İsraildə Azərbaycan səfirliyinin açılması münasibətlərin inkişafına təkan verəcək tarixi hadisədir

post-img

Martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Təntənəli açılışda Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov və Eli Kohen, həmçinin hər iki ölkənin parlament, ictimaiyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Azərbaycan XİN-dən redaksiyamıza verilən məlumatda bildirilir ki, mərasim hər iki ölkənin Dövlət himnlərinin səslən­məsi ilə başlayıb. Çıxış edən nazir Cey­hun Bayramov səfirliyin açılışını iki ölkə münasibətlərinin inkişafına yeni təkan verəcəyini vurğulayıb. Diplomat Azər­baycan–İsrail əməkdaşlığının müxtəlif istiqamətlərindən danışıb, perspektiv im­kanları qeyd edib. O deyib ki, Azərbay­canın yəhudi icması cəmiyyətimizin in­kişafına öz töhfəsini verir. Nazir səfirliyin açılışından sonra İsraildəki Azərbaycan diasporunun fəaliyyətinin də aktivləşəcə­yinə əmin olduğunu söyləyib.

Mərasimi tarixi hadisə adlandıran na­zir Eli Kohen 30 illik əməkdaşlıq müddə­tində səfirliyin açılışının strateji əlaqələrin dərinliyindən xəbər verdiyini vurğulayıb. Azərbaycanı İsrailin strateji tərəfdaşı ad­landıran nazir iki ölkənin müxtəlif sahələr­də sıx əməkdaşlıq etdiyini bildirib. O, mü­nasibətlərimizin bundan sonra daha da dərinləşəcəyinə əminliyini ifadə edib.

Sonra nazirlər səfirliyin adı olan lövhə­ni təqdim ediblər.

***

Həmin gün İsrailin Baş naziri Benya­min Netanyahu Təl-Əvivdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla gö­rüşüb və onu səfirliyin açılması münasi­bətilə təbrik edib.

Tərəflər Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq, eləcə də regiondakı vəziyyət ətrafında fikir mü­badiləsi aparıblar. 

***

Martın 29-da Azərbaycan Respublika­sının xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfəri çərçivəsində İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen ilə görüşüb.

Söhbət zamanı Azərbaycan Respub­likası ilə İsrail Dövləti arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıqdan məmnunluq ifadə olunaraq, siyasi, iqtisa­di, ticarət, o cümlədən energetika, təhsil, yüksək texnologiyalar, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlığın inki­şaf etdirilməsi məsələləri ətrafında müza­kirələr aparılıb. 

Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında tarixi dostluğa, əmək­daşlığa söykənən əlaqələrin mövcud olduğunu qeyd edən nazir Ceyhun Bay­ramov iki ölkə arasında intensiv qarşılıqlı səfərlərin münasibətlərin daha da inki­şafına müsbət təkan verdiyini vurğula­yıb. Bu ilin yanvarında Bakıda keçirilən Xarici İşlər Nazirliklərimiz arasında illik Strateji Dialoqla yanaşı, İsrailin Avrasiya ölkələrindəki səfirlərinin İsrail Xarici İşlər Nazirliyinin mərkəzi aparatının yüksək vəzifəli məmurlarının iştirakı ilə Bakı­da xidməti müşavirəsinin keçirilməsinin möhkəm dostluq və tərəfdaşlığımızın göstəricisi olduğunu bildirib. Azərbayca­nın İsraildə səfirliyinin açılmasının strateji müttəfiqlik əlaqələrinin gücləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Görüşdə Ceyhun Bayramov həmkarını bölgədə post-münaqişə dövründə ölkəmi­zin sülh, təhlükəsizlik və əməkdaşlığın qu­rulması istiqamətində təşəbbüsləri barədə məlumatlandırıb. Bu səylərə baxmayaraq, Ermənistanın davamlı təxribatlar törətdi­yi və prosesə xələl gətirdiyini qeyd edib. Həmçinin, nazir işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, geniş­miqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib, İsrail şirkətlərinin bu pro­sesdə iştirakını məmnunluqla qeyd edib.

İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen ölkəsinin Azərbaycanla hərtərəf­li əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Tərəflər strateji xarakter daşıyan ikitərəfli münasibətlərin bütün spektrləri, habelə beynəlxalq və regional məsələlər üzrə müxtəlif səviyyələrdə siyasi dialoqun bundan sonra da fəal surətdə inkişaf et­dirilməsinə hazır olduqlarını ifadə ediblər.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Daha sonra, nazirlər mətbuat konfran­sında bəyanatla çıxış ediblər.

***

Azərbaycan Respublikasının xarici iş­lər naziri Ceyhun Bayramov həmin gün İs­rail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə də görüşüb.

Görüşdə, iki ölkə arasında müdafiə, hərbi-texniki və digər aidiyyəti sahələr üzrə əməkdaşlıq, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müza­kirə olunub.

Nazir Bayramov Azərbaycan və İsrail arasında müdafiə sahəsində münasibət­lərin mövcud əməkdaşlıq gündəliyində müstəsna rolunu diqqətə çatdırıb. 

17 fevral 2023-cü il tarixində Azərbay­can Respublikasının Prezidenti İlham Əli­yevin Münhen Təhlükəsizlik Konfransın­da iştirakı çərçivəsində İsrail Dövlətinin müdafiə naziri ilə keçirdiyi görüşə istinad edən nazir Ceyhun Bayramov sıx təmas­ların, o cümlədən qarşılıqlı səfərlərin mü­nasibətlərin inkişafına mühüm töhfə ver­diyini bildirib.

Nazir Bayramov, həmçinin post-mü­naqişə dövründə bölgədə mövcud və­ziyyət, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi is­tiqamətində sülh və quruculuq səyləri barədə qarşı tərəfi məlumatlandırıb. 

Nazir Yoav Qallant, iki ölkənin mü­dafiə, hərbi-texniki sahədə uğurlu əmək­daşlıq təcrübəsinə istinad edərək, bu xüsusda, əməkdaşlığın daha da geniş­ləndirilməsi üçün mövcud potensialdan istifadənin vacibliyini qeyd edib. Qarşılıqlı təmasların davam etdirilməsinin əhəmiy­yətli olduğu bildirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

“Xalq qəzeti”

2-2222222.jpg

Siyasət