Azərbaycan tarixində 2020-ci il möhtəşəm uğurla yadda qaldı, Silahlı Qüvvələrimiz 44 gün ərzində düşmənə sarsıdıcı zərbələr endirərək parlaq qələbə qazandı, torpaqlarımızı yağı tapdağından azad etdi. Bu məğlubiyyət nəticəsində işğalçı Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı və 3 rayonumuz bir güllə belə atılmadan, bir şəhid belə verilmədən siyasi yolla geri qaytarıldı. Beləliklə, Ermənistanın 30 il çəkən işğalçılıq siyasətinə son qoyuldu, torpaqlarımızı işğalçıdan təmizləmək missisiyası şərəflə yerinə yetirildi.
Dövlətimizin başçısı İlham Əliyev martın 18-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bütün bunlar barədə ətraflı danışaraq Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonunun da ələ keçirildiyini qeyd etdi: “Bu, ölkəmiz üçün böyük faciə idi, laçınlılar üçün böyük faciə idi və bu, AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər - hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Əfsuslar olsun ki, belə də oldu...”.
Dövlətimizin başçısı daha sonra sözlərinə əlavə edərək, Şuşanın, ondan sonra Laçının işğal altına düşməsinin Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olduğunu, belə bir fürsətdən yararlanan AXC-Müsavat xəyanətkar cütlüyünün hakimiyyəti qanunsuz yollarla ələ keçirdiyini, bunun isə daha böyük faciələrə yol açdığını xatırlatdı. Prezident İlham Əliyev, həmçinin vurğulanan hadisədən bir il keçməmiş–1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşdüyünü və beləliklə, ovaxtkı – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan arasında coğrafi bağlantı yaradıldığını, nəhayət, mövcud şəraitin Birinci Qarabağ müharibəsindəki məğlubiyyəti şərtləndirdiyini qeyd etdi.
Lakin ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Laçın həm döyüş meydanında, həm də siyasi yollarla qaytarıldı. İkinci Qarabağ müharibəsi dövründə rayonun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və ordumuz faktiki olaraq Laçın rayonunun cənub hissəsini qəhrəmanlıqla düşməndən təmizlədi. Silahlı Qüvvələrimiz tərəfindən Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilərək Laçın-Xankəndi yoluna çıxıldı. Məhz bu əməliyyat, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxardır. Vaxtilə “Qarabağ Ermənistandır” deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur oldu və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı işğalçı tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi isə siyasi yolla azad olundu. Dövlətimizin başçısının vurğuladığı kimi, bu, Azərbaycanın böyük tarixi Zəfəri idi.
Dövlətimizin başçısı İlham Əliyev sözügedən çıxışında xalqımızın Vətən müharibəsi günlərində, həmçinin hazırda milli vəhdət, vahid ideya uğrunda birləşdiyini də diqqətə çatdırdı. Ölkə rəhbəri, eyni zamanda, Laçının ölkəmizin ən böyük rayonlarından biri kimi çox böyük potensiala malik olduğunu, bu coğrafiyaya qayıdacaq keçmiş məcburi köçkünlərin bundan sonra belə bir yaşayış məskənində rahat yaşayacaqlarını əminliklə vurğuladı: “Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun, demək olar ki, bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur”.
Burada bir məsələni də xatırlatmaq istərdik. Belə ki, Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən genişmiqyaslı tikinti, bərpa-quruculuq layihələri sırasında Ermənistanı Xankəndi ilə birləşdirən 32 kilometr uzunluğunda olan yeni alternativ yol cəmi bir il ərzində inşa edildi və Rusiya sülhməramlılarının həmin yol ətrafında qərarlaşması reallaşdı. Təbii ki, Laçın şəhəri, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşdırılan ermənilər də həmin yaşayış məntəqələrindən tamamilə çıxarıldı.
Dövlətimizin başçısı çıxışlarının birində ermənilərin yuxarıda adı çəkilən o ərazilərdə yaşamalarının hərbi cinayət olduğunu, Cenevrə konversiyalarının qaydaları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb: “İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaq”.
Dövlətimizin başçısının çıxışında bildirildiyi kimi, artıq iki ildən çoxdur ki, Laçının yenidən bərpası ilə bağlı işlər aparılır. Rayonda beynəlxalq hava limanı inşa edilir. Aeroportun gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində istismara veriləcəyi nəzərdə tutulur.
Hazırda Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesi də sürətlə aparılır. Kəlbəcər və Laçın rayonlarında ən çox tunellər məhz o bölgədədir. Beləliklə, Göygöl rayonundan da Şərqi Zəngəzura yol açılır. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir.
Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan reallaşdırılır. Birinci mərhələdə burada 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina tikilir.
Bütün bunlarla yanaşı, Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox sakin yerləşdiriləcəyi nəzərdə tutulub. Güləbird və Qorçu kəndlərinin Baş planı da təsdiqlənib. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşdirilməsi planlaşdırılıb.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”