Neftin qiyməti isə yanvardan bəri ilk dəfə bir barrel üçün 88 dolları ötüb
Əsas neft hasil edən ölkələrdə tədarükün azaldılması fonunda dünya bazarlarında qiymət artımı müşahidə edilir. Londondakı qitələrarası ICE birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti 0,62 faiz artaraq 1 barrelə görə 88,06 dollar olub. Son 6 ayda ilk dəfə Brendin barreli 88 dolları keçib. Sonuncu dəfə bu göstərici yanvarın 27-də qeydə alınmışdı.
Nyu-York əmtəə birjasında isə WTI markalı neftin sentyabr fyuçersləri 0,67 faiz artaraq bir barrel üçün 84,85 dollar təşkil edib.
“XM” broker şirkətinin baş investisiya analitiki Xarlampos Pissuros “Reuters” agentliyinə bildirib ki, neft qiymətlərinin əvvəlki səviyyədə bərpası, əsasən, Səudiyyə Ərəbistanı və Rusiya kimi böyük neft istehsalçılarının hasilatı azaltmaq öhdəliyi ilə bağlıdır. Onlar ən azı bir ay hasilatı aşağı saxlayacaqlar. Xarlampos Pissuros deyib: – Biz artan tələb fonunda hasilatın azaldılmasının qiymətlərə təsir edəcəyini gözləyirik. Proqnozumuza görə, Brent markalı neftin orta qiyməti 2023-cü ilin ikinci yarısında 86 dollar/barrel olacaq, noyabr və dekabr aylarında 88 dollar/barrelə çatacaq və 2024-cü ilin birinci rübündə də bu səviyyəyə yaxın qalacaq.
"SberCIB” analitika mərkəzindən isə bildirilib ki, dünya bazarları ABŞ-ın neft ehtiyatlarının həftə ərzində gözlənildiyindən daha çox artmasına baxmayaraq, geosiyasi risklər səbəbindən tədarükün azaldılmasından qorxur.
Xatırladaq ki, ABŞ-da kommersiya məqsədli neft ehtiyatları bir həftə ərzində 5,9 milyon barrel artaraq avqustun 4-nə 445,6 milyon barrel təşkil edib. Bu barədə ABŞ-ın Energetika Nazirliyi məlumat yayıb. Amma ehtiyatların hazırkı səviyyəsi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta səviyyədən bir qədər aşağıdır. Aydındır ki, bu cür xəbərlər bazara təsirsiz ötüşmür.
Dünya bazarlarında neftlə yanaşı, təbii qazın qiyməti də yüksəlir. London qitələrarası birjası ICE-nin məlumatına görə, avqustun 9-da Avropa İttifaqında əsas qaz sövdələşməsi olan Hollandiya mərkəzi TTF-də qazın birja qiyməti dörd saat ərzində 33 faizdən çox artaraq hər min kubmetr üçün 492,5 dollara çatıb.
Xatırladaq ki, gündəlik qiymət artımları 2022-ci ildə Rusiya qazının Aİ-yə tədarükünün ani dayandırılması qorxusu səbəbindən bir neçə dəfə baş vermişdi – o dönəmdə Avropa iqtisadiyyatı ehtiyac duyduğu bütün qazın təxminən 45 faizini Rusiyadan alırdı. Tədarükün azalması isə təbii qazın qiymətini kəskin artırmışdı.
Bəs bu dəfə qazın bahalaşmasının səbəbləri nədir? Birinci səbəb Avropa İttifaqında (40 dərəcə və yuxarı) və dünyanın qalan hissəsində anomal istilərdir. Bu barədə Ümumdünya Meteorologiya Təşkilatı xəbərdarlıq edib: Yeddi ildə ilk dəfə Sakit okeanın tropik hissəsində El Nino şərtləri hakim olub və bu, qlobal temperaturun kəskin artmasına, hava və iqlim şərtlərinin pozulmasına zəmin yaradıb. İsti havalarda isə elektrik enerjisi istehsalı artır və Aİ-də elektrik enerjisi istehsalında qazın payı təxminən 20 faiz təşkil edir. İstilər artıqca qaza da tələbat artır.
İkinci səbəb isə Asiyada qaza tələbatın artmasıdır. Asiya bazarlarında təbii qaz Avropa bazarlarından baha olur. Aİ-də qazın qiymətinin anomal artımını şərh edən BCS World Investments şirkətinin baş analitiki Ronald Smit bildirib ki, Aİ-nin qaz anbarları dolu olduğundan idxal azalır, bu səbəbdən də qiymət yaxın günlərdə yenidən aşağı düşəcək: Çox güman ki, qazın indiki qiymət artımı texniki artımdır, çünki son aylarda Avropada qazın qiyməti kəskin şəkildə aşağı düşmüşdü (331 dollaradək). Keçən ilin sonunda isə bu rəqəm hər min kubmetr üçün 1500 dollar idi.
Deməli, qazın qiymət artımı müvəqqəti xarakter daşıyır. Avropa qaz bazarında profisit var və qiymətlərin ciddi şəkildə artması üçün heç bir əsas yoxdur. İndiki qiymət artımı havaların isti keçməsi ilə bağlıdır.
Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”

