Son 7 ildə bu sahəyə 5,6 milyard manatlıq kapital yatırılıb
Son illər ölkəmizdə qeyri-neft sənayesinin inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr sırasında dövlət başçısının təşəbbüsü ilə sənaye zonalarının– sənaye parkları və məhəllələrinin yaradılması mühüm əhəmiyyət daşıyır.
Bu məqsədlə indiyədək respublikada 7 sənaye parkı (Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam və Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları) və 5 sənaye məhəlləsi (Neftçala, Masallı, Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələri) istifadəyə verilib.
Sənaye zonalarında ötən müddət ərzində, ümumilikdə, 10,23 milyard manatlıq məhsul istehsal edilib və onun 3,35 milyard manatlıq hissəsi ixrac olunub. Cari ilin birinci yarısında isə bu müəssisələrin satdığı 1,4 milyard manat dəyərində məhsulun 33,2 faizi, yəni 470,6 milyon manatlığı ixraca yönəldilib. Bu dövrdə sənaye zonalarının qeyri-neft sektorunda xüsusi çəkisi isə 16,5 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 20,7 faiz (470,6 milyon manat) olub. Ötən 9 ayda sənaye zonalarının müəssisələrində məhsul istehsalının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 2,3 milyard manata çatıb. Bunun da 31,2 faizi 50-dən artıq ölkəyə satılıb.
Sənaye parklarında sahibkarların biznes fəaliyyətini stimullaşdıran, onların vergi və gömrük güzəştləri əldə etməsi üçün əlverişli şərait yaradan və 2016-cı ildən tətbiqinə başlanılan investisiya təşviqi mexanizmi çərçivəsində 7 ildən artıq bir müddətdə 583 layihə təşviq olunub. Həmin layihələrin icrası nəticəsində iqtisadiyyata 5,6 milyard manatdan çox investisiya yatırılıb, 38,6 mindən artıq iş yerinin yaradılması nəzərdə tutulub. İndiyədək dəyəri 1,8 milyard manatdan artıq olan texnika, texnoloji avadanlıq və qurğular güzəştli şərtlərlə ölkəyə idxal edilib və müasir istehsal sahələri qurulub.
Təşviq edilmiş layihələrin icrası nəticəsində respublikada yeni məhsullar buraxan müəssisələr yaradılıb. Prezident İlham Əliyevin 20 dekabr 2022-ci il tarixli müvafiq fərmanı ilə əvvəlki illərin təcrübəsi nəzərə alınmaqla investisiya təşviqi mexanizmi təkmilləşdirilib. Bu sənəd cari il yanvarın 1-dən 3 il müddətində sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya zonaları, həmçinin müvafiq ərazilərdə həyata keçirilən layihələrə, eləcə də dövlət başçısı tərəfindən müəyyənləşdirilən istiqamətlər üzrə strateji təşəbbüslərə verilib.
Yeni meyarlara ekoloji baxımdan mühüm önəm daşıyan tullantıların təkrar emalı fəaliyyət sahəsi də əlavə olunub, eyni zamanda, turizm istiqamətli fəaliyyət sahələri genişləndirilib. Mexanizm çərçivəsində layihələr üzrə idxal olunan texnika, texnoloji avadanlıq və qurğuların əhatə dairəsinin dəqiqləşdirilməsi məqsədilə mal mövqelərinin siyahısı təsdiqlənib.
Prezident İlham Əliyev oktyabrın 23-də Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak edib. Xatırladaq ki, bu sənaye parkı dövlət başçısının 2011-ci il 21 dekabr tarixli fərmanı ilə yaradılıb.
Ölkəmizdə qurulan ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkının hazırda ərazisi 583,5 hektar təşkil edir və burada neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı, həmçinin emalı müəssisələri fəaliyyət göstərir. Parkda ümumi investisiyaların həcmi, təqribən, 5,8 milyard manat təşkil edir. “Azərbaycan Vanhong Ceramics Co.” MMC, “Novus Plastica” MMC və “UPI–Universal Packing Industry” QSC-nin açılışı ilə sənaye parkında fəaliyyət göstərən müəssisələrin sayı 23-ə çatır.
Parkda ümumi investisiyalarının həcmi təqribən 5,8 milyard manata yaxın 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək rezidentlər tərəfindən sənaye parkına 5,4 milyard manatdan çox investisiya yatırılıb. Artıq qeydiyyata alınmış 38 rezidentdən 23-ü fəaliyyətə başlayıb. Parkın rezidentləri tərəfindən, ümumilikdə, 9,5 milyard manatlıq satış həyata keçirilib ki, onun da 3,3 milyard manatdan çox hissəsi, təqribən, 34,7 faizi ixracın payına düşüb.
Sənaye parkında 2023-cü ilin 9 ayında 2,1 milyard manatlıq məhsul istehsal olunub. Bunun da 674,4 milyon manatlıq (32,1 faiz) hissəsi ixraca yönəldilib. Hazırda sənaye kompleksində 6 min 600 nəfərdən çox şəxs daimi işlə təmin olunub. Bundan əlavə mövcud layihələr üzrə parka əlavə olaraq 394 milyon manatdan artıq investisiyanın yatırılması, 2 mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulub.
Parkda istehsal olunan məhsullar Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çin, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Niderland, İtaliya, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Livan, İraq, Yaponiya, Amerika Birləşmiş Ştatları, Kanada və digər ölkələrə ixrac olunub.
Dövlət başçısının Sumqayıta indiki səfəri zamanı sözügedən parkda təməli qoyulan 2 müəssisə–“Çinar-Servis” İKF və “Kartaş Kimya” müəssisələrinin 2024-2025-ci illərdə fəaliyyətə başlaması planlaşdırılır. Həmin müəssisələr tərəfindən parka, ümumilikdə, 30 milyon manatdan artıq investisiyanın yatırılması, 300-dən çox isə daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Ağdam Sənaye Parkının da qurulması sürətlə həyata keçirilir. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən tədbirdə bildirib ki, parkın 19 rezidenti, 6 qeyri-rezidenti var. İnvestorlar tərəfindən müəssisəyə 176 milyon manatdan çox sərmayə yatırmaq, 1600-dən çox daimi iş yeri yaratmaq planlaşdırılır. İndiyədək 12 milyon manata yaxın investisiya qoyulan sənaye parkının ilk müəssisəsinin gələn il fəaliyyətə başlaması gözlənilir.
Parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar.
Həmçinin bu il yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərəcək sahibkarlara əlavə güzəştlər tətbiq edilir. Bura sosial sığorta haqlarının subsidiyalaşdırılması, düşməndən təmizlənən yaşayış sahələrində məskunlaşaraq işləyən mütəxəssislərə hər il 5 gün əlavə məzuniyyət verilməsi, aylıq vəzifə maaşına əlavələrin hesablanması, 600 manat birdəfəlik müavinət verilməsi, iş icazələrinin alınmasının sadələşdirilməsi kimi imtiyazlar daxildir. İşğaldan azad olunan ərazidə fəaliyyət göstərən sahibkarın istehsal prosesində istifadə edəcəyi bir sıra xammal və materialların idxalı da 10 il müddətinə ƏDV-dən azad olunur.
Bütün bunlarla bərabər, istehsalçı sahibkarların10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun ödədikləri vəsaitin 20 faizi dövlət büdcəsinin vəsaiti hesabına geri qaytarılır.
Vaqif BAYRAMOV
XQ

