Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində struktur bölmələrin əməkdaşları üçün müvafiq sahə üzrə ixtisaslaşdırılmış şirkətin nümayəndəsi tərəfindən internet fırıldaqçılığının ən yayılmış növlərindən biri olan fişinq hücumlarına qarşı maarifləndirici seminar keçirilib.
Komitədən XQ-yə bildirilib ki, tədbirin keçirilməsində məqsəd əməkdaşların kibertəhlükələr haqqında məlumatlılığın artırılması və komitənin ümumi təhlükəsizlik səviyyəsini yüksəltməkdir. Seminar zamanı iştirakçılara fişinqin mahiyyəti, kibercinayətkarların bu üsuldan necə isifadə etdiyi, kiberhücumlardan qorunma yolları, şəxsi və korporativ məlumatların mühafizəsi üçün zəruri tədbirlər barədə ətraflı məlumat verilib. İnteraktiv şəraitdə keçən seminarın sonunda iştirakçılar onlara təqdim olunan biliklərin gündəlik iş fəaliyyətlərində çox vacib olduğunu vurğulayıblar.