“Almanların Rəşid Behbudov sevgisi”

post-img

“Facebook” şəbəkəsi fəalı olan həkim-yazıçı Hümbət Həsənoğlu bir neçə il Almaniyada yaşayıb-işləyib. Vətənə qayıtdıqdan sonra da həmin ölkədə səfərlərdə olub. Onun Facebook şəbəkəsində həmin səfərlərdən biri haqqında yazdığı təəssüratın maraqlı olduğunu nəzərə alaraq, oxucuların diqqətinə təqdim edirik. 

“Mən də daxil olmaqla, azərbay­canlılardan ibarət bir qrup Almaniyada səfərdəyik. Səfərimizin ikinci həftəsi gedir; hər gün görüşlər, toplantılar, eks­kursiyalar… Xaricdə olanlar bilir, günlər intensiv tədbirlərə, görüşlərlə dolu olan­da adam bir az yorulmuş olur.

...Axşam yeməyindən sonra bir şəhərdən başqa şəhərə avtobusla yol gedirik. Almanın komfort avtobusu, ide­al yollar, yumşaq kreslolar, salonda ya­rıqaranlıq atmosfer və yorğun azərbay­canlılar. Hamı mürgüləyir. 

Sakitcə sürücünün yanına gedib, ona bir musiqi diski verir və astadan al­manca deyirəm ki, mən qayıdıb oturan­dan on dəqiqə sonra diski qoşsun. 

Mən qayıdıb yerimə otururam və hamı kimi özümü yuxuluğa vururam. Almaniyanın avtobanı, ətrafda sayrışan işıqlar, sakitlikdir və birdən avtobusun səs kolonkalarından Rəşid Behbudo­vun ecazkar səsi ucalır. Yavaş-yavaş dirçələnlər sevincək digərlərini oyadır­lar: – Aaa, bu ki bizim Rəşid Behbudov­dur! 

Hamı bir-birinə baxıb sevinir. 

- Görürsünüz də, almanlar da sevir Rəşidi!

- Korifeydir ee, bütün dünya sevir onu!

- Vallah, mən də almanları sevdim! Rəşidə belə qiymət verirlərsə, onlara hər şey halaldır! 

Müğənninin ikinci mahnısı gəlir.

- Qaqaş, bunlar onun diri albomu­nu verirlər. Azərbaycanda kimə desən, inanmaz.

Rəşidin üçüncü şən mahnısına isə hamı qalxıb avtobusdaca rəqs edir. Al­man sürücü belə reaksiyasını gözləmə­diyindən, çaşqınlıq içində bizə baxır və hamının sevindiyini görüb gülərək, mu­siqinin səsini artırır. Hamı şıdırğı oyna­yır, şənlənir. Yol yorğunluğu canımızdan musiqi və rəqslə çıxır. 

Sonda sürücüyə hərə bir milli suve­nir bağışlayır və o mənə təzim edə-edə razılıq edir: – Danke şöön!

Nəhayət, hamı nələrin baş verdiyini başa düşür və aramızda olan yeganə alman–azərbaycanlını növbə ilə qucaq­layırlar…”

P.S: Bu da şən bir zarafatın yaratdı­ğı xoş ovqat!

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

Mədəniyyət