Bakıda möhtəşəm FIA həftəsi uğurla başa çatıb

post-img

Bakı dekabrın 5-dən 8-dək ev Azərbaycan Avtomobil Federasiyasının baş tərəfdaşlığı ilə Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclaslarına və avtomobil idmanı sahəsində bu ilin yekununun ən mötəbər tədbirlərindən olan FIA Mükafatlandırma mərasiminə (FIA Prize-Giving Ceremony) ev sahibliyi edib. 

Bununla əlaqədar keçirilən FIA həftəsində iştirak etmək üçün 128 ölkədən nümayəndə və avtomobil klublarının təmsilçiləri, o cümlədən FIA prezidenti Mohammed Ben Sulayem, FIA rəsmiləri paytaxtımızda olublar. Həftə çərçivəsində müxtəlif tədbirlər keçirilib. 

Paytaxt sakinləri və qonaqların diqqətini cəlb edən tədbirlərdən biri də FIA-nın yarışlarında qalib gələn avtomobillərin sərgisi olub. Sərgi FIA-nın tədbirlərinin keçirildiyi məkanlardan biri - Heydər Əliyev Mərkəzinin qarşısında təşkil edilib. Burada 2023-cü ildə Formula 1, Dünya Ralli Çempionatı, Dünya Ralli-Raid Çempionatı, FIA Dünya Dözümlülük Çempionatı, Dünya Rallikross Çempionatı, eləcə də, qalib pilotların idarə etdiyi avtomobillər nümayiş etdirilib. Avtomobil idmanı həvəskarları sərgidə bir daha həmin yarışların həyəcanını yaşayıblar. 

FIA-nın Beynəlxalq Turizm Alyansının (AIT) 125 illiyi də həftəyə təsadüf edib və bununla əlaqədar AIT-in Baş Assambleyalarının toplantısı keçirilib. Dekabrın 6-da, həmçinin FIA Universitetinin məzunlarının toplantısı olub. Bakı toplantısında universitetin növbəti məzunlarına sertifikatlar təqdim edilib.

Dekabrın 7-də isə Azərbaycan Avtomobil Federasiyası (AAF) və Bakı Şəhər Halqası qonaqlar üçün caz-fusion gecəsi (Jazz Fusion Night) təşkil edib. Gecədə avtomobillər, memarlıq və caz sənətində mədəniyyətlərin sintezindən bəhs edilib, paytaxtımızda təşkil olunan Formula 1 Azərbaycan Qran-Prisi barədə təqdimat olub.

Dekabrın 8-də isə Heydər Əliyev Mərkəzində FIA Baş Assambleyasının illik yekun iclası təşkil edilib. Mərasimdə çıxış edən AAF-ın Anar Ələkbərov FIA Baş Assambleyasının və mükafatlandırma mərasiminin Bakıda keçirilməsinin önəmindən söz açıb. O qeyd edib ki, belə tədbirlərin təşkili ictimaiyyətin avtomobil idmanı sahəsinə marağının artırılmasına, həmçinin ölkəmizdə bütün yol hərəkəti iştirakçılarını təhlükəsiz, dayanıqlı və əlçatan hərəkətlilik mövzusunda maarifləndirməyə yönəlib. 

Azərbaycan Avtomobil Federasiyasının, mütəmadi olaraq avtoidman sahəsində yarışlar, drift məşqləri, yolsuzluq avtomobilləri yürüşləri, kartinq yarışları, klassik avtomobillərin nümayiş olunduğu sərgi və yürüşləri təşkil etdiyini deyən federasiya prezidenti, Azərbaycanın 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi etdiyini vurğulayıb. Daha sonra Bakıda Formula 1 yarışının uğurla keçirilməsində göstərdiyi dəstəyə görə FIA-ya təşəkkürünü çatdırıb. 

FIA həftəsi çərçivəsində fərqli formatlarda avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə edilib. Səsvermə nəticəsində 2024-cü ilin iyunun 14-də keçiriləcək Baş Assambleyanın iclasının Özbəkistanın Səmərqənd şəhərində, dekabrın 13-dəki iclasının isə Ruandanın Kiqali şəhərində keçiriləcəyi təsdiq edilib. 

Bakı Konqres Mərkəzində keçirilən FIA-nın mükafatlandırma mərasimində qurumun təşkilatçılığı altında baş tutan yarışlarda qalib gələn ­avtomobillər nümayiş olunub. Bakı təqdimatında FIA himni müasir, rəqəmsal səsləndirmə ilə diqqət çəkib. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin solistlərinin ifası ilə davam edən Bakı şousunda milli geyimlərdə səhnəyə çıxan ifaçılar Azərbaycan xalqının mədəniyyətinin bir hissəsi olan musiqimizi təqdim ediblər. Şounun tamaşaçılar üçün gözlənilməz anlarından biri nağaraçıların bütün zalı əhatə edərək, qonaqların yanından qədim dövrlərə aparan ritmlərlə keçmələri olub.

Mərasimdə Xalq artistləri Alim Qasımov, Əlixan Səmədov, Natiq Şirinov və qrupu, Əməkdar artistlər Aleksey Miltıx, Emil Əfrasiyab, Fərqanə Qasımova, İsfar Sarabaski, həmçinin Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri, “Mirvari” rəqs ansamblı çıxış ediblər.

Sonra səhnəyə çıxan FIA prezidenti Mohammed Ben Sulayem yarışlarda qələbə qazananları təbrik edib. Daha sonra Mohammed Ben Sulayem, AAF-ın prezidenti Anar Ələkbərov və digər rəsmi şəxslər 2023-cü ilin müxtəlif nominasiyalarında qalib olanlara mükafatlar təqdim ediblər.

“Formula 1”in prezidenti Stefano Dominikali mövsümü ikinci pillədə başa vuran və “Bakını sevirəm” sözləri ilə səhnəyə çıxan Serxio Peresi mükafatlandırıb. Təltif edilənlər sırasında “Oracle Red Bull Racing”in qalibi Kristian Horner, “Formula 1”də üçüncü dəfə dünya çempionluğunu qazanan Maks Ferstappen də olublar. 

Mükafatlandırma ­mərasimində nəinki indiki qaliblər, keçmişdə ­müxtəlif yarışlarda mübarizə aparan, artıq vəfat etmiş çempionlar da yad edilib.

Leyla QURBANOVA 
XQ 

 

İdman