Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidməti əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı işəgötürənlərə müraciət edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-ə verilən məlumata görə, “Əmək və məşğulluq” altsistemi üzərindən aparılan nəzarət zamanı bəzi işəgötürənlərin qüvvədə olan əmək müqavilələrini hələ də elektron sənəd formasına keçirmədiyi müşahidə olunub.
Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi qanunvericiliyin tələbidir. Həmin tələbin vaxtında və düzgün icrası, əmək qanunvericiliyinə riayət olunması, əmək münasibətlərində şəffaflığın təmin edilməsi və işçilərin hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bir daha işəgötürənlərin diqqətinə çatdırılır ki, Nazirlər Kabinetinin 2024-cü il 17 sentyabr tarixli qərarına əsasən, əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin son müddəti Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər olan işəgötürənlər üçün 2025-ci il yanvarın 1-dək (həmin mərhələ üzrə müddət artıq bitib), iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il iyulun 1-dək, ailə kəndli təsərrüfatları və ailə müəssisələrinin işəgötürənləri üçün 2026-cı il yanvarın 1-dək müəyyən edilib.
İşəgötürənlər əlavə məlumat və texniki dəstək üçün “142” Çağrı mərkəzinə müraciət edə bilərlər.