Bütün yollar Qarabağa aparır...

post-img

Toğanalı-Kəlbəcər-İstisu yolunun inşası davam edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı­na əsasən Qarabağ və Şərqi Zən­gəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələ­rindən biri 82 kilometr uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu av­tomobil yoludur.

Göygöl və Kəlbəcər rayonlarını birləş­dirən avtomobil yolunun layihə uzunluğu Toğanalı-Kəlbəcər istiqamətində 56 kilo­metr, Kəlbəcər-İstisu marşrutu üzrə isə 26 kilometr təşkil edir. Toğanalı-Kəlbəcər layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 metrdən Murovdağ zirvəsinədək 3 250 metrə qədər artır.

Bu hissədə dünyanın ən uzun avto­mobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq. Əlavə olaraq 561,2 metr, 626,9 metr, 480 metr və 947,90 metr uzunluğunda 4 tunelin tikintisi də həyata keçirilir.

Sol və sağ hissələrdən ibarət olan, sol hissəsi 11 min 699,6 metr, sağ his­səsi isə 11 min 678,7 metr (ümumi uzun­luğu 23 min 378,3 metr) uzunluğa malik olacaq Murovdağ tunelinin sol hərəkət is­tiqaməti üzrə ümumilikdə 5 min 780 metr qazma və püskürtmə işləri, 2 min 937 metr isə kəmər betonu işləri tamamlanıb, sağ istiqamət üzrə isə ümumilikdə 5 min 990 metr qazma və püskürtmə işləri, 896 metr isə kəmər betonu işləri tamamlanıb. Bundan başqa, Murovdağ tunelinin daxi­lində sağ və sol hissələri birləşdirən 18 bağlantı yolu (keçid tunel) inşa edilib və yeni bağlantı yolların inşası istiqamətində işlər davam etdirilir. 

Dövlət başçısının tapşırığına əsasən, Toğanalı-Kəlbəcər-İstisu avto­mobil yolu 2, 3 və 4 hərəkət zolaqlı ol­maqla I, II və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keç­diyi ərazinin sərt dağlıq və qayalıq relye­finin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqlı, yoxuş­larda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Murovdağ tuneli olan hissədə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırı­lır. Layihə üzrə I dərəcəli yolun ümumi uzunluğu 14,2, II dərəcəli yolun ümumi uzunluğu 34,8 kilometr , III dərəcəli yo­lun ümumi uzunluğu isə 33 kilometr təş­kil edir.

Layihə üzrə ümumi uzunluğu 2 min 968 metr olan 6 qovşağın və ümumi uzunluğu 5 min 600 metr olan 36 bağlan­tı yolun tikintisi də nəzərdə tutulub. Yolun Toğanalı-Kəlbəcər hissəsində hazırda ərazi təmizlənməsi, bitki qatının çıxa­rılması, qazma və dolğu, həmçinin süni qurğuların tikintisi işləri davam edir. Qaz­ma və dolğu işləri 56 faiz tamamlanıb. Tamamlanmış hissələrdə yol əsasının tikintisi və asfalt-beton örtüyünün döşən­məsi işləri icra olunur.

Yolun Kəlbəcər-İstisu hissəsində isə müəyyən hissələr üzrə ərazi təmizlən­məsi, bitki qatının çıxarılması, qazma və dolğu işləri, süni qurğuların tikintisi işləri davam edir.

Qeyd edək ki, tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəh­bərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”na əsasən aparılır. Tərtib olunmuş qrafikə uyğun layihənin vaxtın­da yekunlaşdırılması məqsədilə agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğa­nalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu üzdən sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qə­dər rahat gediş-gəlişi təmin edəcək.

Bütün yollar Qarabağa aparır...

“Xalq qəzeti”

Sosial həyat