“Stadler” Regional Servis Mərkəzi yaradır
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və İsveçrənin “Stadler Rail Group” şirkəti arasında dəmir yolu nəqliyyatı vasitələrinin təmiri, texniki qulluq və konsultasiya üzrə xidmətlərin göstərilməsinə dair müqavilə imzalanıb.
ADY-dən aldığımız məlumata görə, imzalanan müqaviləyə əsasən, Böyükşor ərazisində Regional Servis Mərkəzi tikiləcək və “Stadler” şirkəti tərəfindən həmin mərkəzin tikintisi üçün investisiya yatırılacaq.
Bu mərkəzin əhəmiyyəti ondan ibarətdir ki, hazırda dəmir yollarında geniş istifadə olunan “Stadler” markalı bütün növ nəqliyyat vasitələrinin təmiri və texniki xidmət məhz burada həyata keçiriləcək. “Stadler” qatarlarına texniki dəstəyin göstərilməsi həmin nəqliyyat vasitələrinin hazırlıq əmsalının 95 faizdən çox olmasını təmin edəcək. Eyni zamanda, mərkəzdə ADY-nin işçi heyətinə bütün növ lokomotivlərin təmir olunması ilə bağlı bilik və bacarıqlarının təkmilləşdirilməsi baxımından dəstək və məsləhət veriləcək.
Məlumatda bildirilir ki, Azərbaycan ərazisində belə bir unikal müəssisənin yaradılması regionda qonşu ölkələrdə istismar edilən “Stadler” hərəkət tərkibinin irihəcmli təmirinin həyata keçirilməsinə imkan yaradacaq.
Qeyd edək ki, ADY tərəfindən “Stadler Rail Group” şirkətindən sifariş edilən “KISS” markalı ikimərtəbəli elektrik qatarları ilk dəfə Azərbaycana 2015-ci ildə gətirilib. Hazırda Azərbaycanın dəmir yollarında 9 ədəd “KISS” elektrik qatarı istifadədədir.
XQ

