Şərqi Zəngəzurun nicat, şərəf və öyünc günü

post-img

20 Oktyabr Zəngilan Şəhəri Günüdür

Zəngilanlı köhnə dostum Sərməs Əhmədov bugünlərdə rayonun Ağalı kəndində yaşayan yaxın qohumuna baş çəkməyə getmişdi. Qayıdanda telefonda mənə fəxrlə söylədi ki, orada, “ağıllı kənd”də, həqiqətən, sakinlər üçün elə yaxşı həyat və iş şəraiti qurulub ki, heç çağdaş dünyanın zəngin ölkələrində də belə nümunə yoxdur.

Dostumun hədsiz sevincək olduğu səsindən aşkar hiss olunurdu:

–Torpaq nisgili ağır dərd idi. İndi isə hər şey dəyişib. Keçmiş məcburi köçkün ailələri doğma yurd yerlərinə qayıtdıqları üçün özlərini çox xoşbəxt hiss edirlər.

Qeyd etmək lazımdır ki, zəngilanlılara, qarabağlılara, əslində böyüklü-kiçikli bütün soydaşlarımıza bu xoşbəxtliyi müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə yenilməz Milli Ordumuzun igid, qeyrətli əsgər və zabitləri bəxş ediblər. Bu gün külli Qarabağda böyük quruculuq işləri görülür. Ən yaxın aylar, illər ərzində bütün köçkün ailələri doğma torpaqlara qayıdacaq, burada əkib-becərəcəklər, bəxtiyar ömür sürəcəklər.

Xatırladaq ki, şanlı Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Bu, qürurverici və unudulmaz qələbə Zəfər tariximizin ən şanlı səhifələrindən biridir.

Azərbaycan dövləti, təbii ki, bu əlamətdar hadisəni əbədiləşdirib. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla 20 oktyabr Zəngilan şəhəri günü elan edilib. Bu il artıq 2-ci dəfədir ki, xalqımız bu əlamətdar hadisəni təntənəli surətdə, böyük ruh yüksəkliyi və coşqu ilə bayram edir.

Bu məqamda yaddaşım məni təxminən 30-35 il əvvəlki illərə aparır. 1980-ci illərin sonlarında “Bakinski raboçi” qəzetinin Mil-Muğan regionu üzrə müxbiri idim. Zəngilana tez-tez gedərdim. Qarabağda separatizm baş qaldıranda Ermənistanla sərhəddə yerləşən Zəngilanın bir çox kəndlərində sabitlik pozuldu. Belə ki, erməni yaraqlıları dinc əhaliyə qarşı ağır təxribatlar törədirdilər. Əhali gecə-gündüz sərhədlərdə keşik çəkir, düşmən basqınlarını dəf etməyə çalışırdı.

Təəssüf ki, 1993-cü il oktyabrın 30-da Ermənistanın silahlı qüvvələri öz havadarlarının köməyilə torpaqlarımızı işğal etdilər. O gündən Zəngilanın 30 minə yaxın sakini respublikanın müxtəlif şəhər və rayonlarına səpələndi. Onlar bu onillər ərzində min bir əzab-əziyyətə qatlaşdılar, amma doğma torpaqlara qayıdacaqları ilə bağlı ümidlərini heç vaxt itirmədilər.

Bu dəhşətli haqsızlığın bir sonu olmalı idi. Axı həyatda ilahi ədalət var. Azərbaycan xalqı və dövləti özünü, gücünü toparladı, ordusunu gücləndirdi və yuxarıda qeyd etdiyimiz kimi, 4 il əvvəl yüksək şücaət və qəhrəmanlıq nümayiş etdirərək xain düşməni torpaqlarımızdan qovdu.

Bu gün Zəngilan torpağı azad nəfəs alır. Son 2-3 ildə rayonda olduqca geniş tikinti-quruculuq işləri aparılıb. Xüsusi qeyd etmək lazımdır ki, Füzulidəki böyük aeroportdan sonra Zəngilan Beynəlxalq Hava Limanı qısa zaman kəsiyində inşa edilərək istifadəyə verilibdir. Qürurverici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev və qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu mühüm obyektin açılışında iştirak ediblər.

Qeyd edək ki, 27 illik işğal dönəmində erməni vandalları bu gözəl diyarın təkcə kəndlərini, məktəb və bağçalarını, məscid və mədəniyyət abidələrini, istisnasız olaraq bütün ev və binalarını dağıdıb viran qoymayblar, həm də zəngin təbii sərvətlərini vəhşicəsinə daşıyıb aparıblar. Oğurlaya bilmədiklərini yandırıblar.

İndi qarşıda duran vacib məsələlərdən biri də işğal dövründə məhv edilən ekosistemin bərpasıdır. Bəsitçay hövzəsi boyunca mövcud olmuş təbii çinar meşəsi Avropanın ən böyük, dünyanın isə ikinci ən böyük çinar meşəsi olub. Ermənistan həmin unikal çinar meşələrinə qarşı ekosid həyata keçirib. Azərbaycan xalqı bu sahədə də yaraları sağaltmaqla məşğuldur. Zəngilanın ekosisteminin bərpası üçün 20 min çinar ağacı və 1000 kiloqrama yaxın palıd toxumu əkilib. Bu sahədə düşünülmüş planlı işlər davam edir.

Hazırda Zəngilanda əhalinin məskunlaşması ilə paralel olaraq, dayanıqlı kənd təsərrüfatı, turizm sahəsi, xüsusilə ekoturizm və kənd turizminin inkişafına təkan verə biləcək layihələr uğurla həyata keçirilir. Bütün bunlar əhalinin məşğulluğunu təmin etmək, rifahını yüksəltmək üçündür.

Bəli, faktlar və reallıq göstərir ki, bir vaxtlar ermənilərin vandalcasına yandırdığı, talayıb apardığı, bir sözlə viran qoyduğu ərazilərdə – Zəngilan rayonunda bu gün qəlbləri doğma yurd yerlərini yenidən abad etmək, qurub-yaratmaq eşqi ilə dolu olan insanların həyat eşqi coşub-daşır. Ona görə ki, bu torpağın həqiqi sahibləri əbədi olaraq qayıdıblar.

Məsaim ABDULLAYEV
XQ





Sosial həyat