Heydər Əliyev: şəxsiyyət və lider

post-img

V MƏQALƏ

Milli ideya və regional siyasi ritorika

Ulu öndərin siyasi ritorikasının semantikası ilə funksionallığının baza sistemi haqqında əvvəlki məqalədə bəhs etmişik. Burada “güclü müstəqil milli dövlət”, “güclü iqtisadiyyat”, “güclü cəmiyyət”, “güclü ordu”, “müstəqil hüquqi və demokratik dövlət”, “dünyada münaqişələrin dinc yolla həllinə tərəfdar dövlət”, “milli ideya”, “suverenlik”, “ərazi bütövlüyü” və digər anlayışların Azərbaycanın daxili və xarici maraqlarının məntiqi kontekstində sistemləşdirilməsində və onun praktiki müstəvidə funksionallığını saxlamasında xüsusi rol oynadığını bir daha vurğulamağa ehtiyac görürük.

Bu, əslində, Azərbaycanın daxili mühitinin siyasi konseptuallaşmasının terminoloji bazasını təşkil edir. Eyni zamanda, onların sırasında regional miqyasda Heydər Əliyev siyasi konsepsiyasının substantiv və funksional aspektlərdə ifadəsinə çıxış olan anlayışlar da mövcuddur. Onlar “dünyada münaqişələrin dinc yolla həllinə tərəfdar dövlət”, “milli ideya”, “suverenlik”, “ərazi bütövlüyü”dür. Bunların region miqyasında semantik və funksional özəlliklərinin mərkəzində “milli ideya” anlayışı dayanır. Çünki milli ideya Heydər Əliyev üçün yalnız yığcam və düzgün müəyyən edilmiş siyasi anlayış deyildi – o, konkret fəaliyyət istiqamətini göstərən və buna uyğun dövlətçi fəaliyyətin feili gerçəkləşməsini tələb edən ideyadır! Bu tezisin konseptual anlamını izah edək.

Milli ideyanın mərkəzi müddəası ərazi bütövlüyünün bərpasıdır. Burada siyasi anlamda Heydər Əliyev “ərazi bütövlüyünün bərpası” anlayışına milli və regional miqyaslar arasında konseptual məna bağlantısı yaratmalı olan məzmun vermişdir. Yəni milli ideyanın reallaşması (siyasi-nəzəri müstəvidə əyaniləşməsi) özündə iki mühüm şərti ehtiva edirdi: Birincisi, Azərbaycan müstəqil dövlət kimi ərazi bütövlüyünü bərpa etməli, ikincisi, ərazi bütövlüyü o zaman bərpa olunmuş sayılmalı idi ki, o, Azərbaycanın suverenliyini tam təmin etməsinə imkan verən regional və qlobal mühit formalaşdırmağı stimullaşdırsın.

Bu iki şərtin məna, məzmun və funksional vəhdəti siyasi konseptual anlayışlar sisteminin milli miqyasdan regional miqyasa proyeksiyasının nəzəri keçidini təmin etmişdir. Bununla Azərbaycan liderinin müstəqillik mərhələsinin siyasi-konseptual sisteminin ikinci pilləsinə keçidinin əsasları hazırlanmışdır. Onun fonunda siyasi konsepsiyanın anlayışlar sisteminin ikinci (regional səviyyəsinin) başlıca fəlsəfi məqamlarını müəyyən etmək olar.

Enerji strategiyası

Siyasi konseptual sistemin regional miqyasda reallaşmasının başlıca stimulverici və təminedici faktoru kimi enerji strategiyası çıxış etmişdir. Niyə məhz enerji strategiyası? Hansı səbəblərdən siyasi institutlaşma və cəmiyyətin multikultural dəyərlər əsasında birliyinin təmini regional miqyasda enerji strategiyasını əvəz edə bilməzdi? Əlbəttə, vurğulanan son iki faktor regional miqyasda olduqca əhəmiyyətli konseptual və praktiki rol oynamışdır. Ancaq onların da təməlində enerji strategiyası dayanırdı.

Məsələnin kökü Azərbaycanın müasir mərhələdə dövlət identikliyinin mərkəzi anlamı ilə bağlıdır. Onu ilk dəfə Ulu öndər, faktiki olaraq, 1993-cü il iyunun 15-də Azərbaycan Respublikasının Milli Məclisindəki çıxışı zamanı konseptual səviyyədə dəqiq ifadə etmişdir. Onu fəlsəfi olaraq iki əsas tezisdə birləşdirmək mümkündür.

Birincisi, “Ali Sovetin sədri kimi, Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkisaf etdirməyi ozüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır”.

İkincisi, “...mənim fikrimcə, Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəkdir. Keçmiş Sovetlar İttifaqının bərpa olunması, Azərbaycan Respublikasının da ora daxil olması ehtimalı haqqında bəzi şaiyələr, fikirlər gəzir. Bunlar xülyadır. Mən bu fikirləri rədd edirəm va bütün Azərbaycan vətəndaşlarını bu fikirlari rədd etməyə dəvət edirəm”.

Bu iki tezisi vahid mətn kimi təsəvvür edərək, onun siyasi ritorikasının semantik və funksional aspektlərini təhlil edək. Onu vurğulayaq ki, müasir siyasi, fəlsəfi, sosioloji, kulturoloji və informasiya nəzəriyyələrində liderin siyasi ritorikasının mətndən çıxış edərək substantiv (yəni mahiyyət, məna) və funksional (yəni nəzəri və praktiki müstəvilərdə yerinə yetirdiyi feili funksiyalar) kontekstlərdə təhlili geniş yayılmışdır. Onun əsasında siyasətçinin siyasi məqsədi ilə yanaşı, onun lider kimi kimliyi, strateji hədəflərinə çatmaq üsulları haqqında fəlsəfi və elmi nəticələr çıxarırlar. Azərbaycanda Heydər Əliyevin siyasi konseptual sisteminin həmin kontekstdə ciddi araşdırılmasına böyük ehtiyac vardır. Bu, faktiki olaraq Ulu öndərin yeni səviyyədə fəlsəfi dərkinin bünövrəsini qoya bilər.

Burada biz baxdığımız kontekst və miqyasda məhdud sayda açar məqama toxunacağıq.

Siyasi ənənənin konseptual ifadəsinin semantikası

Ulu öndər qeyd edilən tezisində vurğulayır: Birincisi, Azərbaycan Respublikasının dövlət müstəqilliyi xalqın tarixi nailiyyətidir, ikincisi, əsas vəzifə bu müstəqilliyi (yəni xalqın tarixi nailiyyətini) qorumaq, möhkəmləndirmək və inkisaf etdirməkdən ibarətdir, üçüncüsü, bu zaman, Azərbaycanın dövlət kimi, 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında mövcud olması mütləq şərtdir, dördüncüsü, həmin kontekstdə müstəqil dövlət identikliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı müəyyən edilməlidir.

Vurğulanan dörd müddəanın siyasi ritorikasının yaratdığı ümumi mətn məntiqinə siyasi nəzər salaq. Hər şeydən öncə, Heydər Əliyev üçün dövlət xalqın tarixi uğurudur ki, bu da “dövlət xalqa xidmət etməlidir” tezisində yığcam ifadə edilmişdir. Ulu öndər dəfələrlə bu kəlamı demişdir.

Sonra, Azərbaycan siyasətçilərinin, o cümlədən dövlət başçısı və liderin müqəddəs vəzifəsi müstəqilliyi qorumaq və inkişaf etdirməkdən ibarət olmalıdır. Bu müddəanın məntiqi özəlliyinin bir tərəfi müstəqilliyi əbədi qorumaqdırsa, digər xüsusiyyəti dövləti daim inkişaf etdirərək, həmişə güclü etməkdən ibarətdir. Bununla müstəqilliyi qorumaqla güclü dövlət yaratmanın konseptual konteksti verilir. Həmin semantik və kommunikasiya sahəsində isə güclü iqtisadiyyat, güclü dövlətçi siyasət, sabit daxili və regional mühit eyni məntiqdə birləşirlər.

Bu əsasda siyasi ritorikanın növbəti səviyyəsi regional kontekstdə çox əhəmiyyətlidir. Heydər Əliyevin siyasi konseptual anlayışlar sistemində Azərbaycan Demokratik Respublikasının ənənələri ilə müasir tələblərin sintezi mərkəzi yer tutur. Bu tezisi Ulu öndər BMT-nin yüksək tribunasından 1994-cü il və 1995-ci illərdə rəsmi olaraq bəyan etmişdir. Orada Heydər Əliyev “hüquqi, demokratik, daim inkişaf edən, dünyada sülh və barış tərəfdarı olan Azərbaycan Respublikası” tezisini irəli sürmüşdür ki, onun da təməlində “Azərbaycan müstəqilliyindən heç bir halda imtina etməyəcək və kimsənin təsiri altında olmayacaq” məntiqi dayanır.

Regional miqyasın siyasi konseptual sistemi

Vurğulanan məqamlardan görünür ki, regional miqyasda siyasi konseptual sistemin əsas anlayışları kimi “milli ideya” və “neft strategiyası” çıxış edirlər. Neft strategiyası milli ideyanın reallaşmasına xidmət edən başlıca mexanizmdir. Bu iki anlayış bir yerdə isə regional səviyyədə praktiki fəaliyyət bazasını yaratmalı idi. Həmin baza rolunda Azərbyacanın təşəbbüsü ilə formalaşan layihələr infrastrukturu çıxış etmişdir. “Layihələr infrastukturu” siyasi anlam kimi regional miqyasda siyasi konseptual sistemin əhəmiyyətli struktur parametridir. Çünki Azərbaycan Respublikasının dövlət kimi regional miqyasda statusunu məhz bu faktor müəyyənləşdirə bilərdi. “Layihələr infrastrukturu” anlayışı ilə yanaşı, “regional əməkdaşlığın yeni platformaları” anlayışı ciddi yer tutmuşdur. Bu aspekt özünün yeni səviyyədə reallaşmasına Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüs etdiyi “ikitərəfli, üçtərəfli, dörtərəfli əməkdaşlıq formatları”nda çatmışdır.

1993-2003-cü ilə qədər isə Ulu öndərin təşəbbüsü ilə müxtəlif əməkdaşlıq platformaları yaradılmışdır. O baxımdan “Qafqaz evi” platformasının regional miqyasda əməkdaşlıq və təhlükəsizlik üçün əhəmiyyətini vurğulamaq lazımdır. Bundan başqa, məhz Heydər Əliyevin böyük səyləri nəticəsində Gürcüstanın Azərbaycanın enerji strategiyasında yerini və rolunu dəqiqləşdirmək mümkün olmuşdur. Ulu öndər siyasi çıxışlarında Cənubi Qafqaz miqyasında əməkdaşlıq və təhlükəsizliyə xidmət edən ritorikadan istifadə edirdi. Heydər Əliyev regionun heç bir dövlətinə qarşı aqressiv terminlərdən istifadə etmədi və ədalətli tənqidi ilə müəyyən məqamları çatdırdı.

Beləliklə, regional miqyasda siyasi konseptual sistem milli səviyyədən gələn “güclü müstəqil milli dövlət”, “güclü iqtisadiyyat”, “güclü cəmiyyət”, “güclü ordu”, “müstəqil hüquqi və demokratik dövlət”, “dünyada münaqişələrin dinc yolla həllinə tərəfdar dövlət”, “milli ideya”, “suverenlik”, “ərazi bütövlüyü” anlayışlarına “neft strategiyası”, “layihələr infrastukturu”, “regional əməkdaşlığın yeni platformaları”, “Qafqaz evi”, “enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin vəhdəti” və digər anlayışların əlavə edilməsi əsasında formalaşmışdır. Onların ümumi mahiyyəti Azərbaycanın dövlət identikliyinin hüquqi, demokratik, milli maraqlara əsaslanan müstəqil dövlət olmaq xüsusiyyətləri ilə bağlıdır. Bununla 2003-cü ilə Azərbaycan milli və regional miqyaslarda müstəqil, sülhsevər, barışcıl və müasir tələblərə cavab verən dövlət identifikasiyasını liderin siyasi ritorikasında tam ifadə edən ölkə kimi daxil oldu.

Lakin Ulu öndərin yaratdığı siyasi konseptual anlayışlar sisteminin ən yüksək – qlobal miqyasda Azərbaycanın dövlət kimi statusunu xarakterizə edəcək ritorik özəllikləri ayrıca əhəmiyyət daşıyır. Həmin siyasi ritorik xüsusiyyətlər, faktiki olaraq, müstəqil Azərbaycanın siyasi konseptual sistemini məna və funksiyaca tamamlayır. Çünki bununla dövlətin milli, regional və qlobal miqyaslarda başlıca özəlliklərinin sistematik ifadəsi reallaşmış olur.

Onu vurğulayaq ki, vahid siyasi konseptual sistemin üçüncü semantik və funksional pilləsi regionlararası və qlobal miqyaslarda Azərbaycanın geosiyasi statusunu fəlsəfi dərk etməyə yardım edir. Burada başlıca tezis bütün bu uğurların kökündə Ulu öndərin liderlik məharəti və yüksək şəxsi keyfiyyətlərinin dayandığının sübut edilməsi ilə bağlıdır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət