2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi, təxminən, 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
• Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 yaşayış məntəqəsi işğaldan azad olunub. Prezident İlham Əliyev bununla bağlı xalqa müraciət edib.
Dövlət başçısı müraciətində bildirib: “Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Silahlı Qüvvələrimizin gücünü görür. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq”.
Ali Baş Komandan daha sonra xalqımızın döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözlədiyini, indi də belə şad xəbərləri Azərbaycan xalqına çatdırdığını və hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsinin böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb etdiyini vurğulayıb: “Bir sözlə, döyüş meydanında bizim üstünlüyümüz artıq heç kimə sirr deyil. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, şəhidlər veririk, öz ərazi bütövlüyümüzü bərpa edirik. Bundan sonra da bu addımlar atılacaq. Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram. Ondan sonra döyüşlər dayana bilər”.
Prezident İlham Əliyev xalqa müraciətinin sonunda deyib: “Əziz xalqım, əziz zəngilanlılar, füzulilər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”.
• Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması ilə bağlı rəsmi instaqram səhifəsində paylaşım edib: “Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm. Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”.
• Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS qurğusu, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib. Ordumuzun artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb, 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib. Füzuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.
• Müdafiə Nazirliyi Azərbaycan Ordusunun artilleriya bölmələrinin Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə zərbələr endirməsi ilə bağlı videogörüntülər təqdim edib.
• Zəngilan şəhərində Azərbaycanın dövlət bayrağı ucaldılıb. Azərbaycan hərbçiləri bununla bağlı Prezident İlham Əliyevə məruzə ediblər. Məruzədə deyilir: “Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın, Azərbaycan! Yaşasın, Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.
Xatırladaq ki, oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng (yeni adı Çinarlı), Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan edib.
• Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.
• Müdafiə Nazirliyinin məlumatına əsasən, cəbhənin Ağdərə–Ağdam, Füzuli–Hadrut–Cəbrayıl və Qubadlı–Zəngilan istiqamətlərində itirdiyi mövqeləri bərpa etməyə cəhd edən düşmənə qarşı uğurlu əməliyyatlar aparılıb. Ümumilikdə düşmənin xeyli sayda canlı qüvvəsi, döyüş və avtomobil texnikası, artilleriya və zenit-raket qurğuları, silah və döyüş sursatları, əməliyyat-taktiki və ballistik raket qurğuları, yaylım atəşli, radioelektron mübarizə və tank əleyhinə vasitələri, o cümlədən S-300 tipli zenit-raket kompleksləri məhv edilib. Xeyli sayda silah-sursat, tank və artilleriya qurğuları ələ keçirilib.
• Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi üzərində məhv edilib.
• Qubadlı istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun artilleriya atəşləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin məhv edilməsinin videogörüntüsü yayımlanıb.
• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 20-si saat 12:00-dək 61 mülki şəxs həlak olub, 291 nəfər xəsarət alıb, 1941 ev, 90 çoxmənzilli yaşayış binası və 382 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
XQ