Makronun saxta sülh vasitəçiliyi buna sübutdur
Bu il oktyabrın 7-də HƏMAS yaraqlılarının İsrail ərazisinə qəfil basqını, bu zaman dinc, günahsız sakinlərin girov götürülərək vəhşicəsinə qətlə yetirilməsi bütün dünyanı şoka saldı. Amma ardınca regionda baş verən cavab tədbirləri, təəssüf ki, aşırı zorakılıqlar ilə müşayiət olunur.
Son günlər Qəzzadakı gərgin proseslər hər birimizi çox narahat edir. Burada aramsız bombardmanlar nəticəsində hər gün yüzlərlə insan həlak olur. Ölən və yaralananların sayında artıq haqq-hesab itib. Qəzzadakı xəstəxanalar ağzınacan doludur.
Hər gün, hər saat qlobal mediada hadisə yerindən günahsız insanların anbaan pisləşən acınacaqlı durumunu nümayiş etdirilən video süjetləri görmək, müşahidə etmək, həqiqətən, çox ağırdır. Dəhşətli səhnədir, deyilmi?
Bu fəlakətlərin qarşısını almaq olarmı? Əlbəttə, olar! Amma bunu istəməyən qüvvələr var. Onlardan biri, bəlkə də birincisi Fransa dövləti və “Xoruzlar ölkəsi”nin rəhbəri Emmanuel Makrondur.
İki gün əvvəl dünyanın “ən sivil və demokratik ölkələrindən biri” olduğunu iddia edən Fransanın dövlət başçısı İsrailə səfər edib. Yerusəlimdə İsrail Prezidenti və baş naziri ilə görüşən fransalı siyasətçi regionu bürüyən alovu söndürmək əvəzinə, əksinə, odun üstünə yağ tökməyə hazır olduğunu nümayiş etdirən bəyanatlar səsləndirib.
Belə ki, danışıqlar zamanı Makron vaxtilə “İslam dövləti” terror təşkilatı əleyhinə yaradılmış beynəlxalq koalisiya çərçivəsində HƏMAS-a qarşı mübarizəyə başlamağı təklif edib. Bu, o deməkdir ki, “terrorçuları tapıb cəzalandırmaq niyyətilə” Qəzzanın ağır bombardmanı davam etdiriləcək və bundan sonra da qan su yerinə axacaq.
Bakı Dövlət Universitetinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası kafedrasının müdiri, professor Aydın İbrahimov hesab edir ki, ABŞ, Fransa, ümumilikdə Qərbin yanaşması faktiki olaraq bölgədə sülhü bərpa etmək, hər iki tərəfdən minlərlə insanın ölümünə səbəb olan qanlı müharibəni daha da alovlandırmağa yönəlib.
Digər siyasi təhlilçi, professor Mübariz Məmmədli də əmindir ki, Makronun və bütövlükdə Qərbin tərəfləri atəşi dayandırmağa çağırmaq əvəzinə müharibənin davam etdirilməsinə dəstək verməsi, onun hətta beynəlxalq koalisiya şəklində müharibənin miqyasının daha da genişləndirməyi təklif etməsi, bir daha göstərir ki, Qərb sülhdə maraqlı deyil.
Professor M.Məmmədlinin fikrincə, bu, Fransanın xarici siyasətinin nə qədər aqressiv və ağılsız olduğunu yenidən sübut edir - ərazisində milyonlarla müsəlmanın yaşadığı Fransa İsrail və Fələstinə sülh üçün vasitəçilik əvəzinə, müharibə təklif edir. Yeri gəlmişkən, eyni siyasəti Fransa Cənubi Qafqazda da həyata keçirməyə cəhd göstərir.
Dünən çağdaş dünyanın ən xarizmatik siyasətçilərindən olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq mətnlə deyibdir: “Yaxın Şərqdə müharibənin genişlənməsini istəyənlər var”. Qardaş ölkənin dövlət başçısı bu sözləri oktyabrın 25-də hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlament fraksiyasının toplantısında çıxışı zamanı səsləndirib. O həmçinin bildirib ki, Ankara birmənalı surətdə buna qarşıdır.
R.T.Ərdoğan, eyni zamanda, İsrail və Fələstini ən yaxın günlərdə danışıqlara çağırıb. Dövlət başçısı, həmçinin Qərbin mövqeyini kəskin tənqid edib. “BMT, xüsusilə BMT Təhlükəsizlik Şurasında islahatlara ehtiyac var”. O bildirib ki, dünyanın təhlükəsizliyi 5 dövlətin maraqlarından asılı olmamalıdır. R.T.Ərdoğan dünyadakı hazırkı vəziyyətə görə təəssüfləndiyini dilə gətirib.
Bir çox nüfuzlu siyasi təhlilçilər hazırda həyəcan təbili çalaraq qeyd edirlər ki, Yaxın Şərqdəki böhran təcili surətdə söndürülməsə, silahlı qarşıdurma regional müharibəyə çevrilə bilər. Belə ki, dünya getdikcə daha da qarışır. Qarşıdan gələn rəqabət erası əvvəlki dövrlərdən fərqli olacaq. Ümumi problemlər getdikcə daha da kəskinləşəcək.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan, eləcə də onun rusiyalı həmkarıSergey Lavrov oxşar məzmunlu açıqlamalar verərək bildiriblər ki, Yaxın Şərqdəki durumla bağlı risk getdikcə artır. Daha pis ssenarini görmək mümkündür. H.Fidan çıxışı zamanı, həmçinin Qərb ölkələrinin mövqeyini tənqid edib.
Yeri gəlmişkən, BMT-nin Baş katibi Antonio Quterreşin HƏMAS-la bağlı çıxışından sonra İsrail hökuməti bu təşkilatın məmurlarına ölkəyə giriş üçün viza verməkdən imtina edib. “The Time of İsrael” nəşrinin məlumatına görə, İsrail rəsmiləri Baş katib A.Quterreşin BMT Təhlükəsizlik Şurasının toplantısındakı çıxışını tənqid edərək onun istefasını tələb ediblər.
Qeyd edək ki, Antonio Quterreş Təhlükəsizlik Şurasında çıxışında bildirib: "HƏMAS hücumlarının vakuumda, boş-boşuna baş vermədiyini də etiraf etmək lazımdır”. Göründüyü kimi, bu bəyanat İsraildə dərin narazılıq doğurub.
İsrailin BMT-dəki nümayəndəsi Gilad Erdan bildirib ki, Təl-Əviv BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsə bu ölkəyə giriş vizası verməkdən imtina edib.
Görünən budur ki, indi planetimizn siyasi və hərbi nəbzi olduqca gərgin bir vəziyyətə çatıb. Bəşəriyyət qarşısıalınmaz böyük bir uçurumla üzləşə bilər. Sağlam düşüncə və bəşəri dəyərlər hər şeyin fövqündə olmalıdır. Çıxış yolu yalnız budur!
Məsaim ABDULLAYEV
XQ

