“Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləmək düzgün addımdır və bu bizim milli təhlükəsizlik marağımıza uyğundur. Cənubi Qafqaz xalqlarının sülh şəraitində yaşamaq haqqı var. Bu iki dövlət arasında sülh bərpa olunduqdan sonra bizim əməkdaşlığımız daha da vacib hal alacaq. Regionun çiçəklənməsinə və rifahına imkan verəcək”.
Bu cür açıqlamalar rəsmi Vaşinqton tərəfindən tez-tez səsləndirilir. Növbəti belə açıqlama isə ABŞ dövlət katibinin müavini Kristofer Landaudan gəlib: “Mən son günlərdə dövlət katibi Rubionun Hindistan və Pakistan liderləri ilə telefonda əlaqə saxladığının şahidi olmaq şərəfinə nail oldum...ABŞ Prezidenti Donald Tramp və vitse-prezident J.D.Vens öz administrasiyasında hamımıza açıq şəkildə bildirdilər ki, məqsədimiz istər Hindistan və Pakistan, istər Rusiya və Ukrayna, istərsə də İsrail və onun qonşuları, Konqo Demokratik Respublikası və Ruanda, Azərbaycan və Ermənistan və ya digər ölkələr arasında sülhü təşviq etməkdir. Diplomatlar və səmimi desək, insanlar kimi biz bu gün müharibələrin qarşısını almağa və ya dayandırmağa səy göstəririk”.
Beləliklə, ABŞ tərəfinin təbirincə, Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişədən sonra sülhün və təhlükəsizliyin təminatı üçün tarixi imkan yaranıb. Bu imkandan da səmərəli istifadə edilməlidir: “Son məqsədimiz bütün bu regionda sülhün, təhlükəsizliyin, hüquqlara hörmətin olmasıdır”.
Bəs Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında vəziyyət nə yerdədir? Qeyd edək ki, bu sahədə müəyyən irəliləyişlər olsa da, həllini gözləyən problemlər hələ də var. Hazırda bəzi əsas məsələlər üzrə danışıqları davam etdirilir. Sülh müqaviləsinin imzalanması isə bu danışıqların nəticəsindən asılı olacaq. Bu barədə Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə müsahibəsində deyib ki, bir neçə istiqamət kontekstində martda Azərbaycanla Ermənistan arasında sülh sazişi mətni üzrə danışıqlar yekunlaşıb: “Azərbaycanın Ermənistan tərəfindən bəlli bir gözləntiləri var. Həmin gözləntilər Azərbaycanın ərazi bütövlüyünə olan iddiaların Ermənistan konstitusiyasından çıxarılması, o cümlədən uzun illər tamamilə iflic bir vəziyyətdə olan və münaqişənin tamamlanması ilə məntiqi bir ehtiyac duyulmayan Minsk qrupunun ləğv edilməsidir. Bu istiqamətdə prosesləri izləyirik, təmaslar var. Ancaq bizim üçün önəmli addımlar əhəmiyyət kəsb edir”.
Nazirin sözlərinə görə, delimitasiya prosesi ilə bağlı artıq bir neçə təmas olub: “Bildiyimiz kimi delimitasiya üzrə iki ölkənin baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə komissiyalar mövcuddur. İşlər davam edir və düşünürəm ki, orada təmaslar olacaq. Digər istiqamət Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat-kommunikasiya xətlərinin açılmasıdır. Burada da Azərbaycanın mövqeyi bəllidir. Biz Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik”.
Ermənistan tərəfi də sülh müqaviləsinin imzalanması ilə bağlı öz mövqeyini açıqlayıb. Mayın 9-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, tezliklə sülh müqaviləsinin imzalanması ilə bağlı xoş xəbər gələ bilər.
Açıqlamalardan da aydın olur ki, Azərbaycan tərəfi sülh müqaviləsinin imzalanması üçün iki önəmli məsələnin həllində maraqlıdır. Bu barədə Milli Məclisin deputatı Elşad Musayev bildirdi ki, sülh sazişinin əldə olunması üçün konkret təkliflər irəli sürüb: “Bu, Cənubi Qafqazda daimi sülhün bərqərar olmasını təmin edəcək addımlardır və onlar Ermənistana yaxşı məlumdur. Birincisi, bu tələb, Ermənistanın öz konstitusiyasından Azərbaycana ərazi iddialarını özündə əks etdirən Müstəqillik bəyannaməsinə istinadın çıxarılmasıdır. Sözsüz ki, Azərbaycan və Ermənistan sülh sazişi layihəsi üzrə razılığa gəlsələr də, bu, sənədin imzalanması qarşısında duran əsas maneədir.
Digər tərəfdən, ərazi iddiası əsas qanundan çıxarılmassa, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalasa belə, rahat şəkildə konstitusiyasına istinad edərək sənədin ratifikasiyasından imtina edə bilər. Çünki Ermənistan konstitusiyasının 116-cı maddəsinin 3-cü bəndində göstərilib ki, Ermənistanın imzaladığı beynəlxalq sənəd konstitusiya ilə ziddiyət təşkil edə bilməz. Yəni faktiki olaraq Ermənistanla sülh müqaviləsi imzalansa, onun qüvvəsi olmayacaq. Ona görə də yetkin sülh sazişinin imzalanması üçün, Ermənistan konstitusiyasında müvafiq dəyişikliklər edilməlidir. Deməli, konstitusiya dəyişdirilmədən sülh sazişi imzalana bilməz.
İkincisi, ATƏT tərəfindən yaradılmış Minsk qrupunun ləğvidir. Ermənistan tərəfindən artıq fəaliyyətsiz olan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı da konkret addımların atılması gözlənilir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq Ermənistanın razılığı olmalıdır. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur. Əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni Ermənistanın ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir. Bu isə o deməkdir ki, Ermənistan sülhə hazır deyil. Havadarları tərəfindən silahlandırılır.
Bəli, İrəvan 2020-ci ildə ağır məğlubiyyətə uğradıqdan sonra yenidən aktiv şəkildə silahlanır. O vaxtdan Ermənistan hərbi büdcəsini tədricən, demək olar ki, iki dəfə artırıb. Məsələn, 2020-ci ildə ölkənin hərbi xərcləri 785 milyon dollar təşkil edib. Bu büdcə 2023-cü ildə 1,3 milyard dollara çatıb və 2024-cü ildə 1,4 milyard dollar olub. Onu da qeyd edim ki, İrəvan real hərbi büdcəsinin 30 faizini gizlədir.
Hayastan üçün əsas silah və hərbi texnika tədarükçüləri isə Rusiya, Fransa və Hindistandır. Son vaxtlar Hindistan daha fəal görünür. Artıq iyulda Nyu-Dehli İrəvana “Akaşh” hava hücumundan müdafiə raket sistemlərinin ikinci partiyasını göndərəcək. 2022-ci ildə Ermənistan Hindistanla təxminən 60 milyard rupi (710 milyon dollar) dəyərində 15 “Akaşh” raket kompleksinin alınmasına dair müqavilə imzalayıb və bu raket sistemini alan ilk xarici ölkə olub. Bu isə o deməkdir ki, Ermənistan silahlanmaya üstünlük verir. Ölkədə revanşizm əhval-ruhiyyəsi artır və onu məhvə doğru aparır”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli isə XQ-yə dedi ki, Azərbaycanın bütün əraziləri üzərində suverenliyini bərqərar etməsi, uzun illər Qarabağda mövcud olmuş qondarma – cinayətkar rejimin ləğv edilməsi iki ölkə arasında davam edən danışıqlar prosesində Ermənistan tərəfindən qaldırılan “Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi” məsələsi öz aktuallığını itirib. Bakı və İrəvan arasında normallaşma prosesinə töhvə verən amillərdən biri də danışıqların son aylarda vasitəçilərsiz, ikitərəfli müstəvidə aparılması olub. Hazırda iki ölkə arasında sülh sazişinin imzalanmasına mane olan əsas məsələ Ermənistan konstitusiyasında və digər qanunvericilik sənədlərində Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən məqamlardır. Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, xüsusilə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmasa iki ölkə arasında sülh sazişi imzalana bilməz. Azərbaycan həm də Ermənistana ATƏT- in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciət olunmasını təklif edir. Ermənistan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı verdiyi açıqlamada bildirilir ki, ATƏT- in Minsk qrupunun fəaliyyətinin davam edib-etməyəcəyi məsələsinə Azərbaycanla imzalanacaq sülh müqaviləsi kontekstində baxıla bilər.
Beləliklə, sülh prosesində yaranmış vəziyyət o qənaətə gəlməyə əsas verir ki, iki ölkə arasında sülhün əldə olunması üçün real imkanlar olmaqla bərabər, həm də ciddi problemlər də qalır. Ermənistan hakimiyyəti Azərbaycanın konkret tələbinə qeyri-müəyyən və yaxud neqativ cavab verməklə, o cümlədən də, danışıqlarda yeni əsassız tələblər irəli sürməklə sülh prosesinin ləngiməsinə səbəb olur. Sülh prosesinə mane olan digər amillər isə revanşizm meyilləri fonunda Ermənistanın sürətlə silahlanmasıdır. Eyni zamanda, regionda maraqları və təsir imkanları olan bəzi güc mərkəzləri Ermənistanı şirnikləndirmələri ilə gərginlik yaradırlar.
Nəhayət, Ermənistan hakimiyyəti aydın dərk etməlidir ki, yalnız özünün milli maraqlarını, təhlükəsizliyini nəzərə almaqla, qeyri-konstruktiv, qeyri-rasional yanaşmalardan imtina etməklə Azərbaycanla danışıqlar prosesini uğurla apara və yaxud yekunlaşdıra bilər. İki ölkə arasında davamlı sülhün əldə olunması isə regionda inkişafın, inteqrasiya proseslərinin və güclü təhlükəsizlik sisteminin formalaşmasının əsas şərtidir”.
Pünhan ƏFƏNDİYEV
XQ