Gənclər Fondunun tərəfdaşlığı, “Fred’s English”in təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Olimpiada Bilik Forumu” təşkil olunub. “Gülüstan” sarayında 600 iştirakçının qatıldığı forum çərçivəsində 7-29 yaş arası şagird, yeniyetmə və gənclər ingilis dili üzrə olimpiadada biliklərini sınamaq imkanı qazanıblar. Eyni zamanda, iştirakçılar tanınmış mentorların çıxışlarını dinləyərək şəxsi və peşəkar inkişafla bağlı dəyərli tövsiyələr əldə ediblər.
Bilik yarışının sonunda bütün iştirakçılar sertifikatlarla təltif olunub, sponsorlar tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Forumda iştirak etmiş tədqiqat metodları üzrə mütəxəssis, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Qoşqar Bəylərov “Xalq qəzeti”nə deyib ki, bu, ölkəmizdə ilk dəfə təşkil edilsə də, maraq yüksəkdir. Forum Azərbaycanda gənclərin intellektual inkişafına, xarici dil bacarıqlarının artırılmasına və onların sosial fəallığının təşviqinə yönəlib.
Təhsil və dayanıqlı inkişaf üzrə ekspert, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Tapdıq Nəcəfəliyev isə bildirib ki, olimpiadaların əhəmiyyəti böyükdür, təhsil sahəsində görülən işlərin nəticəsi meydana çıxır, uşaqlar arasında rəqabət yaradılır. İstənilən olimpiada təhsilin inkişafının göstəricisidir.
Rizvan FİKRƏTOĞLU
XQ