Qazaxıstan Respublikasının “AKB Solutions” şirkəti və “İncəsənət, Kino və Elmin İnkişafı Fondu” dünyada ən böyük göl sayılan Xəzər dənizinin ekoloji problemləri haqqında böyük sənədli film layihəsi üzərində çalışır. Bu qurumların birgə çəkiliş qrupu Bakıda səfərdə olub.
Xəzərətrafı dövlətlərin dənizin ekoloji problemlərinin həllində əməkdaşlığı, problemlərin həlli istiqamətində atdıqları addımlar, onların gələcək birgə fəaliyyət perspektivlərinin əks olunacağı filmdə Xəzərin səviyyəsinin enməsi və bunun ətraf ölkələrə təsiri, dənizin ekosisteminin və bioloji müxtəlifliyinin qorunması, balıq ehtiyatlarının bərpası və digər mövzulardan bəhs edilir.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çəkiliş qrupuna Xəzərin enerji resurslarından istifadə perspektivləri, karbohidrogenlərin çıxarılması prosesində ekologiyanın qorunması tədbirləri, qlobal iqlim dəyişikliklərinin Xəzərə təsiri, dənizin unikal ekosisteminin öyrənilməsində beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışıb. Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev, həmin institutun böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, Cenevrə Universitetinin post-doktorantı, beynəlxalq CASPİSNET şəbəkəsinin koordinatoru Elnur Səfərov isə problemin ayrı-ayrı aspektləri ilə bağlı müsahibə verib, Xəzəryani ölkələrin mütəxəssislərindən ibarət vahid monitorinq mərkəzinin yaradılmasının vacibliyini qeyd edib.
Film üçün Bakının Dağüstü parkdan mənzərəsi, əsrlərlə Xəzərin suları altında qalmış Səbayıl qalası, AMEA-nın binası və paytaxtımızın digər maraqlı yerlərinin çəkilişləri aparılıb. Dünyada muzeyə çevrilmiş ilk tanker olan “Suraxanı” gəmi-muzeyində Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, qədim naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, lövbərlər və s. eksponatlarla tanışlıq və maraqlı çəkiliş üçün geniş imkanlar qonaqlarda xoş təəssürat yaradıb.
Ə.ƏLİYEV, “Xalq qəzeti”