Martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Təntənəli açılışda Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov və Eli Kohen, həmçinin hər iki ölkənin parlament, ictimaiyyət və incəsənət nümayəndələri iştirak ediblər.
Azərbaycan XİN-dən redaksiyamıza verilən məlumatda bildirilir ki, mərasim hər iki ölkənin Dövlət himnlərinin səslənməsi ilə başlayıb. Çıxış edən nazir Ceyhun Bayramov səfirliyin açılışını iki ölkə münasibətlərinin inkişafına yeni təkan verəcəyini vurğulayıb. Diplomat Azərbaycan–İsrail əməkdaşlığının müxtəlif istiqamətlərindən danışıb, perspektiv imkanları qeyd edib. O deyib ki, Azərbaycanın yəhudi icması cəmiyyətimizin inkişafına öz töhfəsini verir. Nazir səfirliyin açılışından sonra İsraildəki Azərbaycan diasporunun fəaliyyətinin də aktivləşəcəyinə əmin olduğunu söyləyib.
Mərasimi tarixi hadisə adlandıran nazir Eli Kohen 30 illik əməkdaşlıq müddətində səfirliyin açılışının strateji əlaqələrin dərinliyindən xəbər verdiyini vurğulayıb. Azərbaycanı İsrailin strateji tərəfdaşı adlandıran nazir iki ölkənin müxtəlif sahələrdə sıx əməkdaşlıq etdiyini bildirib. O, münasibətlərimizin bundan sonra daha da dərinləşəcəyinə əminliyini ifadə edib.
Sonra nazirlər səfirliyin adı olan lövhəni təqdim ediblər.
***
Həmin gün İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb və onu səfirliyin açılması münasibətilə təbrik edib.
Tərəflər Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq, eləcə də regiondakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
***
Martın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfəri çərçivəsində İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen ilə görüşüb.
Söhbət zamanı Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıqdan məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, ticarət, o cümlədən energetika, təhsil, yüksək texnologiyalar, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında tarixi dostluğa, əməkdaşlığa söykənən əlaqələrin mövcud olduğunu qeyd edən nazir Ceyhun Bayramov iki ölkə arasında intensiv qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafına müsbət təkan verdiyini vurğulayıb. Bu ilin yanvarında Bakıda keçirilən Xarici İşlər Nazirliklərimiz arasında illik Strateji Dialoqla yanaşı, İsrailin Avrasiya ölkələrindəki səfirlərinin İsrail Xarici İşlər Nazirliyinin mərkəzi aparatının yüksək vəzifəli məmurlarının iştirakı ilə Bakıda xidməti müşavirəsinin keçirilməsinin möhkəm dostluq və tərəfdaşlığımızın göstəricisi olduğunu bildirib. Azərbaycanın İsraildə səfirliyinin açılmasının strateji müttəfiqlik əlaqələrinin gücləndirilməsinə töhfə verəcəyi vurğulanıb.
Görüşdə Ceyhun Bayramov həmkarını bölgədə post-münaqişə dövründə ölkəmizin sülh, təhlükəsizlik və əməkdaşlığın qurulması istiqamətində təşəbbüsləri barədə məlumatlandırıb. Bu səylərə baxmayaraq, Ermənistanın davamlı təxribatlar törətdiyi və prosesə xələl gətirdiyini qeyd edib. Həmçinin, nazir işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib, İsrail şirkətlərinin bu prosesdə iştirakını məmnunluqla qeyd edib.
İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Tərəflər strateji xarakter daşıyan ikitərəfli münasibətlərin bütün spektrləri, habelə beynəlxalq və regional məsələlər üzrə müxtəlif səviyyələrdə siyasi dialoqun bundan sonra da fəal surətdə inkişaf etdirilməsinə hazır olduqlarını ifadə ediblər.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Daha sonra, nazirlər mətbuat konfransında bəyanatla çıxış ediblər.
***
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov həmin gün İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə də görüşüb.
Görüşdə, iki ölkə arasında müdafiə, hərbi-texniki və digər aidiyyəti sahələr üzrə əməkdaşlıq, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Bayramov Azərbaycan və İsrail arasında müdafiə sahəsində münasibətlərin mövcud əməkdaşlıq gündəliyində müstəsna rolunu diqqətə çatdırıb.
17 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində İsrail Dövlətinin müdafiə naziri ilə keçirdiyi görüşə istinad edən nazir Ceyhun Bayramov sıx təmasların, o cümlədən qarşılıqlı səfərlərin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib.
Nazir Bayramov, həmçinin post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində sülh və quruculuq səyləri barədə qarşı tərəfi məlumatlandırıb.
Nazir Yoav Qallant, iki ölkənin müdafiə, hərbi-texniki sahədə uğurlu əməkdaşlıq təcrübəsinə istinad edərək, bu xüsusda, əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialdan istifadənin vacibliyini qeyd edib. Qarşılıqlı təmasların davam etdirilməsinin əhəmiyyətli olduğu bildirilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Xalq qəzeti”