Kardioloq – aritmoloqlar Ata Kırılmaz və Günay Rəhimova tərəfindən 3 pasiyentə ürəkdaxili cihaz implantasiyası, 2 pasiyentə isə ürək ritm pozğunluğunun (aritmiyanın) ablasiya metodu ilə invaziv müalicəsi icra edilib.
Əməliyyatlar uğurla nəticələnib və pasiyentlər bir gün sonra ambulator müalicə üçün evə buraxılıblar. Bu xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnvaziv kardiologiya şöbəsində ilk dəfə olaraq aritmoloji prosedurlar həyata keçirilərkən icra edilib.
Qeyd edək ki, İstanbul Gülhane Askeri Tıp Akademisinin məzunu, uzman kardioloq, professor doktor Ata Kırılmaz 2015-ci ildən Azərbaycanda ürək xəstələrinə xidmət edir. Ritm pozulmaları, nəfəs darlığı, aritmiya, aorta anevrizmi və bir sıra problemlə ona müraciət edənlərin ümidini doğruldur. Kardioloq aritmoloq Günay Rəhimova ürək döyüntülərinin həm dərman, həm əməliyyat yolu ilə ləğv edilməsi, ürəyə müxtəlif cihazların implantasiyası, ürək xəstəliklərinin müasir diaqnostikası, müalicəsi və ürək çatışmazlığı ilə məşğul olur. O, 2005-ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra, 2013-cü ilədək Mərkəzi Klinikada çalışıb. İstanbulda aritmologiya və cihaz implantasiyası üzrə ixtisasartırma kursunda və bir neçə dəfə Türkiyə və Avropada aritmologiya üzrə keçirilən ixtisasartırma kurslarında, seminar və konfranslarda iştirak edib. 2015– 2021-ci illərdə Avrasiya Hospitalda kardioloq-aritmoloq olaraq çalışıb. 2021-ci ildən isə peşəkar fəaliyyətinə Ege hospitalda davam edir.
Günay Rəhimova deyir: “Lənkəran Rayon Mərkəzi Xəstəxanasında çox əlamətdar işlər gördük. Aritmologiya bölümü olaraq ilk ablasiyalarımızı icra etdik, üç ədəd cihaz implantasiyası əməliyyatı etdik. Ölkədə, eləcə də Cənub zonası kimi böyük bir bölgədə bu əməliyyatların icrası, koronar angioqrafiyanın olması bir zamanlar xəyal idi, indi gerçək oldu. Bizə bu gün yardım edən hər kəsə təşəkkür edirik. Bu prosesdə Lənkəranın tanınmış həkimi Taleh Şahverdiyev və Vüsal Dənziyev də yanımızda idi. Ümumiyyətlə, bölgələrdə angioqrafiya laboratoriyalarının olması çox gözəl haldır. Kardiologiyanın inkişafında İcbari Tibbi Sığortanın dəstəyinin də rolu böyükdür. Biz birlikdə güclüyük.”
Qeyd edək ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnvaziv kardiologiya şöbəsi 3 fevral 2023-cü il tarixindən fəaliyyətə başlayıb. İndiyədək şöbədə 233 xəstəyə kardiocərahi xidmət göstərilib.
Z.HÜSEYN, “Xalq qəzeti”