Azərbaycan ilə Vyetnam arasında diplomatik münasibətlərin 30 il ərzində mövcud olmasına baxmayaraq, ölkələrimizin dostluq təmasları hələ keçən əsrin 50-ci illərinin sonlarından başlayaraq qurulub. Bu dostluğun əsası 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-ə səfər etməsi ilə qoyulub. Ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini işləyərkən, 1983-cü ildə Sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfəri isə xalqlar arasında qarşılıqlı rəğbət və əməkdaşlığın daha da inkişafına yeni impuls verib.
Qeyd edək ki, Ulu öndərin bu səfəri müharibədən sonra ölkənin bərpasında və quruculuq işlərində Vyetnam xalqına dəstək verməsi bu gün də vyetnamlılar tərəfindən minnətdarlıqla xatırlanır.
Ümumiyyətlə, bu ölkənin müharibədən sonrakı bərpasında, xüsusən də neft-qaz sənayesinin qurulmasında Azərbaycan xalqının çox böyük dəstəyi olub. Və bu kömək Vyetnama təkcə neft sənayesi mütəxəssisləri və avadanlıq göndərməkdən ibarət olmayıb. Sovet dövründə minlərlə vyetnamlı gənc Azərbaycanda müxtəlif sahələr üzrə təhsil alıb. Onlar ölkələrinə qayıtdıqdan sonra müxtəlif vəzifələrdə çalışaraq, Vyetnamın inkişafına töhfələr veriblər.
Bütün bu sadalananlar Azərbaycan ilə Vyetnam arasında uzun illərə əsaslanan böyük dostluq körpüsünün təməlinin qurulmasında, Vyetnam xalqının Azərbaycana isti münasibətinin formalaşmasında əhəmiyyətli rol oynayıb.
***
Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açaraq, əlaqələrin gələcək inkişafına təkan verib.
Bakıda “Vyetnam günləri”nin təşkili, Vyetnamda Azərbaycanla bağlı mədəni tədbirlər, konsert proqramları, kulinariya festivalları xalqlarımızın bir-birini daha yaxından tanımasına və dostluğun möhkəmlənməsinə xidmət edib. Bu mənada, Vyetnamda ümummilli lider Heydər Əliyevin 100 illiyinin və Vyetnama tarixi səfərinin 40 illiyinin, habelə Ho Şi Minin ölkəmizə səfərinin 65 illiyinin qeyd olunması tarixi şəxsiyyətlərin xalqlar arasında dostluğun möhkəmlənməsindəki xidmətlərini vurğulamaqla yanaşı, onların irsinə sadiqliyi də nümayiş etdirir.
Ötən müddətdə Azərbaycan və Vyetnam milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına sadiqlik prinsipləri əsasında sıx əməkdaşlıq ediblər. Beynəlxalq və regional təşkilatlarda, o cümlədən BMT-də, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə bir-birinə dəstək veriblər. Eyni zamanda, Qoşulmama Hərəkatı çərçivəsində də birgə fəaliyyət davam etdirilir.
İki ölkə arasında hakim partiyalararası dialoqun inkişafı da xüsusi önəm daşıyır. Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə görüşündə bu məsələ də geniş müzakirə mövzusu olub.
Yeni Azərbaycan Partiyası (YAP) ilə Vyetnam Kommunist Partiyası (VKP) arasında əməkdaşlıq iki ölkənin münasibətlərinin inkişafına təkan verir. Xatırladaq ki, 2023-cü ilin noyabrında Hanoyda YAP ilə VKP arasında əməkdaşlıq sazişi imzalanıb.
44 günlük Vətən müharibəsində Zəfər qazanan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaradıb. Yeni Azərbaycan Partiyası bu tarixi mərhələdə yeni dövrün çağırışlarından, eləcə də dövlətin və partiyanın qarşısında duran prioritetlərdən irəli gələrək beynəlxalq əlaqələrin inkişafına da böyük önəm verir. YAP ilə VKP arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi də bu siyasətin mühüm tərkib hissəsidir
Partiyalararası əlaqələr qarşılıqlı siyasi etimadın təzahürüdür. Bu fəaliyyət, xüsusilə də qarşılıqlı səfərlər fonunda daha da güclənməkdədir.
Bu baxımdan Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri xüsusi önəm daşıyır.
Qeyd edək ki, bu diplomatik münasibətlər qurulduqdan sonra Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana ilk səfəridir. Bu səfər siyasi və ideoloji zəmində qarşılıqlı fəaliyyətin yüksək səviyyəsini təsdiq edir. Azərbaycanla bütün sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsində Vyetnamın qətiyyətli olduğunu nümayiş etdirir. Səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” qəbul edilib. Bu isə hər iki tərəfin münasibətləri daha yüksək səviyyəyə qaldırmaq istəyinin əyani göstəricisidir.
Əlbəttə, dövlət başçılarının siyasi iradələrinə uyğun olaraq Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlığın genişləndirilməsi yönündə müvafiq addımlar atılır. Qarşılıqlı səfərlərin həyata keçirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması da bu baxımdan olduqca əhəmiyyətlidir.
Strateji tərəfdaşlıq statusu Azərbaycan və Vyetnam arasında siyasi, iqtisadi və mədəni sahələrdə birgə fəaliyyətin genişləndirilməsi üçün yeni imkanlar açır. Baş katib To Lamın Bakıya səfəri, sadəcə iki ölkə arasında münasibətlərin inkişafı deyil, həm də regionlararası inteqrasiya və qlobal əməkdaşlığın uğurlu nümunəsidir.
Azər MUSTAFAYEV