Parkinson xəstəliyində cərrahi müdaxilə tətbiq edilə bilər

post-img

Aprelin 11-də Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə dünya Parkinson Xəstəliyi ilə Mübarizə Günü qeyd edilir. Bu tarix xəstəliyi yetərincə kəşf edən ingilis alimi Ceyms Parkinsonun 1755-ci il aprelin 11-də doğum günü ilə əlaqədardır. 

XVIII əsrin sonunda bu xəstəlik “titrəyən adam iflici” adlandırılıb.

Qeyd edək ki, xəstəlik çox vaxt qadınlarda, 30–40–45 yaşlarında müşahidə edilir. İrsi xarakteri var. Övladda olmasa da, nəvə, nəticə, və ya daha sonrakı nəsildə özünü göstərə bilər.

Parkinson xəstəliyi (PH) Alzheimer xəstəliyindən sonra ən çox rast gəlinən degenerativ xəstəlikdir. PH-ın xarakterik cəhəti dopaminergik neyronların itkisi və hüceyrə sitoplazmasında Lewy cisimlərinin (içində protein aqreqatlarıdır) tapılmasıdır. Genetik hal PH hallarının cəmi 5 faizini təşkil edir. Genetik keçən Parkinson xəstəliyi (GKPX) autosom dominant və autosom resessiv olmaqla 2 qrupa bölünür. GKPX -yə səbəb olan 11 lokus məlumdur, bunların altısında gen bəllidir: ikisində sinuklein, parkin, UCH-L1, DJ-1 və PİNK1-dir. GKPX ilə sporadik PH arasında patoloji baxımdan heç bir fərq yoxdur. Sporadik PH olan xəstələrin beyin toxumasındakı neyron ölümü apoptoz mexanizması ilədir.

Xəstəliyin əsas xüsusiyyəti odur ki, beyinlə bədən arasında siqnal ötürülməsi pozulur. Hərəkətlərə nəzarət itir.

Parkinson xəstəliyi ətraflar, baş və barmaqlarda titrəmə, hərəkət yavaşlaması, nitqin ləngiməsi, düz dayana bilməmə, mimikanın itməsi, duruşun pozulması əlamətləri ilə müşahidə edilir.

Parkinson xəstəliyinin müalicəsində prioritet dərman müalicəsidir. Dərman müalicəsi ilə beyində dopamin istehsal boşluğu bağlanır. Dərmanlar mövcud şikayətləri azalda bilsə də, xəstəliyin inkişafının qarşısını ala bilmir. Buna görə də, hazırda parkinson xəstəliyinin qəti müalicəsi yoxdur. Müalicədə xəstənin yaşından, xəstəliyin əlamətlərindən və mərhələsindən asılı olaraq, müalicə üsulu təyin edilir. Dərman müalicəsi ilə simptomlar yox olur və xəstəliyin inkişafı yavaşlayır. Lakin xəstəlik yaxşılaşmazsa və ya dərman istifadəsi ilə bağlı əlavə təsirlər baş verərsə, cərrahi müalicə üsullarından da istifadə edilə bilər.

Z. BƏŞİRQIZI,
|“Xalq qəzeti”



Səhiyyə