Xidmət Mərkəzinin fəaliyyəti genişlənir
Sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin daha da yaxşılaşdırılması, vergi ödəyicilərinə göstərilən xidmətlərin daha əlçatan olması məqsədilə Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzi fəaliyyət dairəsini genişləndirir.
Naxçıvan Muxtar Respublikası dövlət Vergi Xidmətindən verilən məlumata görə, Naxçıvan Şəhər Vergilər İdarəsinin xidmət strukturu tərəfindən 2023-cü ilin yanvar-aprel aylarında göstərilən xidmətlərin orta günlük sayı 46 olduğu halda, may ayında istifadəyə verilən xidmət mərkəzi tərəfindən may-iyul aylarında xidmətlərin orta günlük sayı 114, yəni 2,4 dəfə çox olub. May-iyul ayları ərzində Vergi ödəyicilərinə xidmət mərkəzində ümumilikdə 4 min 328 vətəndaş qəbul edilib və onlara 6 min 955 xidmət göstərilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə qəbul edilmiş vətəndaşların sayından 1,8 dəfə, göstərilən xidmətlərin sayından isə 2,8 dəfə çoxdur.
Xidmətlər, əsasən, vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu və vergi orqanlarında qeydiyyat, bəyannamələrin, cari vergi ödəmələrinin hesablanması barədə arayışın təqdim edilməsi, elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun, “Asan İmza” sertifikatının verilməsi və digər məsələlərlə bağlı olub.
Sosial sığorta haqları üzrə daxilolmalar 12,1 faiz təşkil edib
Muxtar respublikada 2023-cü ilin yanvar-iyul ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun şəffaflaşdırılması prosesi nəticəsində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 86,6 milyon manatdan çox olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz və ya 9,4 milyon manat çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrünə nisbətən 17,2 faiz artaraq 24,5 milyon manat təşkil edib.
Cari ilin 7 ayında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz artaraq 2,3 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 14 milyon manat olmaqla, ötən ilin eyni dövrünə nisbətən 8,3 faiz artıb.
Banklara qoyulan əmanətlərin həcmi 20 faizdən çox artıb
Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin məlumatına əsasən, bu il iyulun 1-ə Naxçıvanda fəaliyyət göstərən banklarda əhalidən cəlb edilmiş müddətli əmanətlərin həcmi 15 milyon 228,5 min manat təşkil edib. Bu isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,2 faiz çoxdur. Bunun 95,3 faizi və ya 14 milyon 507,8 min manatı milli valyutada, 4,7 faizi və ya 720,7 min manatı isə xarici valyutada qoyulub. Bu da illik müqayisədə 22,1 faiz çox və 7,7 faiz azdır.
Muxtar respublika Maliyyə Nazirliyinin saytı AzStateNet şəbəkəsinə köçürülüb
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyətdə olan dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi, o cümlədən qurumların köhnə versiyalı informasiya resurslarının müasir dizaynda yenidən hazırlanaraq təhlükəsizlik tələblərinə uyğunlaşdırıldıqdan sonra “GOV.AZ” domen zonasına köçürülməsi istiqamətində tədbirlər həyata keçirilir. Nazirlikdən verilən məlumata görə, bu tədbirlərin davamı kimi artıq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin veb-saytı da “nmaliyye.gov.az” domen adı ilə AzStateNet şəbəkəsinə köçürülüb. Təhlükəsizlik və istifadəçi rahatlığını nəzərə alaraq sayt müasir proqramlaşdırma dillərindən istifadə edilərək yenidən hazırlanıb.
Həmçinin, saytın optimizasiyası, axtarış sistemlərinə uyğunlaşdırılması, təhlükəsizliyinin təmin olunması, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün də nazirliyin mütəxəssisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib.
Məlumatda bildirilir ki, nazirliyin yeni internet səhifəsinin domen ünvanı da müvafiq qaydada yenilənməklə gov.az domeninə bağlı e-poçt adresləri ilə təmin ediləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən muxtar respublikada dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Vergi daxilolmalarında yüksək göstərici əldə olunub
Dövlət Vergi Xidmətinin məlumatına görə, 2023-cü ilin 7 ayında muxtar respublikanın Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 90,7 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 38 faiz və ya 25 milyon manat çoxdur.
Dövlət Vergi Xidmətində qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,4 faiz və ya 28,1 milyon manat artıb.
Cari ilin iyul ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 49,1 faiz və ya 4,9 milyon manat artım qeydə alınıb.
Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”




