Azərbaycan Xalq Cümhuriyyəti erməni şovinizminə qarşı mübarizədə

post-img

Çox gərgin və mürəkkəb beynəlxalq vəziyyətdə istiqlaliyyət əldə etmiş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) xarici siyasətinin əsas istiqamətlərini beynəlxalq aləmdə gənc dövlətin tanınmasına nail olmaq və qonşu dövlətlərlə mehriban münasibətlər yaratmaq təşkil edirdi. Azərbaycan diplomatiyasının ilk addımı respublikanın suverenliyinin elan edilməsi haqqında qabaqcıl xarici dövlətlərə məlumat vermək oldu. Azərbaycan hökumətinin növbəti addımlarından biri 1918-ci il iyun ayının 4-də Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsinin imzalanması idi. Bu müqavilə cümhuriyyətin beynəlxalq nüfuzuna müsbət təsir göstərdi, onun ərazi bütövlüyünün, xalqın fiziki varlığının qorunub saxlanılması üçün zəruri addım oldu.

Azərbaycan hökumətinin qarşısında duran ən çətin vəzifələrdən biri Ermə­nistanla normal qonşuluq münasibətləri yaratmaq idi. AXC-nin ciddi güzəştə get­məsinə baxmayaraq nankor qonşumuz ərazi iddialarından əl çəkmirdi. O, Azər­baycanın əzəli torpaqları olan Zəngəzur, Naxçıvan və Qarabağa göz dikmişdi. Er­mənistanın ərazi iddiaları iki qonşu döv­lət arasında sərhəd mübahisələrinin dinc yolla nizama salınmasına mane oldu. 

Regionda ziddiyyətləri olan Ermənis­tan Cənubi Qafqazda hegemonluq iddi­asında idi.1918-1920-ci illərdə Azərbay­can Cümhuriyyətinin bolşevik Rusiyası ilə münasibətləri gərgin idi. Azərbaycanın iqtisadi mənafeyi Rusiya ilə münasibətlə­rin normal olmasını tələb edirdi. 1919-cu ilin mart ayında N.Yusifbəylinin başçılığı ilə yaradılmış yeni Nazirlər Kabineti bir daha Rusiya ilə bərabərlik və müstəqillik əsasında qarşılıqlı münasibətlərin qurul­masını zəruri hesab edirdi. Lakin “böyük dövlətçilik” mövqeyindən əl çəkməyən bolşevik Rusiyası keçmiş imperiyanın ərazisində yaradılmış yeni dövlətləri tanı­maqdan imtina edirdi.

1918-ci il oktyabr ayının 30-da Birinci dünya müharibəsində məğlub olan Tür­kiyə Mudros barışığının Azərbaycan üçün də çox ağır olan şərtlərinə görə ordusu­nu Azərbaycan ərazisindən çıxarmalı idi. Müttəfiq ordularının komandanı general Tomson türk komandanlığına bir həftə ərzində Bakını, bir ay ərzində isə bütün Cənubi Qafqazı tərk etmək barədə ultima­tum verdi. Noyabr ayının 17-də general Tomson başda olmaqla, ingilis qoşunları Bakıya daxil oldular. O, bir neçə gün Bakı­da vəziyyətlə tanış olduqdan sonra bildir­di ki, Britaniya komandanlığı Azərbaycan hökumətinə böyük hörmət bəsləyir. 

Dəyişilmiş şəraitə uyğun olaraq, Azərbaycan Milli Şurasının öz fəaliyyətini bərpa etməsi və parlamentin fəaliyyətə başlaması AXC-nin çevikliyini, ağır vəziy­yətdən çıxmaq bacarığını sübut etdi. Ge­neral Tomson 1918-ci il dekabrın 26-da yaradılmış yeni hökuməti iki gün sonra tanıdığını bildirdi.

Bakıda fəaliyyət göstərən erməni və rus milli şuraları, digər mürtəce qüvvələr “Vahid və bölünməz Rusiya” şüarı altında çıxış edərək Azərbaycan Xalq Cümhu­riyyətini devirməyə çalışırdılar. Onlar bu məqsədlə 1919-cu ilin yanvar ayında L.Biçeraxov başda olmaqla Qafqaz-Xəzər dövləti yaratdılar. Azərbaycan hökuməti 1919-cu il fevralın 28-də müttəfiq dövlət­lərin komandanlığına nota verdi. Notada Biçeraxovun qoşunlarının şəhərdən çıxa­rılması və erməni hərbi birləşmələrinin tərksilah olunması tələb edilirdi. İngilis komandanlığı Azərbaycan hökumətinin tələblərini müdafiə etdi. Biçeraxovun dəstəsi bir gün ərzində Bakıdan çıxarıl­dı, erməni birləşmələri tərksilah edildi və buraxıldı.

Azərbaycan hökumətinin ən vacib məsələlərindən biri respublikanın bey­nəlxalq aləmdə tanınmasına nail ol­maq idi. Hökumət 1918-ci il dekabrın 28-də Paris Sülh Konfransında iştirak edəcək nümayəndə heyətinin tərkibini təsdiq etdi. Nümayəndə heyətinin səd­ri Ə.M.Topçubaşov, üzvləri M.Hacınski, Ə.Ağayev, Ə.Şeyxülislamov, C.Hacıbəyli, M.Mehdiyev, M.Məhərrəmov oldular. Nümayəndə heyətinə Paris Sülh Kon­fransında respublikanı təmsil etmək, Azərbaycan Respublikasının de-fakto tanınmasına nail olmaq, Azərbaycanın milli mənafeyini və suverenliyini qorumaq səlahiyyətləri verilmişdi. 

Azərbaycan məsələsi ilk dəfə mayın 2-də İngiltərə, ABŞ, Fransa və İtaliya dövlət başçılarının görüşündə müzakirə edildi. ABŞ prezidenti Vidro Vilson Azər­baycan nümayəndəliyinin Paris Sülh Konfransına buraxılmasının əleyhinə çıxış etdi. Mayın 28-də nümayəndə heyə­ti V.Vilson tərəfindən qəbul edildi. Görüş zamanı Azərbaycan Respublikasının memorandumu V.Vilsona təqdim edildi. Danışıqlar zamanı yerli şəraiti öyrənmək üçün Cənubi Qafqaza ABŞ-ın xüsusi nü­mayəndəsinin göndərilməsinin məqsə­dəuyğun hesab edilməsi söylənildi.

Ermənistan hökuməti ABŞ vasitəsilə Azərbaycana olan ərazi iddialarına nail olmaq istəyirdi. Lakin yerlərdə vəziyyətlə ətraflı tanış olan V.Laskel avqust ayının 29-da Bakıda apardığı danışıqlarda Qa­rabağ və Zəngəzurun Azərbaycana məx­sus olduğunu bildirdi. Naxçıvan, Şərur və Dərələyəzdə ABŞ general-qubernatoru tərəfindən idarə olunan neytral zona ya­radılmasını təklif etdi. Oktyabrın 24-də Naxçıvanda ABŞ general-qubernatorlu­ğunun yaradılması və Amerika polkov­niki E.Dellinin buraya qubernator təyin edilməsi barədə V.Laskelin bəyanatı elan edildi. Lakin Azərbaycan hökumətinin qəti mövqeyi, Naxçıvan əhalisinin ciddi müqaviməti amerikalıların planlarını puç etdi. Polkovnik Delli isə Naxçıvanda Pa­ris Sülh Konfransının nümayəndəsi kimi fəaliyyət göstərdi.

1919-cu ilin yayında Kolçakın və Denikinin ordularının qələbələri müttə­fiq dövlətlərin Omsk hökumətini tanı­masını sürətləndirdi. Antanta ölkələrinin Ali Şurası iyun ayının 12-də Omsk hö­kumətinin tanınması və ona hərtərəfli yardım göstərilməsi barədə nota ilə çıxış etdi. Azərbaycan, Gürcüstan və Şimali Qafqaz respublikaları sülh konfransına etiraz notası göndərdilər. Onlar Kolçak hökumətinin tanınmasının gənc respub­likaların həyati mənafeyinə toxunduğunu bildirdilər. 1919-cu ilin payızında Kolça­kın ve Denikinin ordularının Rusiya tərə­findən məğlub edilməsi beynəlxalq şəraiti dəyişdirdi. Böyük Britaniyanın baş naziri Lyold Core noyabr ayının 12-də İngiltərə parlamentində çıxışı zamanı Azərbaycan və Gürcüstanın müstəqilliyinin tanınma­sının mümkün olduğunu bildirdi. O, hə­min ideyasını Paris Sülh Konfransında da təkrar etdi. Nəhayət, 1920-ci il yanva­rın 11-də Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzonun təklifi ilə Antantanın Ali Şurası Azərbaycan Xalq Cümhuriyyə­tinin müstəqilliyini de-fakto səviyyəsində tanıdığını bildirdi.

Cənubi Qafqaz Seymi dağıldıqdan sonra yeni yaranmış dövlətlərin sərhəd­lərini müəyyən etmək zərurəti meydana çıxmışdı. Ermənistan dövləti öz mövcud­luğunun ilk günlərindən Azərbaycana təcavüz etməyə, qədim Azərbaycan tor­paqlarını işğal etməyə çalışırdı. 1918-ci ilin yayında türk xalqlarının qəddar düş­məni Andronik 8 min nəfərlik hərbi qüvvə ilə Zəngəzura hücum etdi. O, Zəngəzur əhalisindən Ermənistan hökumətinə tabe olmağı, ya da Zəngəzuru boşaltmağı tələb etdi. Azərbaycanın digər bölgələ­rindən ayrı düşmüş silahlı qüvvələr də bu təklifi rədd etdilər.Andronikin quldur dəstəsi Azərbaycan kəndlərini dağıdır, yandırır, dinc əhalini vəhşicəsinə öldü­rürdü. Daşnaklar 1918-ci ilin sonlarında Zəngəzurda 115, Cavanşir, Şuşa qəzala­rında 21, İrəvan quberniyasında 60-dan çox Azərbaycan kəndini məhv etdilər. 100 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovuldu.

Azərbaycan hökuməti Andronikin dəstələrinin Zəngəzurda və Qarabağda törətdikləri quldurluğun qarşısını almaq üçün təcili tədbirlər gördü. Hökumə­tin 1919-cu il 15 yanvar tarixli iclasında Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları hüdudlarında Qarabağ general - qubernatorluğu vəzifəsinin təsis edilməsi qərara alındı. General - qubernator təyin edilmiş Xosrov bəy Sultanov fevral ayının 12-də Şuşa şəhərinə gələrək öz vəzifə­sinin icrasına başladı. Andronik Gorus şəhərini ələ keçirib ermənilərin “Kiçik Ermənistan”ın paytaxtı adlandırdıqla­rı Şuşa şəhərini tutmağa üç dəfə cəhd göstərdi. Azərbaycanın özünü müdafiə qüvvələri Zabux dairəsində Andronikin quldur dəstələrini darmadağın etdilər. Onu böyük itkilərlə Gorusa çəkilməyə məcbur etdilər. 

1919-cu il fevralın 23-də Andronik ye­nidən böyük bir dəstə ilə Gorusdan Dığ istiqamətinə hərəkət edərək, bütün Zən­gəzuru ələ keçirməyə çalışsa da Xosrov bəy Sultanovun qətiyyətli mövqeyi və təd­birləri onu yenidən Azərbaycan ərazisini tərk etməyə məcbur etdi.1919-cu ilin iyun ayında Şuşada erməni Milli Şurasının fit­nəkarlığı nəticəsində silahlı toqquşma baş verdi. X.Sultanov erməni Milli Şurasının üzvlərinin Azərbaycanı tərk etmələrinə nail oldu. Azərbaycan hökuməti Qarabağ­da qan tökülməsinin qarşısını aldı. Erməni millətçilərinin “Dənizdən -dənizə Böyük Ermənistan” planlarına Naxçıvan torpaq­ları da daxil idi. 1918-ci ilin may-avqust aylarında Andronik 8 min nəfərlik quldur dəstəsi ilə Naxçıvana soxulub “etnik” tə­mizləmə adı ilə kəndləri top atəşinə tutur, yerli əhalini vəhşicəsinə öldürürdü. Avqust ayının 7-də K.Qarabəkir paşanın başçılığı ilə türk ordusu Naxçıvana daxil oldu. Bu­nunla da Andronik dəstələrinin Naxçıvan­dakı özbaşnalığına son qoyuldu. 

Birinci dünya müharibəsində Türkiyə­nin məğlub olması türk qoşunlarını no­yabrın 1-də Naxçıvanı tərk etməyə məc­bur etdi. Naxçıvan bölgəsinin Ermənistan tərəfindən işğal olunması təhlükəsi yerli azərbaycanlıların Araz-Türk Respublika­sı yaratması ilə nəticələndi. Azərbaycan hökuməti Naxçıvanın müdafiəsi üçün tə­cili tədbirlər gördü. 1919-cu il fevral ayı­nın 28-də hökumətin qərarı ilə Naxçıvan general-qubernatorluğu yaradıldı. Bəh­ram xan Naxçıvanski general-qubernator vəzifəsinə təyin edildi. 

Ermənilərin Naxçıvan torpaqlarına yiyələnmək cəhdləri 1919-cu ilin yazında daha da qüvvətləndi. İngilis komandanlı­ğının razılığı ilə 1919-cu il may-iyul ayla­rında Naxçıvan bölgəsində erməni idarə­çiliyi yaradıldı. Naxçıvan əhalisi buna kəskin etirazını bildirdi. İyul ayının 25-də Naxçıvan əhalisi güclü hücuma keçərək erməni qoşunlarını əzdi və onları qaçma­ğa məcbur etdi. Naxçıvan bölgəsindəki “erməni idarəçiliyi” iflasa uğradı.

1919-cu il noyabrın 23-də Tiflis­də Azərbaycanla Ermənistan arasında imzalanan sazişə görə tərəflər silahlı toqquşmanı dayandırmaq və mübahisəli sərhəd məsələsini dinc yolla həll etmək barədə razılığa gəldilər. Ermənistan sa­zişin şərtlərini pozaraq, yenidən Zəngə­zura qoşun yeritdi. Ermənilər 50-dən çox Azərbaycan kəndini dağıdaraq əhalini qaçmağa məcbur etdilər. Azərbaycan or­dusunun yerli partizan dəstələri ilə birgə səyləri nəticəsində ermənilərin Qarabağa soxulmaq planları pozuldu və 1920-ci ilin fevral ayında Zəngəzurda qısamüddətli sabitlik yarandı.

“Dənizdən-dənizə Böyük Ermənis­tan” yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri Paris Sülh Konfransında da Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirdilər. Parisdə olan erməni nü­mayəndələri Ermənistanın ərazisini tək­cə Türkiyənin 7 vilayəti hesabına deyil, həm də Gürcüstanın və Azərbaycanın hesabına genişləndirmək istəyirdilər. Onların sülh konfransına təqdim etdik­ləri ərazi tələblərinə qədim Azərbaycan torpaqları olan Zəngəzur, Qarabağın bir hissəsi və Naxçıvan bölgələri də daxil edilmişdi. Paris Sülh Konfransındakı er­məni nümayəndələri Qarabağda, Zəngə­zurda, Naxçıvan bölgəsində törətdikləri qanlı cinayətlərini azərbaycanlıların adı­na çıxarmaqla Azərbaycan Cümhuriyyə­tini nüfuzdan salmağa çalışırdılar. 

Parisdə olan Azərbaycan nümayən­dələri erməni–azərbaycanlı münaqişəsi­ni tədqiq etmək üçün beynəlxalq istintaq komissiyasının təsis edilməsi məsələ­sini qaldırdı. Öz cinayətlərinin üstünün açılacağından qorxuya düşən ermənilər müxtəlif bəhanələrlə bu işi pozdular. Pa­ris Sülh Konfransında ermənilərin Azər­baycana qarşı ərazi iddiaları, iftira və böhtanları Azərbaycan nümayəndəliyi tərəfindən qətiyyətlə dəf edildi.

 

Elmar XƏLİLOV,
Sumqayıt Dövlət Universitetinin sosial məsələlər və
ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent

Siyasət