Ərdoğan Almaniyada mühüm müzakirələr aparıb

post-img

İki ölkənin İsrail və HƏMAS arasındakı müharibə ilə bağlı fərqli mövqelərinin olduğu bir vaxtda, Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan cümə günü Almaniyaya səfər edib. R.T.Ərdoğan Berlində Kansler Olaf Şolts və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşlər keçirib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

R.T.Ərdoğan Almaniya Kansleri ­Olafla Şoltsla birgə keçirdiyi mətbuat konfransında deyib ki, Yaxın Şərqdəki münaqişə yalnız iki dövlətin tanınması ilə həll oluna bilər.  O qeyd edib ki, gündən-günə kəskinləşən bu münaqişə bir daha Fələstin probleminin 1967-cı il sərhədləri daxilində iki dövlət prinsipi əsasında həllinin qaçılmaz olduğunu təsdiqləyir: “Türkiyə olaraq məqsədimiz israillilərlə fələstinlilərin yan-yana yaşadığı sülh və əmin-amanlıq mühiti yaratmaqdır”.

Türkiyə lideri, həmçinin bildirib ki, o, ölkəsinin Avropa İttifaqına üzvlük prosesinin yenidən güclənməsini istəyir. Ankara bu istiqamətdə Almaniyanın səylərinə əhəmiyyət verir. Prezidentin sözlərinə görə, Türkiyə rəsmiləri ölkə vətəndaşlarının viza məsələsinin sürətləndirilməsini arzulayırlar və bu istiqamətdə lazımi addımlar atırlar.  

Türkiyə dövlətinin başçısı Ankaranın apardığı xarici siyasət kursunda ayrı-seçkiliyə yol verilmədiyini xüsusi qeyd edib: “Biz taxıl məsələsində Avropa ilə Afrika arasında fərq qoymadıq. Qara dəniz taxıl dəhlizindən nəql olunan ərzağın 40 faizi Avropaya, 14 faizi Afrikaya, yalnız 14 faizi Türkiyəyə çatdırılıb”. 

Almaniya uzun müddətdir ki, Türkiyəni vacib tərəfdaş kimi görür. O, NATO üzrə mühüm müttəfiqidir, həm də Avropaya qaçqın və miqrant axınına nəzarət etmək istiqamətində vacib rol oynayır. Qeyd edək ki, Kansler bu məsələdə güclü daxili təzyiqlərlə üzləşir. 

Ancaq son illərdə iki ölkə arasında müxtəlif səbəblərdən gərginliklər olub. Bəzi təhlilçilərin fikrincə, bu səfər oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra baş verən hadisələrlə bağlı iki ölkənin mövqeləri arasında artan fərqin kölgəsində qalır.

Almaniya İsrailin sadiq müttəfiqidir və atəşkəs çağırışlarına qarşı çıxır. Eyni zamanda, Almaniya Qəzza zolağındakı mülki əhaliyə yardım etmək üçün “humanitar fasilələr”i müdafiə edir və münaqişənin yayılmasının qarşısını almaq üçün regiondakı digər ölkələrlə əlaqələrini açıq saxlamağa çalışır.

Türkiyə isə İsrailə qarşı getdikcə daha sərt mövqe nümayiş etdirir. Ötən ay R.T.Ərdoğanın İsraili müharibə cinayətləri törətməkdə ittiham etməsindən sonra İsrail Türkiyədəki diplomatlarını geri çağırıb. Daha sonra Türkiyə İsraildən səfirini geri çağırıb.

 

M.HACIXANLI 
“XQ

 

Dünya