Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək

post-img

9–16 noyabr tarixlərində qədim və müasir Gəncə şəhərində möhtəşəm idman bayramı yaşanacaq. Aerobika gimnastikası üzrə Avropa çempionatı ilk dəfə məhz Gəncədə keçiriləcək!

Bu mötəbər yarışda 17 ölkədən ən güclü gimnastlar qüvvələrini sınayacaq, Avropa kuboku uğrunda gərgin və maraqlı mübarizə aparacaqlar. Yarışlar Gəncə İdman Sarayında baş tutacaq.

9–11 noyabr tarixlərində yeniyetmələr və 15 yaşadək idmançılar, 14–16 noyabr tarixlərində isə böyüklər arasında Avropa çempionatları keçiriləcək. Bu, həm Azərbaycanın, həm də Gəncənin idman tarixində əlamətdar hadisə kimi yadda qalacaq.

Son illər Gəncə təkcə mədəniyyət və təhsil mərkəzi kimi deyil, həm də beynəlxalq idman arenalarına çevrilən şəhər kimi tanınmağa başlanıb. Üçüncü MDB Oyunlarını yüksək səviyyədə təşkil etməsi, idman infrastrukturunun müasir standartlara uyğun qurulması, nəqliyyat və mehmanxana sisteminin yenilənməsi Gəncənin beynəlxalq idman ailəsində nüfuzunu xeyli artırıb.

Məhz bu uğurlar sayəsində Avropa Gimnastika Federasiyası Gəncəni növbəti böyük turnir üçün etibarlı və layiqli ev sahibi kimi seçib. Artıq şəhər Dünya və Avropa miqyaslı yarışlara ev sahibliyi etməyə tam qadirdir  və bu potensialını ardıcıl şəkildə sübut edir.

Avropa çempionatı təkcə idman hadisəsi deyil, həm də Gəncənin inkişafı, qonaqpərvərliyi və idman mədəniyyətinin beynəlxalq səviyyədə təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Bu yarışla Gəncə bir daha göstərir ki, Azərbaycanın regionları da böyük idman hadisələrinin mərkəzinə çevrilmək gücünə malikdir.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri



İdman