Makron Ermənistanı silahlandırmaqla “bir güllə ilə iki dovşan” vurmaq istəyir

post-img

Fransa Ermənistanı silahlandırır. Məsələnin siyasi tərəfi aydındır, Paris bölgənin zəif bəndinə çevrilmiş İrəvanı təsir dairəsinə salmaqla regionda hərbi mövcudluğunun əsasını qoymaq istəyir. Bu tendensiyasının ilk əlaməti kimi də “ACMAT Bastion” zirehli texnikasının Ermənistana tədarükünü göstərmək olar. Amma Prezident Emmanuel Makronun geosiyasi menyusunda təkcə Ermənistanı silahlandırmaq bəndi yer almır, onun planında yaxın dostlarına kömək etmək niyyəti də gizlənir. Erməni əsilli fransalı hərbi müxbir Leo Nikolyan bildirir ki,  “ACMAT Bastion” zirehli texnikasını istehsal edən şirkətin sahibi Fransa Prezidentinin yaxın dostudur. Deməli, Makron zirehli texnikanı İrəvana göndərməklə bir güllə ilə iki dövşan vurur. Həm erməni diasporunun könlünü alır, həm də ona hakimiyyətə gəlməkdə kömək edən güclü sənayeçi dostlarına qazanç yolu açır.

Leo Nikolyan erməni mənşəlli müstəqil fransız jurnalistdir. Parisdən gəlib İrəvanda tez-tez təkadamlı mitinqlər təşkil edir, fransız diplomtların “korrupsiyaya” bulaşmaları barədə hayların informasiya məkanında çıxışlar edir. Özünün “YouTube”da kanalı da var və hazırladığı reportajlar Avropanın, Fransanın və Ermənistanın siyasi həyatına həsr olunur. L.Nikolyan növbəti videoyayımı zamanı Fransanın Ermənistana zirehli texnika tədarükü ilə bağlı maraqlı açıqlamalar verib: “Biz Fransadan pendir və hətta şərab da almırıq, lakin “Bastion” zirehli transportyorları alırıq. Gəlin araşdıraq, bunlar necə zirehli transportyorlardır? Sizə deyim ki, polislər və qırmızı beretlilər, habelə “Molotov” kokteyli atacaqları təqdirdə sizi qorumaq üçün bu, pis texnika deyil. Həmçinin pulemyotdan atəş açsalar, bu zirehli transportyorlar sizi qoruyacaq, lakin dronlara qarşı mübarizədə onlar, sadəcə, heç nədir”.

L.Nikolyan bildirib ki, “Bastion” zirehli transportyorları Fransada fəaliyyət göstərən “Arquus” ilə birlikdə “Renault Trucks” şirkətində istehsal olunur. “Arquus”un sahibi də Emmanuel Levaşer prezident Makrona çox yaxın şəxsdir. L.Nikolyanın sözlərinə görə, VAB zirehli transportyorlarını əvəz etmək üçün “Bastion” istehsal olunub və Fransa ordusu bu modellərdən çox az sayda alıb: Daha sonra onlar Kot-d'İvuar, Seneqal, Mali, Niger və digər ölkələrə satılıb. “İndi də bildiyiniz kimi, bu, Afrika ölkələri Fransaya şou göstərirlər. Mali və Niger eyni dövlətdir, lakin Fransa onları bölüb və Malinin isə çoxlu qızılı var, ona görə də Fransa talan etmək üçün orada idi. Düşünməyin ki, Fransa soyğunçu deyil. Hər bir ölkənin öz maraqları var”.

Fransız jurnalist “Bastion” texnikasının Ermənistana tədarükünün arxasında həm də şəxsi maraqların dayandığını bildirib: “Fransızlar “Bastionları” Afrika ölkələrinə satdılar, amma indi bu ölkələr onları qəbul etmir. İndi “Arquus” şirkətinin sahibi Emmanuel Levaşer prezident Makrona bildirir ki, şirkəti bağlaya bilərlər və nə etmək lazımdır? 2023–2030-cu illər üçün hərbi proqram çərçivəsində bir az sifariş ver”. Erməni mənşəli jurnalist daha sonra bildirib: “Bu günə qədər bütün “Bastionlar” Ukraynaya göndərilib və nə baş verib? Onlar məhv edilib. Bu gün hətta Ukrayna da onları qəbul etmir. Zireh zəifdir və dayanıqlı deyil. Afrika üçün yaxşıdır, amma Qafqaz üçün yox. Onlar işləyəcəklər, lakin dağlıq ərazilərdə səmərəli deyil. Yaxşı, biz satınalmalara bir neçə milyon xərclədik. Yeri gəlmişkən, onların təzə və ya işlənmiş olması hələ məlum deyil və bu, başqa sualdır. İndi isə boş yerə pul xərcləyirik, çünki Əliyev nə vaxt istəsə, bir neçə dəqiqəyə bu “Bastionları” məhv edə bilər. Onların peykləri var, hər şeyi görə bilirlər, yeri gəlmişkən, onların peykləri Fransada istehsal olunub, unutmayın”.

L.Nikolyan canlı yayımda Fransanın Ermənistandakı səfirliyinin ən çox korrupsiyalaşmış diplomatik nümayəndəlik olduğunu da vurğulayıb: “Mən sizə Ermənistanın üzləşdiyi böyük problem barədə dəqiq məlumat verəcəyəm. Nəzərinizə çatdırıram ki, Ermənistan hökumətinin bir çox üzvləri artıq cənab Olivye Dekotinnidən (Fransanın Ermənistandakı səfiri – red.) viza alıblar”. “Bu vizalar tətilə getmək üçün deyil, il yarımlıq vizalardır. Ad çəkməyəcəyəm, çünki onları növbəti verilişdə deyəcəyəm. Vizalar Ermənistan hökumətinin üzvləri, onların arvadları, uşaqları və məşuqələri üçün nəzərdə tutulub. Fransa səfirliyi isə 1991-ci ildən bu günə qədər Ermənistanın ən korrupsiyalaşmış səfirliyidir”, – deyə Nikolyan bildirib. 

L.Nikolyanın açıqlamaları bir daha göstərir ki, Fransa kimi ölkələrin siyasətində, ilk növbədə, hərbi-ticari sənayenin maraqları öncül yer tutur. Afrika bazarını itirən Makron hökuməti dəmir maşınlarını Ermənistana satmaqla yaxın çevrəsinə yeni sifarişlər verir. 

S.ELAY 
XQ

 

Siyasət