Türkiyənin Akdeniz Universitetinin professoru, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, Türkiyə Respublikası Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Vaksin Elmi Komitəsinin üzvü, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun rəhbərlik etdiyi qrup növbəti uğura imza atıb.
Qrupun COVID-19-a qarşı peyvənd hazırlanması ilə bağlı uzun müddət apardığı tədqiqatların nəticələrini əks etdirən “Bitki mənşəli RBD və kokteyl əsaslı peyvənd namizədləri yeni variantlardan asılı olmayaraq, SARS-CoV-2-yə qarşı yüksək effektivliyə malikdir” adlı yeni məqalə nüfuzlu “Frontiers in Plant Science” jurnalında dərc olunub.
Məlumdur ki, Yer kürəsində 7 milyondan çox insanın ölümünə səbəb olan və hələ də hər gün dünyada 300-400 nəfərin həyatını itirməsi ilə nəticələnən SARS-CoV-2/COVID-19-un bütün variantlarına, xüsüsən də hazırda dominant olan Omikron variantına qarşı indiyədək heç bir təsdiq olunmuş effektiv peyvənd hazırlanmayıb. Milyonlarla insan üçün istifadə olunmuş Pfizer-BioNTech COVID-19 peyvəndi iki dozadan sonra (yəni insan orqanizminə 60 mikroqram sintetik mRNT vurulduqdan sonra) belə Omikron variantına qarşı təsirsizdir.
Aparılan tədqiqatlar göstərmişdir ki, professor Tərlan Məmmədovun rəhbərliyi ilə hazırlanmış protein əsaslı peyvənd Omikron da daxil olmaqla bütün variantlara qarşı təsirlidir. Qeyd olunmalıdır ki, bu peyvənd artıq 2020-ci ilin avqust ayında insanlar üzərində klinik sınaqların aparılması üçün hazır idi və Ümumdünya Səhiyyə Təşkilatının siyahısına salınmışdı. Hazırda dərc edilən məqalə vaksinin yüksək effektivliyinin daha bir sübutu hesab edilə bilər.
Qürurvericidir ki, bu məqalə Delta və Omikron da daxil olmaqla SARS-CoV-2-nin bütün ortaya çıxan variantlarına qarşı əhəmiyətli dərəcədə effektiv olan peyvəndin təsviri haqqında dünya üzrə ilk hesabatlardandır.
***
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov tərəfindən özbəkistanlı alimlərə sertifikatlar təqdim olunub.
Ş.Raşidov adına Səmərqənd Dövlət Universitetinin əməkdaşları – kimya üzrə fəlsəfə doktoru, dosent Xurşid Taşpulatov və aspirant Firdavsi Tursunov bir aylıq elmi tədqiqatlarını uğurla başa vurduqları üçün sertifikata layiq görülüblər.
Ezamiyyət müddətində özbəkistanlı alimlər Yüksək gərginliklər fizikası və texnikası laboratoriyasının müdiri, fizika elmləri doktoru, dosent Təranə Nurubəylinin rəhbərliyi ilə neft və qaz yataqlarının geokimyəvi metodlarla axtarışı və kəşfiyyatı istiqamətində təlimlər keçib və birgə elmi tədqiqatlar aparıblar.
***
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Gevara Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.
Muzeyin Ekspozisiya şöbəsinin müdiri Tomiris Babanlı qonağa zəngin Azərbaycan ədəbiyyatı haqqında ətraflı məlumat verərək, əsrlər boyu müxtəlif dillərdə və əlifbalarda yaradılmış elmi və bədii əsərlərimizlə tanış edib, bu ədəbiyyatı yaratmış görkəmli şəxsiyyətlərin ana dilimiz, milli ədəbiyyatımız və mətbuatımız uğrunda göstərdiyi fəaliyyəti diqqətə çatdırıb.
Hüqo Gevara muzeyin ekspozisiyasını bəzəyən tablolar, xalçalar, miniatürlər, xatirə əşyalarına böyük maraqla tamaşa edərək, belə bir muzeyin yaradılmasının Azərbaycan ədəbiyyatına böyük töhfə olduğunu qeyd edib. O, Nizami muzeyinin timsalında Azərbaycan xalqının öz milli sərvətlərinə necə qayğı ilə sahib çıxdığının bir daha şahidi olduğunu söyləyib. Aldığı hər bir məlumatı böyük həvəs və maraqla dinləyən qonaq Nizami muzeyinin həqiqətən dünya səviyyəli bir mədəniyyət ocağı olduğunu vurğulayıb.
Sonda qonağa müxtəlif kitablar və bukletlər hədiyyə olunub.
Ə.ƏLİYEV, “Xalq qəzeti”



