Regionda sülh və dialoqun yeni arxitekturası formalaşır
Cənubi Qafqaz regionu geosiyasi baxımdan Avrasiya məkanının ən mürəkkəb və strateji əhəmiyyətli zonalarından biridir. Tarixən imperiyalar, ideologiyalar və enerji marşrutlarının toqquşma nöqtəsi olan bu region bu gün postmünaqişə dövrünün yeni siyasi arxitekturasını formalaşdırmaq ərəfəsindədir. Arxitekturanın mərkəzində isə Azərbaycanın təşəbbüsü ilə formalaşan “3+3” əməkdaşlıq platforması dayanır. Platforma – Azərbaycan, Ermənistan, Gürcüstan və regionun qonşuları olan Rusiya, Türkiyə, İran arasında çoxtərəfli dialoqun institusional çərçivəsidir.
XX əsrin sonlarında SSRİ-nin dağılması Cənubi Qafqaz regionunda dərin geosiyasi boşluq yaratdı. Sovet sisteminin çökməsi inzibati sərhədlərlə yanaşı, siyasi idarəetmə və təhlükəsizlik sistemlərini də dağıtdı. Qısa zamanda üç yeni müstəqil dövlət – Azərbaycan, Ermənistan və Gürcüstan – beynəlxalq münasibətlər sisteminə daxil oldu. Lakin bu, regionda inteqrasiya deyil, əksinə, parçalanma tendensiyasını gücləndirdi. Yeni yaranan dövlətlər dövlətçilik institutlarını formalaşdırmaqla yanaşı, öz xarici siyasətlərində fərqli geosiyasi vektorlar seçdilər. Ermənistan Rusiya təhlükəsizlik orbitinə daxil olaraq hərbi asılılıq modelini seçdi, Gürcüstan Qərbyönümlü xəttə üstünlük verdi, Azərbaycan isə çoxvektorlu və balanslı siyasət strategiyasına əsaslandı. Fərqli istiqamətlər region daxilində ortaq platforma formalaşmasına imkan vermədi və Qafqazda yeni müstəqillik mərhələsi dərhal rəqabət və qarşılıqlı inamsızlıqla müşayiət olundu.
1990-cı illərin əvvəllərində Qafqaz xalqları arasında sülh, əməkdaşlıq və təhlükəsizliyə əsaslanan birgə həyat modelini təsəvvür edən “Qafqaz evi” ideyası cəlbedici görünsə də, siyasi reallıqlar onun həyata keçməsini mümkünsüz etdi. Müharibələr, etnik münaqişələr və böyük dövlətlərin regiondakı maraq toqquşmaları bu konsepsiyanın institusional əsasını formalaşdırmağa imkan vermədi. “Qafqaz evi” konsepsiyası sülh və etimad mühiti üçün zəruri olan sosial və siyasi bazadan məhrum idi. Həmin dövrdə regionda “təhlükəsizlik dilemması” üstünlük təşkil edirdi: hər bir dövlət öz təhlükəsizliyini digərinin zərərinə təmin etməyə çalışırdı.
Regiondakı münaqişələr – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi, Abxaziya, Cənubi Osetiya – həm daxili legitimlik böhranı, həm də xarici güclərin rəqabəti kontekstində alətə çevrilmişdi. Moskva regionda öz hərbi və siyasi təsirini qorumaq üçün bu münaqişələr üzərindən nəzarət mexanizmlərini saxladı. Qərb isə regionu postsovet məkanının demokratiya laboratoriyası kimi görməyə çalışır, enerji və təhlükəsizlik xətləri vasitəsilə öz strateji maraqlarını qoruyurdu.
Cənubi Qafqazda real inteqrasiya üçün əsas şərt – sülh və bərabərhüquqlu tərəfdaşlıq mühiti – yalnız 2020-ci ilin İkinci Qarabağ müharibəsindən sonra formalaşmağa başladı. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi regionda otuz illik status-kvonu dəyişdi və siyasi coğrafiyanı tamamilə yenidən qurdu. Yeni şəraitdə artıq təkcə münaqişənin nəticələri deyil, onun struktur səbəbləri də siyasi analiz və diplomatik təşəbbüslərin mərkəzinə çəkildi. Azərbaycanın qalib tərəf kimi regionda sülhə və qarşılıqlı faydalı əməkdaşlığa yönəlik çağırışları Cənubi Qafqazın postmünaqişə gündəliyinə strateji dərinlik qazandırdı. Məhz bu mərhələdə “Qafqaz evi” ideyası uzun illərdən sonra yenidən aktuallaşdı, lakin bu dəfə praktik siyasi mexanizm formasında – “3+3” regional əməkdaşlıq platforması şəklində. Burada hər bir dövlətin maraqları fərqli olsa da, ümumi məqsəd – Cənubi Qafqazda sülh, sabitlik və qarşılıqlı asılılıq mexanizminin qurulması – bütün tərəflər üçün ortaq strateji dəyərə çevrildi.
***
Platformanın strateji əhəmiyyəti, ilk növbədə, onun inklüziv və simmetrik strukturunda əks olunur. Burada heç bir dövlət digərindən üstün statusda çıxış etmir; hər biri həm təhlükəsizlik, həm də iqtisadi maraqlar baxımından öz mövqeyini qoruyur. Belə bir yanaşma diplomatiyada “regional simmetriya” adlandırılan yeni konseptual yanaşmanı doğurur. Əslində bu, Cənubi Qafqazın son otuz il ərzində ilk dəfə öz siyasi məsuliyyətini öz üzərinə götürməsi anlamına gəlir.
Azərbaycan üçün bu model müharibədən sonra sülhün institusional təminatı baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın regional siyasətinin əsas xətti – sabitlik və qarşılıqlı asılılıq üzərində qurulan əməkdaşlıqdır. Azərbaycan “3+3” formatını siyasi revanşizmin deyil, iqtisadi qarşılıqlı faydanın alətinə çevirmək niyyətindədir. Məhz bu kontekstdə TRIPP dəhlizinin, Orta Dəhliz layihəsinin və Cənubi Qaz Dəhlizinin inteqrasiyası “3+3”-ün iqtisadi sütunlarını təşkil edir.
Türkiyə üçün “3+3” formatı Cənubi Qafqazla Orta Asiya arasında geoiqtisadi körpü rolunu oynayır. Ankara bu platformanı Türk dünyasının Avrasiya istiqamətində daha dərin iqtisadi və nəqliyyat əlaqələri ilə birləşməsi üçün siyasi alət kimi görür. Türkiyə bu formatda yalnız Azərbaycanla müttəfiqlik çərçivəsində deyil, həm də İran və Rusiya ilə qarşılıqlı fayda prinsipinə əsaslanan əməkdaşlıqda iştirak edir.
İran üçün “3+3” formatı Qərbyönümlü marşrutların yaratdığı geosiyasi təcridi yumşaltmaq və öz tranzit potensialını qorumaq baxımından strateji əhəmiyyət daşıyır. Tehran uzun illərdir regionda Qərb təsirinə qarşı “balanslaşdırıcı qüvvə” rolunu oynayır və bu format onun üçün həm iqtisadi, həm də təhlükəsizlik baxımından yeni imkanlar açır.
Rusiya isə “3+3” platformasını Qafqazda geosiyasi mövqelərini qorumaq, Qərbin bölgəyə hərbi-siyasi nüfuzunun qarşısını almaq və öz təhlükəsizlik arxitekturasını yerli mexanizmlər vasitəsilə saxlamaq baxımından vacib vasitə kimi qiymətləndirir. Moskva üçün bu model həm də postsovet məkanında özünü legitim regional güc kimi təqdim etmək fürsətidir.
Ermənistan üçün “3+3” həm təcriddən çıxış, həm də postmünaqişə iqtisadi reabilitasiya imkanı deməkdir. Əgər İrəvan bu platformada rasional və praqmatik xətti seçərsə, regiondakı kommunikasiya dəhlizlərinin açılması və iqtisadi inteqrasiya proseslərindən real fayda əldə edə bilər. Bununla belə, Ermənistan siyasətində Qərb–Rusiya dilemması hələ də aydın həllini tapmadığından, bu ölkənin “3+3”-dəki iştirakı müəyyən dərəcədə tərəddüd və ziddiyyətlərlə müşayiət olunur.
Gürcüstanın mövqeyi isə daha kompleksdir. Rəsmi Tbilisi Qərbyönlü siyasətini qoruyaraq, “3+3” formatında formal iştirakdan çəkinir, lakin reallıqda regiondakı iqtisadi və tranzit əlaqələrdə mərkəzi mövqeyə sahib olmaqdan maraqlıdır. Gürcüstanın enerji və logistika sistemində oynadığı strateji rol onu bu formatın potensial iştirakçısına çevirir, “səssiz tərəfdaş” statusunda saxlayır.
Bütün bu fərqli maraqlara baxmayaraq, “3+3” modelinin mahiyyəti maraqların kəsişdiyi nöqtəni tapmaq üzərində qurulub. Məhz bu yanaşma “3+3” platformasını beynəlxalq münasibətlərdə yeni bir modelə – “daxili çoxtərəfli diplomatiya” nümunəsinə çevirir. Burada tərəflər öz aralarındakı münaqişələri birbaşa regional dialoq vasitəsilə həll etməyə çalışırlar.
***
Azərbaycanın bu prosesdə oynadığı rol xüsusi qeyd edilməlidir. Bakı “Qafqaz evi” ideyasını yalnız mədəni simvol deyil, siyasi alət kimi reaktuallaşdırdı və onu “3+3” formatı ilə reallaşdırmaqla, regional liderliyini institusional çərçivəyə saldı. “3+3” formatı nəzəri baxımdan regional sülh və əməkdaşlığın ən rasional modeli kimi görünür. Lakin onun praktik həyata keçirilməsi qarşısında duran çağırışlar bu reallığı mürəkkəbləşdirir. Ən ciddi çətinlik Ermənistanın qeyri-müəyyən siyasi vektorunda cəmlənir. İrəvan hazırda iki istiqamət arasında qalır: bir tərəfdən, Qərblə yaxınlaşma və Rusiyadan uzaqlaşma tendensiyası, digər tərəfdən isə regionda reallığın diktə etdiyi inteqrasiya zərurəti. Ermənistanın Qərb strukturlarına inteqrasiya arzusu onun regional təşəbbüslərə, o cümlədən “3+3” formatına qoşulmasını ləngidir. Halbuki bu platforma İrəvan üçün təcriddən çıxış və iqtisadi nəfəs yolu ola bilərdi.
Rusiya amili də “3+3” üçün həm fürsət, həm risk mənbəyidir. Moskva bu formatı Qərb vasitəçiliyinə alternativ kimi görür, lakin Ukrayna müharibəsi sonrası resurs məhdudiyyətləri onun regional təsirini zəiflədir. Rusiya artıq Cənubi Qafqazda nəzarətçi deyil, daha çox tərəfdaş statusuna doğru çəkilir. Moskva “3+3” platformasında təhlükəsizlik məsələlərinə dominant yanaşma gətirməyə çalışır. İran və Türkiyə arasında geosiyasi balans da “3+3”-ün uğuru üçün həssas məsələdir. Tehran özünü regionun təbii mərkəzi kimi təqdim etsə də, onun siyasətində zaman-zaman təcridçi və şübhəçi meyillər üstünlük təşkil edir. İran xüsusilə TRIPP dəhlizi məsələsində Türkiyə–Azərbaycan əməkdaşlığını ehtiyatla izləyir və bu xətti öz tranzit maraqlarına alternativ kimi görür. Halbuki həmin dəhliz regionu bütövlükdə inteqrasiya etdirə biləcək yeni nəqliyyat və iqtisadi magistral funksiyası daşıyır. Əgər Tehran bu reallığı qəbul edib onu öz iqtisadi strategiyasına inteqrasiya edə bilsə, “3+3” formatında İranın rolu sabitləşər. Əks halda, Tehran–Ankara rəqabəti regionda periodik gərginlik yarada bilər.
Platformanın qarşısında duran digər mühüm çağırış Qərbin bu prosesdəki mövqeyidir. “3+3” modeli Qərb strukturlarının – xüsusən də Aİ və ABŞ-ın – regionda vasitəçilik və normativ rolunu dolayısı ilə kənarda qoyur. Brüssel və Vaşinqton regionun təhlükəsizlik arxitekturasının yalnız Qərb institutları ilə təmin edilə biləcəyini iddia edir. Halbuki, “3+3” post-Qərb reallığında regional subyektivliyin ifadəsidir.
Digər bir risk platformanın institusional zəifliyidir. “3+3” hələlik daha çox siyasi niyyət bəyanatı və diplomatik format kimi fəaliyyət göstərir; onun daimi sekretariatı, qərarverici orqanı və hüquqi mexanizmləri mövcud deyil. Formatın effektiv işləməsi üçün strukturlaşdırılmış mexanizm zəruridir.
Bütün bu çətinliklərə baxmayaraq, “3+3”-ün əsas üstünlüyü onun elastikliyidir. Əgər tərəflər siyasi iradə göstərsələr, o, həm böhranların idarə olunması, həm də regional inteqrasiyanın təməl mexanizminə çevrilə bilər. Bu baxımdan Azərbaycan və Türkiyənin təşəbbüskarlığı, Gürcüstanın tranzit rolu, İranın geoiqtisadi imkanları və Rusiyanın təhlükəsizlik resursları birləşsə, Cənubi Qafqazda uzunmüddətli sabitlik modeli formalaşa bilər.
Beləliklə, “3+3” qarşısında riskləri idarə etməyi bacardığı təqdirdə, təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya məkanında regional əməkdaşlığın yeni arxitekturasına çevrilə bilər. Əks halda isə “Qafqaz evi”nin ilk versiyası kimi, o da ideal səviyyəsində qalmaq təhlükəsi ilə üzləşər.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


