Cənubi Koreya ilə əməkdaşlıq genişlənir

post-img

Cənubi Koreyanın Seul şəhərində Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclası keçirilib.

Birgə Komissiyanın Koreya Respub­likası tərəfindən həmsədri, bu ölkənin ticarət, sənaye və energetika nazirinin müavini Jeong Daejin Azərbaycan nü­mayəndə heyətini salamlayaraq Azər­baycan və Koreyanın yüksək iqtisadi və mədəni əlaqələrə malik dost ölkələr oldu­ğunu bildirib. Diqqətə çatdırıb ki, ötən il Azərbaycan Respublikası ilə Koreya Res­publikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub.

İclasda Birgə Komissiyanın Azərbay­can Respublikası tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ölkəmizin ötə­nilki makroiqtisadi göstəriciləri və iki ölkə arasında ticarət dövriyyəsinin həcmi barə­də məlumat verib. Nazir müavini bildirib ki, Azərbaycan Koreyanın Cənubi Qafqaz regionunda ən böyük ticarət tərəfdaşıdır.

Samir Məmmədov Koreya nümayən­də heyətinə 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan işğalından azad edilmiş Azərbaycan ərazilərində aparılan yenidənqurma və bərpa işlərindən da­nışıb. Diqqətə çatdırıb ki, işğaldan azad edilən ərazilər “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulur və bu region “yaşıl enerji” zonası elan olunub.

Nazir müavini Azərbaycanda nəqliy­yat və rəqəmsallaşma sahəsində həyata keçirilən işlər, eləcə də Orta Dəhlizlə da­şımaların asanlaşdırılması üçün görülən tədbirlər haqqında məlumat verib. Xüsu­silə vurğulayıb ki, Zəngəzur dəhlizinin re­allaşdırılması regionda sabitliyə, inkişafa öz töhfəsini verəcək və onun tranzit po­tensialını gücləndirəcək.

İclas zamanı qarşılıqlı investisiyalar, sənaye, ticarət, kənd təsərrüfatı, energe­tika, təhsil, səhiyyə, mədəniyyət və turizm sahələrində əməkdaşlıq imkanlarına dair geniş müzakirələr aparılıb.

Sonda Azərbaycan Respublikası Hö­kuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclasının Protokolu imzalanıb.

“Xalq qəzeti”

Son xəbərlər