8 may 1945-ci il. Avropa nasizm üzərində Qələbə Gününü qeyd edir. Eyni gündə Şimali Afrikada, Fransanın müstəmləkəsi olan Əlcəzairdə isə əsl soyqırımı başlayır. Fransa imperiyası özü üçün Qələbə günü hesab etdiyi bu tarixdə Əlcəzair xalqına qarşı qanlı bir faciə törədir. Bu ikili paradoks hələ də Avropa dəyərləri anlayışının nə qədər riyakar şəkildə işlədiyinin simvoludur.
Əlcəzairin Sətif şəhərində 26 yaşlı Buzid Saal əlində milli bayraq tutduğu üçün Fransız polisi tərəfindən öldürülür. Bu hadisə təzyiqlərə və zülmə illərlə dözmüş xalqın səbri daşır – on minlərlə insan küçələrə çıxaraq müstəqillik tələbi ilə yürüş edir. Cavab isə misli görünməmiş qəddarlıqla verilir. Fransız müstəmləkə ordusu artilleriya, tank və aviasiyadan istifadə etməklə xalqı əzməyə başlayır. Amerika səfirliyinin məlumatına və əlcəzairli tarixçilərin tədqiqatlarına əsasən, nəticədə, 45 min insan qətlə yetirilir. Qadınlar, uşaqlar, yaşlılar – heç bir fərq qoyulmadan. Cəsədlərin Kabiliya dağlarının dərələrinə atılması bu qətliamın həm də izsizləşdirilmək istənildiyini sübut edir.
Lakin Sətif təkcə Fransa kolonializminin qara səhifəsi deyil. Həmin qəddarlığın illər sonra – bu dəfə Parisin özündə təkrarlandığına şahid oluruq. 1961-ci ilin 17 oktyabr tarixində 30 minə yaxın əlcəzairli Fransa hökumətinin irqçi və ayrı-seçkilik dolu komendant saatına etiraz üçün küçələrə çıxır. Təəssüf ki, bu dəfə də Fransa "insan hüquqları beşiyi" kimi yox, zorakılığın mərkəzi kimi davranır: yüzlərlə insan döyülür, güllələnir, Sena çayına atılır. Rəsmi məlumatlarda 3 nəfər öldü deyilsə də, sonradan çayın sahilində 110-dan çox cəsəd tapılır. Hadisə şahidlərindən biri olan 18 yaşlı Xosin Xakem illər sonra deyəcəkdi: “Bu, bir möcüzə idi ki, məni Senaya atmadılar”.
Bu hadisələr təkcə Fransa tarixinin deyil, həm də Avropanın vicdan sınağıdır. Çünki Avropa hələ də kolonial keçmişi ilə üzləşməkdən yayınır. Emmanuel Makron 2021-ci ildə Əlcəzairə qarşı törədilən bəzi zorakılıqları tanıdığını desə də, nə dövlət səviyyəsində rəsmi üzr istənildi, nə də kompensasiya məsələsi gündəmə gətirildi. Əksinə, Fransanın sağçı dairələrində kolonializmə nostalji yanaşma güclənməkdədir.
Bu isə təkcə keçmişlə bağlı məsələ deyil. Kolonial cinayətlərin tanınmaması gələcək üçün təhlükəli presedent yaradır. Tarixi ədalət prinsipi olmadan beynəlxalq hüquq və insan hüquqları dəyərləri kağız üzərində qalır. Sətif və Paris hadisələri bir daha sübut edir ki, bəzi demokratiyalar yalnız öz sərhədləri daxilində insan haqlarını tanıyır – xaricdə isə top, tank və dənizə atılmış cəsədlərlə tarix yazılır.
Fransa bu qaranlıq keçmişlə nə vaxt üzülüşəcək? Əgər bu sualın cavabı yenə də susqunluqla qarşılanacaqsa, 8 may Avropada “Qələbə günü” deyil, Əlcəzairdə “Yas günü” kimi xatırlanmağa davam edəcək.
Oğuz ARİF