“Bayer” Leverkuzen – “Qarabağ” Ağdam. UEFA Avropa Liqasının “H” qrupunda liderlik uğrunda mübarizədə çox mühüm oyun. Bundesliqa təmsilçisi də, Azərbaycan çempionu da ilk iki turda yüzfaizli nəticə göstərib (6 xal), üçüncü raundda öz aralarındakı görüşə qrupun şərikli liderləri kimi gəlmişlər. Bu axşam şahidlik edəcəyimiz matçın qalibi xal ehtiyatını 9-a çatdırıb, əslində, hələ birinci dövrədən sonra pley-off mərhələsinə vəsiqəni, demək olar, özünə təmin edəcək. Bakı vaxtı ilə saat 23-ə təyin edilmiş oyun hakimin start işarəsindən final fitinədək azarkeşlərə prinsipial mübarizə vəd edir.
Qrupun digər görüşü isə Norveçdə keçiriləcək: “Molde”–“Hekken” (İsveç). Bu klubların işləri hələlik yaxşı getmir, onlar əvvəlki iki turda meydanı məyus halda tərk edib, xallarının hesabını aça bilməyiblər. Amma hələ vəziyyətləri ümidsiz deyil. Qalib komanda yolun yarısını üçüncü yerdə başa vurub, ikinci dövrə sınaqlarını nisbətən yaxşı əhvalla gözləyəcək.
Leverkuzendə liderlərin duelinə qayıdaraq belə bir məqamı xatırladaq ki, “Qarabağ” evdə “Molde”, səfərdə isə “Hekken” ilə görüşlərin taleyini ikinci hissədə müvafiq surətdə Leandro Andrade və Juninyonun vurduqları qollarla öz xeyrinə həll etmişdir. Görəsən, bu dəfə hadisələr necə cərəyan edəcək…
Bir də ki, Almaniyada bugünkü oyun bu klublar arasında noyabrın 9-da Azərbaycanda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ikinci dövrə görüşü qarşısında bir növ kəşfiyyat xarakteri daşıyacaq, tərəflər bir-birini daha yaxşı tanımaq imkanı qazanacaqlar. Bundan kimin daha çox fayda götürəcəyini isə iki həftədən sonra biləcəyik.
Azərbaycan Respublikası üçün tarixi Zəfər və Dövlət Bayrağı günlərində Beynəlxalq Futbol Federasiyasının (FİFA) respublikamızda ilk səlahiyyətli nümayəndəsi olmuş unudulmaz hakimimizin adını daşıyan stadionda idman həvəskarlarımızı möhtəşəm tamaşa gözləyir.
Hələlik isə UEFA-nın bugünkü oyunun hakimliyini Rumıniya Futbol Federasiyasının nümayəndələrinə həvalə etdiyini də nəzərə çatdıraq. Baş hakim rolunda Horatsiu Fesniki görəcəyik.
Komandamıza uğurlar!
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

