Ölkəmizdə qış idman növləri də inkişaf edir

post-img

ISMF-in 17-ci Plenar Assambleyasında bu barədə geniş söhbət açılıb

Ölkəmizdə qış idman növlərinin inkişafı, lazımi infrastrukturun yaradılması, yerli idmançıların yetişdirilməsi istiqamətində işlər davam edir. Oktyabrın 19-da Bakıda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının 17-ci Plenar Assambleyasında xizək alpinizminin inkişafı üzrə görülən işlər və yeniliklərlə əlaqədar geniş məlumat verilib.

Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Florian Zenqstşmid bu idman növünün geniş yayılması, bu sahəyə insanların marağının artırılması istiqamətində həm dövlət, həm də federasiya tərəfindən əhəmiyyətli işlərin görüldüyünü bildirib. Qeyd edilib ki, cari ilin mart ayında ölkəmizdə xizək alpinizmi üzrə beynəlxalq seriya yarışının keçirilməsi, buz meydançasının açılması bu sahənin inkişafının bariz nümunəsidir. Qurum rəsmisi 2025-ci ilin yanvar ayında “Şahdağ” Turizm Mərkəzində keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokunun ən yüksək səviyyədə təşkili ilə bağlı müvafiq işlərin aparıldığını diqqətə çatdırıb.

Beynəlxalq Xizək Alpinizmi Federasiyasının prezidenti Requla Meyer Azərbaycanda xizək idman növlərinə marağın artmasını yüksək qiymətləndirib. Bildirilib ki, ölkəmizdə beynəlxalq standartlara cavab verən yamaclar və infrastrukturun yaradılması bu idman növünün inkişafı üçün geniş imkanlar açır. Qurum rəhbəri Beynəlxalq Federasiyanın gələcəkdə də Avropa və dünya çempionatları kimi irimiqyaslı yarışların Azərbaycanda keçirilməsinə hazır olduğunu deyib.

Plenar Assambleyada Beynəlxalq Xizək Alpinizmi Federasiyası tərəfindən il ərzində həyata keçirilən tədbirlər, qarşıda duran hədəflər və nəzərdə tutulan layihələr haqqında məlumat verilib, yeni üzvlər qəbul edilib. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax videomüsahibə vasitəsilə tədbir iştirakçılarına uğurlar arzulayıb.

Tədbirdən sonra jurnalistlərə açıqlama verən Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova ölkəmizin bu tədbirə ev sahibliyi etməsinin böyük əhəmiyyət olduğunu bildirib. Qeyd edilib ki, gələn ilin yanvar ayında “Şahdağ” Turizm Mərkəzində keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokunun ən yüksək səviyyədə təşkili ilə bağlı bütün lazımi işlər görüləcək.

Requla Meyer isə jurnalistlərə açıqlamasında ölkəmizdə keçirilən assambleyada iştirak etməyin onlar üçün böyük şərəf olduğunu deyib.

Qeyd edək ki, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Bakıda keçirilən 17-ci Plenar Assambleyasında 24 ölkədən 60-a yaxın nümayəndə iştirak edir.

L.AZAD
XQ

İdman