Zəngilanın daşı-torpağı da sevinir

post-img

4 il əvvəlin 20 oktyabrında xalqımız cəbhədən gələn növbəti qələbə müjdəsi bu rayonun məcburi köçkün həyatı yaşayan sakinlərini xüsusilə çox sevindirdi.

Bu gün yenidən qurulan, gündən-günə abadlaşaraq doğmalarına qucaq açan Zəngilanın şəhər günüdür. Bu bayram ərəfəsində Bakının Qaradağ rayonundakı Qobu Park yaşayış kompleksində müvəqqəti məskunlaşmış zəngilanlılarla görüşüdük.

Burada hamının xətrini çox istədiyi şəhid xanımı Aypara İsmayılova torpaqlarımızın işğaldan azad edilməsindən sonra bütün acıları unutduğunu, qələbə sevinci yaşadığını bildirdi:

– Həyat yoldaşım Nadir Birinci Qarabağ müharibəsi zamanı topçu idi. Neçə-neçə ağır döyüşlərdə iştirak etmişdi. Vətənini çox sevirdi. Elə canını da Vətən uğrunda fəda etdi, 1993-cü il fevralın 2-də qəhrəmancasına şəhid oldu. Çox şükür ki, onun qanı yerdə qalmadı. Zəngilan şəhərinin azad edilməsi xəbərini eşidəndə sevindiyimdən hönkür-hönkür ağladım. Bir gün sonra da mənim doğulub-böyüdüyüm Mincivan alındı. Həmin an mənə elə gəldi ki, Nadir də göylərdən bizə baxıb gülümsəyir.

A.İsmayılova Qobu Parkda növbədənkənar mənzillə təmin edilib. Hər zaman dövlətin qayğısı ilə əhatə olunduğunu deyən şəhid xanımı bir arzusunu da dilə gətirdi:

– Bu gün Zəngilanın daşı-torpağı da bayram edir. Çünki işğaldan azad edilmiş bütün torpaqlarımızda olduğu kimi, doğma Zəngilanım da yenidən qurulur, cənnətə çevrilir. O yerlərə yenidən həyat qayıdır. İndi mənim ən böyük arzum öz ata-baba yurduma qayıtmaq, orada yaşamaqdır.

Biz Zəngilanın şəhər gününü ən əziz bayramımız kimi qeyd edirik. Bu gün təkcə bizim deyil, bütün xalqımızın bayramıdır. Odur ki, başda bizə bu xoşbəxt günləri bəxş edən möhtərəm Prezidentimiz olmaqla bütöv Azərbaycanımızın hər bir vətəndaşını təbrik edirəm! Allah xalqımıza hər zaman belə bayram əhval-ruhiyyəli günlər qismət etsin!

Qobu Park yaşayış kompleksində qonağı olduğumuz Birinci Qarabağ müharibəsi veteranı Mahir İbrahimov isə bildirdi ki, 1993-cü ildə Zəngilanın işğalı ilə nəticələnən o acı günləri unutmasaq da, artıq 4 ildir qürur və fəxarət hissi ilə torpaqlarımızın azad edilməsi tarixlərini qeyd edirik:

– Mən rayonun Dəlləkli kəndindənəm. Erməni işğalçılarının Zəngilana amansız hücumları başlayanda 22 yaşım vardı. Könüllü olaraq o vaxt yeni yaranmış Milli Orduya yazılıb doğma yurdumun müdafiəsinə qoşuldum. Ancaq həmin vaxt silah-sursatımız çatışmırdı, azğınlaşmış düşmənin qarşısını almaq üçün kifayət qədər gücümüz yox idi. Ona görə də göstərdiyimiz müqavimət nəticəsiz qaldı. Vətən müharibəsi isə bir başqaydı. Mən köhnə döyüşçü kimi ordumuzun sürətlə irəliləməsini fəxrlə izləyirdim. Deyirdim ki, bax, müharibə belə olar! Komandanlıq, təchizat belə olar! Hamılıqla bütün torpaqlarımızın, o cümlədən Zəngilanın tezliklə erməni faşistlərindən azad ediləcəyinə inanırdıq. Şükür ki, bu xoşbəxt günləri yaşamaq bizə qismət oldu. Allah Prezidentimizi qorusun! Ordumuzu hər zaman müzəffər etsin!

Söhbətimizə Mahirin həyat yoldaşı Validə xanım da qoşuldu:

– Məcburi köçkünlüyün ilk illəri ağır keçdi. Ancaq dövlətimiz bizi heç zaman tək qoymadı, sahibsiz buraxmadı. Belə gözəl, rahat evlər tikib bizi müvəqqəti yerləşdirdilər ki, əziyyət çəkməyək. Dünyanın harasında müharibə şəraitində olan bir dövlət qaçqınların, məcburi köçkünlərin qayğısına bu qədər qalıb? İndi hamımız səbirsizliklə doğma yurd-yuvamıza qayıdacağımız günü gözləyirik.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri

Sosial həyat