gündə 1,2 mindən çox insan həlak olub, minlərlə insan yaralanıb, daha 250-yə yaxın insan girov götürülüb. Ölənlər, yaralananlar və oğurlananlar arasında İsrail vətəndaşları və yaşları 9 aydan təxminən 85 yaşa qədər olan xarici vətəndaşlar da var. Bundan əlavə, HƏMAS demək olar ki, hər gün İsrail ərazisinə raket zərbələri endirir. Buna cavab olaraq İsrail HƏMAS-a müharibə elan edərək, girovları azad edəcəyini və hərəkatın Qəzza zolağındakı hakimiyyətinə son qoyacağını vəd edib. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hücumları nəticəsində zolaqda olan qurbanların sayı 17,4 min nəfəri keçib, onların təxminən 40 faizi uşaqlardır. 

İki aylıq döyüşlər zamanı beynəlxalq ictimaiyyət noyabrın sonunda cəmi bir həftəlik humanitar fasilə əldə edə bilib. Bu müddət ərzində Həmas 110 girovu, əvəzində İsrail isə 240 fələstinli məhbusu həbsdən azad edib. Dekabrın 1-də İsrailin quru əməliyyatını Qəzza zolağının şimalından cənuba qədər genişləndirməsi ilə döyüşlər yenidən başlayıb. Bunun fonunda beynəlxalq təşkilatlar Qəzza zolağında baş verən humanitar fəlakətlə bağlı həyəcan təbili çalır və orada təhlükəsiz ərazilərin qalmadığını vurğulayır. Qeyd edək ki, ABŞ hazırkı vəziyyətdə yeni qətnamələrin qəbulunun faydalı olmayacağına dair mövqeyini əvvəlcədən bildirib. Buna görə də, sənəd layihəsinin bloklanması təəccüblə qarşılanmadı.

S.ELAY 
XQ

 

Dünya