Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Vatikana səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın yüksək rütbəli nümayəndələri ilə görüşüb.
XQ xəbər verir ki, şeyxülislam Allahşükür Paşazadənin Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad və Şərq Kilsələri üzrə Dikasteriyanın prefekti kardinal Klaudio Qucerotti ilə görüşündə Azərbaycan ilə Vatikan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Azərbaycanın tolerantlıq və multikulturalizm siyasətindən bəhs edilib, ölkəmizin dini və mədəni müxtəlifliyi qorumaqla müxtəlif etnik və dini qrupların sülh və qarşılıqlı hörmət şəraitində birgəyaşayışını təmin etdiyi bildirilib.
Görüşdə Azərbaycanın dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfə məmnuniyyətlə qarşılanıb. Bu baxımdan Heydər Əliyev Fondu ilə Müqəddəs Tax-Tac arasındakı əməkdaşlığın əhəmiyyəti vurğulanıb, bu uğurlu əməkdaşlığın mədəni irsin qorunmasına xidmət etməklə yanaşı, dinlərarası dialoqun inkişafına da töhfə verdiyi qeyd olunub. Vurğulanıb ki, həmin layihələr Azərbaycanın, o cümlədən də Heydər Əliyev Fondunun mədəniyyətlərarası və dinlərarası dialoqa konkret və praktik töhfəsini əks etdirir.
Həmçinin, Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyətindən bəhs olunub, ikinci katolik kilsəsinin tikintisi ilə bağlı görülən işlər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Qafqaz Müsəlmanları İdarəsi Müsəlman Ağsaqqalları Şurasının və BMT-nin Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı ilə gələn il müxtəlif ölkələrin dini liderlərinin islamdaxili dialoq və islamofobiyaya qarşı mübarizəyə həsr olunmuş konfransını keçirəcək.
Şeyxülislam Allahşükür Paşazadə kardinal Kuvakadı və kardinal Qucerottini konfransın iştirakçıları arasında görməkdən məmnun olacağını bildirib. Qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi Vatikanla əlaqələrin inkişafında maraqlıdır.
Müqəddəs Taxt-Tac tərəfi Azərbaycandakı məzhəblərarası və dinlərarası mühitin təkcə müsəlman ölkələri deyil, bütün dünya üçün nümunə təşkil etdiyini və bu nümunənin beynəlxalq müstəvidə geniş şəkildə təbliğinin vacibliyini bildirib.
Görüşdə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov və İtaliyadakı səfirimiz Rəşad Aslanov da iştirak ediblər.
Vatikana səfər çərçivəsində şeyxülislam Allahşükür Paşazadə Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə də görüşüb. Görüşdə Azərbaycan ilə Vatikan arasında yüksək müstəvidə inkişaf edən əlaqələr vurğulanıb, bu münasibətlərin örnək mahiyyəti qeyd olunub.

