Tələbə dərsə getməyibsə...

post-img

Tələbələrin qızılca və digər yoluxucu xəstəliklərə tutulmaları, bədbəxt hadisə nəticəsində xəsarət almaları onların dərslərə davam etməsinə mane olur. Bu səbəbdən tələbələrin dərsdə iştirak etməməsi üzürlü sayılırmı?

Bu sualın cavabında təhsil eksperti Kamran Əsədov XQ-yə bildirdi:

– Dərsdə iştirak etməmək heç bir halda üzürlü hesab olunmur. Düşünə bilərik ki, bu, məcburi dərsburaxmadır, tələbənin istəyindən asılı deyil. Amma qüvvədə olan “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda “qayıb” yazılmasının vacibliyi qeyd olunur.

Ekspert həmin qaydaların 3.2.23-cü maddəsinə istinad edərək bildirdi ki, fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə (milli yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır. Bu hədd ali təhsil müəssisəsi tərəfindən azaldıla bilər: “Tələbə yoluxucu xəstəliyə düçar ola, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət ala bilər. Bu zaman tibbi məntəqədə ona qeydiyyat vərəqi açılır və bülleten verilir. Amma bu da dərsdə iştirak etməməyə əsas vermir”.

K.Əsədov onu da diqqətə çatdırdı ki, universitet rəhbərliyi daxili nizamnaməyə görə, tələbələrin “qayıb”larını üzürlü hesab edə bilər.

Hazırladı:
Rizvan FİKRƏTOĞLU
XQ

Təhsil