Leysan, qasırğa, sel fəsadlar törədib, ziyan vurub

post-img

Dünən respublikanın müxtəlif bölgələrində güclü küləklə müşayiət olunan leysan yağışları dağıntılara səbəb olub, müvəqqəti çətinliklər törədib. Bölgələrdən aldığımız xəbərlərdə dağıntı və ziyanın aradan qaldırılması ilə bağlı opertiv tədbirlər görüldüyü bildirilir.

Mayın 31-də günün ikinci yarısın­da Göyçay rayonunda başlayan güclü küləklə müşayiət edilən leysan xarakterli yağış axşam saatlarında dayanıb. Güc­lü yağışdan sonra baş verən fəsadlar da aradan qaldırılır. Göyçay şəhərinin içməli su və qazın verilişi, naqillər bərpa edilib. Aşan elektrik dirəkləri dikəldilir, elektrik enerjisinin verilişi təmin olunur. 

Şəhərin müxtəlif küçələrinə aşan iri gövdəli ağaclar kəsilərək ərazidən götürülüb. Qasırğa nəticəsində aşaraq Bakı–Şamaxı–Yevlax avtomobil yolunu kəsən çinar ağacı da yoldan kənarlaşdı­rılıb. Bununla da avtomobillərin hərəkəti hər iki istiqamətdə bərpa edilib.

Göyçayda güclü külək və qasır­ğa səbəbindən TƏBİB-in tabeliyindəki Göyçay Rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş iş rejiminə keçib. Baş verən təbiət hadisələri ilə bağlı 2 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə zəruri tib­bi xidmətlər göstərilib.

***

Şəmkir rayonunun Zəyəm qəsə­bəsində isə bəzi ərazilər subasmaya məruz qalıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Şəmkir rayonunun Zəyəm qəsəbəsində bəzi ərazilərinin subasmaya məruz qalması barədə mə­lumat daxil olub. FHN-in Gəncə Regio­nal Mərkəzi və Dövlət Yanğından Mü­hafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.

Şəmkir rayonunun Zəyəm qəsəbə­sində fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərdən suyun çə­kilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirləri görülür.

***

Dünən axşam saatlarında başla­yan külək və yağış İsmayıllı rayonun­da da fəsadlar törədib.

Sel suları nəticəsində, dağlardan qopan qaya parçaları və lil qatı İsmayıl­lı-Lahıc avtomobil yolunu tamam bağ­layıb. Bundan əlavə, rayonun elektrik və qaz təchizatına zərər dəyib. Hazır­da rayonun bir çox ərazilərində elektrik enerjisinin verilişi dayanıb. Fərdi evlərə, məktəblərə, taxil və bostan sahələrinə zərər dəyib.

Hazırda rayon fövqəladə hallar ko­missiyası tərəfindən ərazidə fəsadların aradan qaldırılması üçün işlər görülür.

Kəndlərdə taxıl, bostan sahələrinə, meyvə bağlarına, fərdi evlərə, rayonda yaşayış binalarına ciddi zərər dəyib. Hazırda rayona dəyən zərərlə bağlı araşdırma aparılır.

***

Mayın 31-də güclü külək Ağcabə­di rayonunun yaşayış məntəqələrin­də bir sıra fəsadlar törədib.

Külək nəticəsində rayon ərazisində ağaclar aşıb, fərdi evlərə və yardımçı binalara, kənd təsərrüfatına ziyan də­yib, yaşayış məntəqələrinin bir çoxunda elektrik enerjisinin verilməsində fasilə yaranıb. Rayonun Hindarx qəsəbə sa­kini, 1963-cü il təvəllüdlü Mamedov Al­lahverən Qəzənfər oğlu küləyin aşırdığı tut ağacının altında qalaraq dünyasını dəyişib.

Hazırda küləyin törətdiyi fəsadla­rın aradan qaldırılması istiqamətində iş aparılır. Artıq kəndlərin bəzilərində elektrik enerjisinin verilməsi bərpa olu­nub.

“Xalq qəzeti”



Ekologiya