2022-ci il oktyabrın ortalarında ABŞ Prezidenti Co Bayden Amerika mikroçiplərinin, eləcə də hər hansı Amerika texnologiyasından istifadə etməklə yaradılmış çiplərin Çinə satışını qadağan etmişdi. Qadağa, həmçinin yarımkeçiricilərin istehsalı üçün avadanlıq və süni intellekt texnologiyalarından istifadə edən proqramlar üçün qrafik prosessorlara da aiddir. Ancaq bu, hamısı deyil. Bayden administrasiyası öz vətəndaşlarına yarımkeçirici sənayesi ilə hansısa şəkildə əlaqəli olan Çin şirkətlərində işləməyi də qadağan etmişdi. Dünən isə Ağ ev Çinlə bağlı növbəti qərarını açıqladı. ABŞ Çin texnologiyasına sərmayə qoyuluşunu məhdudlaşdırdı.
Çin ilə ABŞ arasında bütün sahələrdə gərginlik davam edir. Tayvan problemi ətrafındakı gərginliyin qalması ikitərəfli iqtisadi münasibətlərə təsir göstərir. Pekinin timsalında qlobal rəqib görən ABŞ Çinin texnoloji sahədə güclənməsinin qarşısını alacaq bir sıra qərarlar qəbul edir. Ötən il oktyabr ayının ortalarında Vaşinqton ABŞ mikroçiplərinin, eləcə də hər hansı ABŞ texnologiyasından istifadə etməklə yaradılmış çiplərin Çinə satışını yasaqlamışdı. Bu qərarla Megvii Technology, Dahua Technology və IFLYTEK, Sunway Microelectronics, Yitu Technologies və başqaları ABŞ qadağaları ilə üzləşdi.
Dünən isə məlum oldu ki, Co Bayden hökuməti Çinin texnologiya sahəsinə sərmayə qoyuluşunu məhdudlaşdırmağa hazırlaşır. ABŞ Maliyyə Nazirliyi məlumat verir ki, Prezident Co Bayden yarımkeçiricilər, mikroelektronika, kvant texnologiyaları və süni intellektin inkişafı da daxil olmaqla Çinin texnologiya sənayesinə investisiyaların məhdudlaşdırılmasını nəzərdə tutan sərəncam imzaladı. Sənəddə deyilir ki, bu addım ABŞ-a “kəşfiyyat, müşahidə və ya kiber imkanlar baxımından əsas olan” məxfi və qabaqcıl texnologiyaların inkişafını məhdudlaşdırmağa imkan verəcək. Fərman maliyyə nazirinə Çin sənayesinin üç sektoruna investisiyaları tənzimləməyə şərait yaradacaq: yarımkeçiricilər, mikroelektronika, kvant informasiya texnologiyaları və bəzi süni intellekt sistemləri. ABŞ səlahiyyətliləri texnologiya şirkətlərini bu cür investisiyalar barədə məlumat verməyə məcbur edəcəklər. Onların bəzilərinə qadağa qoyulacaq.
Yarımkeçirici sənaye 2030-cu ilə qədər trilyon dolları keçəcəyi proqnozlaşdırılan sürətlə böyüyən böyük bazardır. Belə ki, çip istehsal zəncirində bir çox tərəf iştirak edir: tədqiqat laboratoriyaları, avadanlıq istehsalçıları, kimyəvi maddələr və digərləri. Buna görə də ABŞ-ın Çinə qarşı yeni qadağaları qlobal İT sənayesinə təsirsiz ötüşməyəcək. Çünki Çin də cavab tədbirləri görür. Cari il mayın sonunda Pekin yerli bazardan ciddi şəkildə asılı olan ABŞ çip istehsalçısı “Micron”u “ölkənin təhlükəsizliyinə təhdid elan edilərək” şirkətə qarşı ciddi məhdudiyyətlər tətbiq etdi. ABŞ hakimiyyəti xaricdəki tərəfdaşlarından da dəstək alaraq Çinə sanksiyalara ilk başlasalar da, onlara qarşı bu cür tədbirlərə dözməyəcəklərini bildirdilər. Qərb sənayesi rəsmiləri Ağ evdən Pekini cavab tədbirlərinə və daha çox idxal əvəzlənməsinə sövq etməmək üçün yeni qadağalara qarşı daha diqqətli olmasını xahiş edirdilər. Amma Co Bayden hökuməti bu dəfə yenə də “kötəyə” əl atdı və Çinin texnologiya sahəsinə kapital qoyuluşlarını nəzarətə götürdü. Bundan sonra Çinin texnologiya sahəsinə sərmayə qoyuluşuna Vaşinqton qərar verəcək.
“Associated Press” (AP) sənədi şərh edərək bildirir ki, “sərəncamla tanış olan rəsmilər Çinin ABŞ investisiyalarından silah qüvvələrinin inkişafını dəstəkləmək və silahlı qüvvələrini modernləşdirmək üçün istifadə etdiyini” vurğulayırlar. Agentliyin fikrincə, yeni məhdudiyyətlər “Çin iqtisadiyyatını pozmaq üçün tətbiq olunmur, onlar Çinə qabaqcıl kompüter çiplərinin ixracına nəzarət etmək üçün keçən il tətbiq olunan tədbirləri tamamlamaq məqsədilə həyata keçirilir. Agentlik keçmiş xəzinədarlıq rəsmisi Filip Lüdviqsondan sitat gətirir: “Əvvəlcə yarımkeçiricilər və mikroelektronika, kvant informasiya texnologiyaları və süni intellektlə məhdudlaşsa da, sərəncam açıq şəkildə gələcəkdə digər sektorlara da yayılmasını nəzərdə tutur”.
Ağ evin mətbuat ofisinin bəyanatında deyilir ki, Bayden-Harris Administrasiyası gələcək nəsil hərbi innovasiyalar üçün kritik əhəmiyyət kəsb edən texnologiyaların qorunması ilə ABŞ-ın təhlükəsizliyini qorumağa sadiqdir. Ancaq Pekin Ağ evin narahatlığını bölüşmür. Çin Xarici İşlər Nazirliyi Co Baydenin qərarından narazılığını bildirərək vurğulayır ki, ABŞ milli təhlükəsizliyi qorumaq bəhanəsi ilə əslində “Çini inkişaf hüququndan məhrum etməyə və öz hegemonluğunu və eqoist maraqlarını qorumağa” çalışır. “Bu, açıq iqtisadi məcburiyyət və texnoloji hədə-qorxudur. ABŞ-ın hərəkətləri bazar iqtisadiyyatı və ədalətli rəqabət prinsiplərini ciddi şəkildə pozur, beynəlxalq iqtisadi və ticarət nizamını ciddi şəkildə sarsıdır”, - Çin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur. Eyni zamanda, Pekin ABŞ-ı iqtisadi, ticarət və texnologiya məsələlərini siyasiləşdirməyə son qoymağa və məlum sərəncamı ləğv etməyə çağırır.
Mütəxəssislər bildirirlər ki, Ağ evin qərarından ABŞ-ın vençur kapitalı şirkətlərinə güvənən startaplar əziyyət çəkəcəklər. Çinin də bundan zərər çəkəcəyi şübhə doğurmur. Məsələn, Çin bu ilin ikinci rübündə ölkəyə birbaşa xarici investisiyaların keçən ilin eyni dövrü ilə müqayisədə 89 faiz azalaraq 4,9 milyard dollar təşkil etdiyini bildirir. Belə görünür, sərmayə azalması daha da sürətlənəcək. Amma bundan dünya iqtisadiyyatı nəsə əldə edəcəkmi? Birmənalı cavab vermək çətindir, ancaq dəqiq demək olar ki, Çin hazırda bir növ “dünya fabriki”dir və bu fabrikin hansısa sexində baş verəcək nasazlıq izsiz ötüşməyəcək. Odur ki, ABŞ–Çin qarşıdurmasının iqtisadi-ticari müstəvidə dərinləşməsi dünya iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

