Azərbaycan təmsilçiləri “Qarabağ” UEFA Avropa Liqasının, “Neftçi” və “Sabah” komandaları isə Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarında mübarizə aparıblar.
Tofiq Bəhramov adına Respublika Stadionunda uzun fasilədən sonra ilk dəfə matça çıxan “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Norveç “Molde”sinə 6:2 hesabı ilə uduzan Helsinki təmsilçisi HİK ilə üz-üzə gəlib.
Rəqib qapısından 55-ci dəqiqədə ilk qolu keçirən Leandro Andrade Azərbaycan çempionunu önə keçirib. Lakin qonaqlar 77-ci dəqiqədə Entoni Olusanyanın qolu ilə tarazlığı bərpa ediblər - 1:1. Qələbə qolunu isə 85-ci dəqiqədə Juninyo rəqib qapısına göndərib (2:1).
Beləliklə, Çempionlar Liqası turnirinin ikinci təsnifat mərhələsində Polşanın “Rakuv” klubu ilə mübarizədə məğlub olan “köhlən atlar”ın qələbəsi göstərdi ki, futbolçularımız nəinki ruhdan düşməyiblər, əksinə daha əzmkar oyun sərgiləmək üçün bütün qüvvələrini səfərbər etməyə nail olublar. Azarkeşlər bir daha sevimli komandalarında qələbə ruhunun sarsılmazlığına şahid olublar.
Doğma meydanda Serbiyanın “Partizan” klubunu qəbul edən “Sabah” da inamlı mübarizəsi ilə azarkeşləri sevindirib. Oyunun 70-ci dəqiqəsində Azərbaycan təmsilçisinin sol cinah müdafiəçisi Boyan Letiç baxımlı qolla komandasının üstünlüyünü təmin edib. 74-cü dəqiqədə Letiç rəqibin qapısına daha bir qol vurmaqla dubl müəllifi olub. Beləliklə, “Sabah” rəqib üzərində iki cavabsız qolla inamlı qələbə qazanıb. Görüşü gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edib.
“Neftçi” isə Türkiyənin “Beşiktaş” klubu ilə mübarizədən 1:3 hesabı ilə məğlub ayrılıb. Qeyd edək ki, hər üç komandanın cavab oyunu avqustun 17-də keçiriləcək.
L.QURBANOVA, “Xalq qəzeti”

