“Facebook” şəbəkəsi fəalı olan həkim-yazıçı Hümbət Həsənoğlu bir neçə il Almaniyada yaşayıb-işləyib. Vətənə qayıtdıqdan sonra da həmin ölkədə səfərlərdə olub. Onun Facebook şəbəkəsində həmin səfərlərdən biri haqqında yazdığı təəssüratın maraqlı olduğunu nəzərə alaraq, oxucuların diqqətinə təqdim edirik.
“Mən də daxil olmaqla, azərbaycanlılardan ibarət bir qrup Almaniyada səfərdəyik. Səfərimizin ikinci həftəsi gedir; hər gün görüşlər, toplantılar, ekskursiyalar… Xaricdə olanlar bilir, günlər intensiv tədbirlərə, görüşlərlə dolu olanda adam bir az yorulmuş olur.
...Axşam yeməyindən sonra bir şəhərdən başqa şəhərə avtobusla yol gedirik. Almanın komfort avtobusu, ideal yollar, yumşaq kreslolar, salonda yarıqaranlıq atmosfer və yorğun azərbaycanlılar. Hamı mürgüləyir.
Sakitcə sürücünün yanına gedib, ona bir musiqi diski verir və astadan almanca deyirəm ki, mən qayıdıb oturandan on dəqiqə sonra diski qoşsun.
Mən qayıdıb yerimə otururam və hamı kimi özümü yuxuluğa vururam. Almaniyanın avtobanı, ətrafda sayrışan işıqlar, sakitlikdir və birdən avtobusun səs kolonkalarından Rəşid Behbudovun ecazkar səsi ucalır. Yavaş-yavaş dirçələnlər sevincək digərlərini oyadırlar: – Aaa, bu ki bizim Rəşid Behbudovdur!
Hamı bir-birinə baxıb sevinir.
- Görürsünüz də, almanlar da sevir Rəşidi!
- Korifeydir ee, bütün dünya sevir onu!
- Vallah, mən də almanları sevdim! Rəşidə belə qiymət verirlərsə, onlara hər şey halaldır!
Müğənninin ikinci mahnısı gəlir.
- Qaqaş, bunlar onun diri albomunu verirlər. Azərbaycanda kimə desən, inanmaz.
Rəşidin üçüncü şən mahnısına isə hamı qalxıb avtobusdaca rəqs edir. Alman sürücü belə reaksiyasını gözləmədiyindən, çaşqınlıq içində bizə baxır və hamının sevindiyini görüb gülərək, musiqinin səsini artırır. Hamı şıdırğı oynayır, şənlənir. Yol yorğunluğu canımızdan musiqi və rəqslə çıxır.
Sonda sürücüyə hərə bir milli suvenir bağışlayır və o mənə təzim edə-edə razılıq edir: – Danke şöön!
Nəhayət, hamı nələrin baş verdiyini başa düşür və aramızda olan yeganə alman–azərbaycanlını növbə ilə qucaqlayırlar…”
P.S: Bu da şən bir zarafatın yaratdığı xoş ovqat!
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”