XX əsrin əvvəllərində bolşeviklərin birbaşa dəstəyilə erməni-daşnak quldur birləşmələri Bakıda və ölkənin bölgələrində etnik zəmində dəhşətli qətliamlar, soyqırımılar həyata keçiriblər. Bu qanlı olaylardan 105 il keçməsinə baxmayaraq, daşnakların xalqımıza qarşı törətdikləri ağır zorakılıqlar insanları dəhşətə gətirir.
Tarixdə milli zəmində çox sayda soyqırımlar olub. Lakin XX əsrin əvvəllərində daşnakların Azərbaycan torpağında icra etdikləri qətliamın miqyası və bu qanlı hadisələr zamanı nümayiş etdirilən ağlasığmaz qəddarlığın dərəcəsi dərin nifrət və ikrah hissi doğurmaya bilməz. Rəsmi mənbələrə əsasən, bu soyqırımının nəticəsində on minlərlə azərbaycanlı amansızcasına öldürülmüş və itkin düşmüşdür.
Bakı Soveti və daşnak erməni silahlı dəstələri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirərkən qadın, uşaq və ahıllara belə aman verməmişlər.
Bu barədə çox sayda tarixi mənbələr mövcuddur. Onlardan bir neçəsini xatırlatmaq istərdik. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman 1925-ci ildə Bakı hadisələri barədə yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.”
Mənbə sonra qeyd edib ki, o, gənc qadınların diri-diri divara mıxlandığının, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı barədə ayrı-ayrı insanların canlı söhbətlərini şəxsən eşidib və bir çox hadisələrin şahidi olub.
Daşnaklar təkcə müasir Azərbaycan ərazisində deyil, tarixi Azərbaycan torpaqları olan İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli və digər ərazilərdə də dəhşətli qətliamlara “imza atmışlar”. Azərbaycanlıların kütləvi qırğınının “fəal” iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı alim-publisist Leonard Rams-den Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda Mart qırğınları zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.
1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarında göstərilir ki, erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə, bu qəza üzrə on min altmış səkkiz azərbaycanlı qətlə yetirilmiş və ya şikəst edilmiş, 50 min azərbaycanlı qaçqın düşmüşdür. Bundan başqa, İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə-yeksan edilmişdir. Bu hadisələri bu gün göz önünə gətirmək belə çətindir!
Ermənistandakı millətçi qüvvələr Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikləri sovet dövründə də davam etdirmişlər. Məlumdur ki, Qərbi Azərbaycanda yaşayan soydaşlarımız 1940-cı və 1970-ci illərin sonlarında vəhşicəsinə öz doğma dədə-baba yurdlarından qovularaq ağır deportasiyalara məruz qalmışlar.
Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdikdən bir neçə il sonra 1918-ci ilin mart hadisələri yenidən geniş araşdırılmışdır. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə sərəncam imzalamışdır.
Birinci Qarabağ müharibəsi zamanı erməni qaniçənləri əzəli və əbədi torpaqlarımız olan Qarabağın Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya, Başlıbel və s. yaşayış məntəqələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar və qətliamlar törədiblər. İkinci Qarabağ müharibəsi dövründə də Ermənistan silahlı qüvvələri cəbhənin təmas xəttindən on kilometrlərlə kənarda yerləşən Tovuz, Gəncə, Tərtər, Bərdə, Mingəçevir şəhərinin dinc əhalisini raket zərbələrinə məruz qoymuşlar.
Yüz ildən artıq zaman kəsiyində Ermənistan tərəfindən xalqımıza qarşı davam etmiş soyqırımı siyasətinə 2020-ci ilin payızında 44 günlük şanlı Vətən müharibəsindəki parlaq tarixi qələbəmizlə son qoyulmuşdur.
Yenilməz Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qatı düşməni doğma torpaqlarımızdan qovaraq ölkəmizin ərazi bütövlüyünü təmin etmişdir. Lakin xalqımız 1918-ci il Mart soyqırımı qurbanlarını unutmur, onların xatirəsini daim ehtiramla yad edir.
M.QARAÇAYLI, “Xalq qəzeti”