Lənkəranda ilk dəfə aritmoloji prosedurlar həyata keçirilib

post-img

Kardioloq – aritmoloqlar Ata Kırılmaz və Günay Rəhimova tərəfindən 3 pasiyentə ürəkdaxili cihaz implantasiyası, 2 pasiyentə isə ürək ritm pozğunluğunun (aritmiyanın) ablasiya metodu ilə invaziv müalicəsi icra edilib. 

Əməliyyatlar uğurla nə­ticələnib və pasiyentlər bir gün sonra ambulator müalicə üçün evə buraxılıblar. Bu xid­mətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnvaziv kar­diologiya şöbəsində ilk dəfə olaraq aritmoloji prosedurlar həyata keçirilərkən icra edilib.

Qeyd edək ki, İstanbul Gülhane Askeri Tıp Akade­misinin məzunu, uzman kar­dioloq, professor doktor Ata Kırılmaz 2015-ci ildən Azər­baycanda ürək xəstələrinə xidmət edir. Ritm pozulmaları, nəfəs darlığı, aritmiya, aorta anevrizmi və bir sıra problemlə ona müraciət edənlərin ümidini doğruldur. Kardioloq aritmoloq Günay Rəhimova ürək döyün­tülərinin həm dərman, həm əməliyyat yolu ilə ləğv edilmə­si, ürəyə müxtəlif cihazların implantasiyası, ürək xəstəlik­lərinin müasir diaqnostikası, müalicəsi və ürək çatışmazlığı ilə məşğul olur. O, 2005-ci ildə Azərbaycan Tibb Universiteti­ni bitirdikdən sonra, 2013-cü ilədək Mərkəzi Klinikada ça­lışıb. İstanbulda aritmologiya və cihaz implantasiyası üzrə ixtisasartırma kursunda və bir neçə dəfə Türkiyə və Avropa­da aritmologiya üzrə keçirilən ixtisasartırma kurslarında, se­minar və konfranslarda iştirak edib. 2015– 2021-ci illərdə Av­rasiya Hospitalda kardioloq-a­ritmoloq olaraq çalışıb. 2021-ci ildən isə peşəkar fəaliyyətinə Ege hospitalda davam edir. 

Günay Rəhimova deyir: “Lənkəran Rayon Mərkəzi Xəstəxanasında çox əlamət­dar işlər gördük. Aritmologiya bölümü olaraq ilk ablasiyaları­mızı icra etdik, üç ədəd cihaz implantasiyası əməliyyatı et­dik. Ölkədə, eləcə də Cənub zonası kimi böyük bir bölgədə bu əməliyyatların icrası, koro­nar angioqrafiyanın olması bir zamanlar xəyal idi, indi gerçək oldu. Bizə bu gün yardım edən hər kəsə təşəkkür edirik. Bu prosesdə Lənkəranın tanınmış həkimi Taleh Şahverdiyev və Vüsal Dənziyev də yanımızda idi. Ümumiyyətlə, bölgələrdə angioqrafiya laboratoriyaları­nın olması çox gözəl haldır. Kardiologiyanın inkişafında İcbari Tibbi Sığortanın dəstəyi­nin də rolu böyükdür. Biz birlik­də güclüyük.”

Qeyd edək ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanası­nın İnvaziv kardiologiya şöbəsi 3 fevral 2023-cü il tarixindən fəaliyyətə başlayıb. İndiyədək şöbədə 233 xəstəyə kardiocə­rahi xidmət göstərilib.

Z.HÜSEYN, “Xalq qəzeti”

Son xəbərlər